2014-ün avqustundan 2016-nın mayına qədər futzal üzrə millimizin və “Araz”ın baş məşqçisi olan Tino Peres İtaliya çempionu olub. Belə ki, İtaliyanın “Acqua e Sapone” komandasını çalışdıran təcrübəli mütəxəssis ölkəmizdən sonra növbəti titulunu qazanıb. Onun rəhbərliyi altında komandası pley-off seriyasında “Luparense”ni qabaqlayıb. Bununla da Çempionlar Liqasında iştirak edəcək 54-cü komandanın adı dəqiqləşib.
Ümumilikdə 59 komandanın qalib adı uğrunda yarışacağı liqada 5 ölkəni - Türkiyə, Gürcüstan, İrlandiya, Farer adaları və Lixtenşteyni hansı komandanın təmsil edəcəyi hələ bilinmir.
Məlumat üçün qeyd edək ki, “Araz” mübarizəyə yenə əsas mərhələdən başlayacaq. Buna qədər cari ildə, avqustun 28-dən sentyabrın 2-dək ilkin mərhələnin oyunları keçiriləcək. Əsas mərhələ oktyabrın 2-dən 7-dək, elit raund noyabrın 13-dən 18-dək təşkil ediləcək. “Dördlər finalı” aprelin 25-27-si və ya 26-28-i tarixlərində keçiriləcək. Püşkatmaya gəlincə, iyulun 5-də ilkin və əsas, oktyabrın 14-də elit mərhələnin iştirakçıları rəqiblərini tanıyacaq.