Sənan Qurbanov üçün serb mütəxəssis
“Qəbələ” 2018/19 mövsümünün hazırlığına start verib. Ölkəmizi Avropa Liqasında təmsil edəcək “qırmızı-qaralar” iyunun 12-də Qəbələdə bir araya gəlib. Komanda ilk məşqi doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetirib.
Baş məşqi Sənan Qurbanovun rəhbərliyi altında gerçəkləşən məşqdə “Kəpəz”də icarə müddəti bitən Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə bu gün qoşulacaqlar. Onlar kimi əsas millinin üzvləri də ilk məşqə qatılmayıblar.
Komanda dünən iki məşqlə kifayətlənib. Futbolçular günün birinci yarısında fiziki təmrinləri yerinə yetirib. Günün ikinci yarısındakı məşq prosesi zamanı futbolçular həm fiziki hazırlıq keçib, həm də toplu çalışmaları yerinə yetirib.
Xatırladaq ki, iyunun 18-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniyaya - təlim-məşq toplanışına yollanacaq.
Bu arada “Qəbələ”nin məşqçilər korpusunda yenilik edilib. Serbiyalı Miloş Yevtiç bundan sonra “qırmızı-qaralar”ın uğurları üçün çalışacaq. O, komandanın fiziki hazırlıq üzrə çalışdırıcı funksiyasını yerinə yetirəcək. Mütəxəssis buna qədər ölkəmizdə “İnter”də (indiki “Keşlə”), Qazaxıstanda “Kayrat”da, həmçinin Gürcüstan millisində fəaliyyət göstərib.