Aqil Məmmədov akademiyanın məşqçilərinə təqdim olundu
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” daha bir futbolçunun keçidini rəsmiləşdirib. Belə ki, “kimyaçılar” Donetsk “Şaxtyor”unun əvəzedici heyətinin üzvü Murad Xaçayevi birilliyə icarəyə götürüb. Qeyd edək ki, 20 yaşlı futbolçu U-21-in də şərəfini qoruyur.
Dünən isə “Sumqayıt” Futbol Akademiyasının toplantısı olub. “Kapital Bank Arena”nın konfrans zalında baş tutan iclasda klubun idman direktoru Zamiq Hüseynov və əsas komandanın baş məşqçisi Nazim Süleymanov da iştirak edib. Öncə akademiyanın baş əlaqələndiricisi vəzifəsinə təyin edilən Aqil Məmmədov məşqçi heyətinə təqdim olunub. Xatırladaq ki, Aqil bəyin akademiyaya rəhbərlik edəcəyini ötən saylarımızın birində xəbər vermişdik. Daha sonra növbəti mövsüm üçün akademiyanın iş prinsipi müəyyənləşdirilib, məşqçilərin fikir və təklifləri dinlənilib. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, müxtəlif yaş qruplarında çalışacaq məşqçilərin adlarına gələn həftə aydınlıq gələcək.
RƏŞAD