“Bəlli səviyyəyə çatmaq üçün onlar kimi düşünməli, həyatımızı onlar kimi qurmalıyıq”
AFFA-nın bayrağı altında keçirilən müxtəlif yaş qrupları üzrə çempionatlarda mövsüm mayda bitsə də, “Qəbələ”nin aşağı yaş qrupları istirahətə bir qədər gec yollanmalı olublar. Səbəb isə “qırmızı-qaralar”ın U-17 və U-15 komandalarının uyğun olaraq Xorvatiya və Macarıstanda təşkil olunan turnirlərə qatılmasıdı. Artıq hər iki yarış başa çatıb. “Qəbələ”nin Futbol Akademiyasının meneceri Nail Kərimovla söhbətdə komandaların çıxışını dəyərləndirməsini və bizi maraqlandıran başqa sullara cavab verməsini istədik.
- Öncə U-17 komandanızın Xorvatiyadakı çıxışını dəyərləndirərdiz.
- Əvvəlcə onu qeyd edim ki, Xorvatiyada təşkil olunan turnir ardıcıl 66-cı dəfə keçirilir. Avropanın ən uzunömürlü turnirlərindən biridi. Təşkilatçı tərəf yarışa qatılan bütün komandaların xərclərini öz üzərinə götürmüşdü. Qrupda 3 oyun keçirdik. İlk turda həvəskar komanda ilə qarşılaşdıq. Ancaq sonradan öyrəndik ki, heyətlərində regionun peşəkar klublarında forma geyən oyunçular var. Buna baxmayaraq, onları məğlub etdik. “Domjale” və “Osiek”lə görüşlər bərabər səviyyədə keçdiyindən hər iki qarşılaşmada “sülh” qeydə alındı. Qrup matçlarının oyunlarından sonra heç-heçə etdiyimiz hər iki komandanın baş məşqçiləri ilə söhbət etdik. Onlar “Qəbələ”nin sürətli və aqressiv oyun sərgilədiyini qeyd etdilər. Öz ölkələrində belə oyun nümayiş etdirən komandalarla qarşılaşmadıqlarını vurğulayıb, bunun onlar üçün mənfi hal olduğunu da söylədilər. Eşitdiyim xoş sözlərə görə sevindim. Ancaq qarşı tərəfin fikilərindən sonra öz-özümə bunları dedim: sanki bizim çempionat daha maraqlıdı... Daha bilmirlər ki, bizim U-17 komandamız sona 4 tur qalmış çox böyük xal fərqi ilə çempion oldu. Rəqabətsizlik fonunda inkişaf etmək qeyri-mümkündü. Onu da deyim ki, qışdan sonra heyətin əksər üzvləri U-19-a və əvəzedici heyətə cəlb olunmuşdular. Qrup ikincisi kimi 1/4 finala vəsiqə qazansaq da, “Olimpiya”ya minimal hesabla məğlub olduq. Sloveniya təmsilçisi ilə görüşdə uşaqlar 60 dəqiqə başabaş mübarizə apardılar. Ancaq ehtiyat oyunçular skamyasında meydana çıxıb oyunu gücləndirəcək futbolçu olmadığından son dəqiqələr rəqibin üstünlüyü şəraitində keçdi. Zədə səbəbindən 3 əsas futbolçumuzun xidmətindən yararlana bilməməyimiz də özünü göstərdi. Azərbaycan futbolunun bəlası olan fərdi səhvdən isə qapımızda qol gördük. Turnirin axarı bizə başqa bir şey də göstərdi. Artıq ikinci oyun günündə futbolçularımız elə bil zədə epidemiyasına tutuldu. Bir-bir sıradan çıxmağa başladılar.
- Niyə?
- Çünki bizim uşaqlar belə tempə, ardıcıl oyunlara öyrəşməyiblər. Həftədə bir çempionat oyununa çıxan komandadan nə gözləmək olar? Həftəiçi bir dəfə də ya ikitərəfli oyunda üz-üzə gəlirlər, ya da məcburiyyətdən akademiyanın komandaları öz aralarında qarşılaşırlar. Bəzən komandanın keçirdiyi ikitərəfli oyunun səviyyəsi çempionat qarşılaşmasından üstün olur. “Olimpiya” isə belə gərgin təqvimdə oynamağa öyrəşib. Orda zədələnən uşaqları geri qayıdandan sonra müayinə etdirdik. Məlum oldu ki, ciddi heç nə yoxdu, sadəcə, ardıcıl 2-3 oyunun yükünə, belə deyək, tempinə dözməyiblər. Belə turnirlərə yollanmaq çox vacibdi. Mənim üşün əsas məqam meydandakı intizam idi. Taktiki cəhətdən düzgün oynayırdıq. Yenə deyirəm, əsas çatışmazlıq fərdi səhvlərlə bağlıdı. Uzun illərdi bundan əziyyət çəkirik.
- Yəqin ki, belə turnirləri Avropa klublarının skautları da izləyir. “Qəbələ”nin müxtəlif yaş qrupları bu qədər turnirlərdə iştirak etsə də, nədənsə Avropa klublarının maraq dairəsinə düşmürlər. Səviyyə aşağıdı, yoxsa başqa səbəblər var?
- Yaş qrupundan asılı olmayaraq, bütün turnirlərdə təşkilatçılar çəkiliş aparır və hansısa kluba lazım olanda onlara göndərirlər. Belə yarışlarda təşkilatçılar ilk gündən iştirakçı komandaların qarşısına daha bir şərt qoyur. Uşaq bütün oyunlarda eyni nömrə altında çıxış etməlidi. Bunun da səbəbi məhz skautlardı. Seleksiyaçılar bir oyunda hansısa oyunçunu bəyəniblərsə, nömrəsini qeyd edir, növbəti matçlarda yenidən ona göz qoyurlar. Ümumiyyətlə, Avropada transfer məsələsinə bir qədər fərqli yanaşırlar. Heç bir halda bir turnirə görə qərar verib futbolçu transfer etmirlər. Onlar turniri izləyirlər və qeydlərini götürüb gedirlər. Hansı futbolçu onlarda maraq yaradıbsa, onu bir neçə il ərzində izləyirlər. Maraq dairələrinə düşən uşaq qarşıdakı illərdə inkişaf tempini göstərərsə, artıq ciddi şəkildə iş görməyə başlayırlar. Bizimkilərin ölkə xaricinə çıxması həddən artıq çətindi. Bura bizim həyat tərzimizdən tutmuş, kənardan xırda görünüb əslində böyük detal olan başqa nüanslar da daxildi. Adi viza məsələsi belə bizimkilərə müəyyən çətinliklər yaradır. Bundan başqa, soruşurlar ki, xaricdə oynayan futbolçularınız kimlərdi? Bu suala nə cavab verəsən? Biləndə ki, xaricdə özünü doğrultmuş oyunçumuz yoxdu, geri çəkilirlər.
- U-17-nin ardından U-15 komandanız Macarıstanda təşkil olunan Qallini Dünya Kubokunda iştirak etdi. Budapeşt səfəri ilə bağlı da fikirlərinizi bilmək istərdik.
- Hər birində 3 komanda olmaqla turnir iştirakçıları 4 qrupa bölünmüşdü. İlk görüşdə yerli “Dinamo Star”a qalib gəldik. Bu komanda ölkəsinin 2-ci divizonunda mübarizə aparsa da, baxırsan ki, çox gözəl təşkilatlanıblar. Ola bilsin, sadə formada meydana çıxırlar. Ancaq hiss olunur ki, insanlar komanda yaratmağı bacarırlar. Onları bu gün bizim birinci diviziona buraxsan, yüksək yerlər uğrunda oynaya bilərlər. Ardınca “Venetsiya” ilə qarşılaşdıq. İtaliya təmsilçisinin əsas komandasının hansı divizionda mübarizə apardığını bilməsəm də, bizə qarşı oynayanlar ölkəsinin müvafiq yaş qrupunun liderlərindən sayılır. Hesabda önə çıxmağımıza baxmayaraq, fərdi səhvlərdən məğlub olduq. 1/4 finalda “Udineze” ilə qarşılaşdıq. Etraf edirəm ki, onlarla görüşdə heç bir şansımız yox idi. Lap oyunun əvvəlində qol vurmağı bacarsaydıq belə, sonda yenə qalib gələn tərəf italyanlar olacaqdı. Rəqiblə aramızdakı səviyyə fərqi aşkar hiss olunurdu. Bu gün “Udineze” ilə başabaş oynaya biləcək gücdə deyilik. Biz hazırda kiçik futbol ölkələri ilə rəqabət apara bilərik. Bizim bu gün məqsədimiz ”Domjale” ilə başabaş oynamaqdı. Bunu bacaranda fikirləşirəm ki, bəli, bizdə də müəyyən irəliləyiş var. 5-ci yer uğrunda qarşılaşmada Macarıstanın aparıcı klublarından biri olan “Uypeşt”in müfaviq yaş qrupu ilə üz-üzə gəldik və məğlub olaraq turniri 6-cı pillədə başa vurduq. Bir məqamı qeyd etmək istəyirəm. Artıq bizim uşaqlarda da özünəinam yaranıb. Daha 3-5 il əvvəl kimi beynəlxalq turnirlərə yollanada qorxmurlar, özlərini itirmirlər. Ola bilsin, İtaliya və ya Avropanın başqa aparıcı futbol ölkələrinin təmsilçiləri ilə aramızda səviyyə fərqi var. Əsas odu ki, vaxt ötdükcə, pilə-pillə də olsa, onlara çatmağa çalışırıq. Bizə yaxın ölkələrlə səviyyəmizi bərabərləşdirəndən sonra artıq “yuxarılar”a çatmaq barədə düşünmək olar.
- “Qəbələ” artıq neçə illərdi uşaq futboluna belə yüksək səviyyədə diqqət ayırır, komandaları tez-tez ölkə xaricinə yollanır. Avropanın aparıcı futbol ölkələri ilə eyni səviyyədə oynamaq üçün daha neçə il gözləmək lazımdı?
- Bu tək bizdən asılı deyil. Qeyd etdiyiniz bəlli səviyyəyə çatmaq üçün idarəçi kimi mən, məşqçi, klubdakı aşpaz, psixoloq, tərbiyəçi müəllim, valideyn işə fərqli yanaşmalı, onlar kimi düşünməli, həyatımızı onlar kimi qurmalıyıq. Bu tək Nailin və ya Rəşadın təkbaşına 3-5 ilə əmələ gətirə biləcəyi bir şey deyil. Belə əsaslı dəyişikliyə illər tələb olunur. Bu zəncirvarı prosesdi və hansısa halqa qırılarsa, mexanizm dayanacaq. Böyük futbol ölkələrinin aparıcı klublarının infrastrukturuna, iş bölgüsünə baxanda geri qalmağımızın səbəbini anlayırsan.
- Qarşıda sizi hansı turnirlər gözləyir?
- Bu yaxınlarda Çexiyanın paytaxtı Praqada 16 yaşa qədər futbolçular arasında turnir keçiriləcək. Bu yaş qrupunda Avropanın üç ən böyük və ən sanballı yarışlarından biridi. “Barselona”, PSJ, “Portu”, “Slaviya” kimi klubların təmsilçiləri də iştirak edəcək. Komandamız “Portu” ilə eyni qrupda yer alıb. Mənə “Portu” ilə oyundan çox qrupdakı digər rəqiblərimiz olan Çexiyanın “Jilina” və Yaponiya komandası ilə görüşlər maraqlıdı. Çünki Potuqaliya təmsilçisinin bizdən qat-qat üstün olduğunu bilirik. Lap bir dəfə onları udsaq belə, heç nə dəyişməyəcək. Bilirəm ki, bu təsadüfi qələbədi. Ancaq çexlər və yaponlarla qarşılaşmalarda uşaqlarımızın necə təsir bağışladığını görmək istəyirəm.
RƏŞAD