Dario Federiko “ağ-qaralar”a xidmət edəcək
Ölkəmizi Avroliqda təmsil edəcək “Neftçi”də bir neçə gün öncə baş məşqçi təyinatı gerçəkləşdi. Qarşıdakı iki ildə “ağ-qaralar”ı Roberto Bordin çalışdıracaq. Daha öncə “Şerif”in baş məşqçisi olan çalışdıran italiyalı mütəxəssis Moldova klubu ilə bir sıra uğurlara imza atmışdı. Onun həmin nəticələri “Neftçi”də gerçəkləşdirə bilib-bilməyəcəyini zaman göstərəcək. Təbii, Bordinin Avroliqa ərəfəsində hazırlıq planı, heyətlə bağlı atacağı addımlar, kimlərlə yola davam etmək istəyəcəyi açıq qalan məsələlər idi. Artıq bu yöndə bir çox suallara aydınlıq gəlib. Dünən klub saytında sadaladığımız məqamlar haqda məlumatlar yer aldı.
Əvvəl Bakı, sonra Türkiyə
Başlayaq "Neftçi”nin qarşıdakı toplanışından. Hazırda istirahətdə olan paytaxt təmsilçisi iyunun 17-də təlim-məşq bazasında bir araya gələcək və Bordinin rəhbərliyi altında ilk məşqə çıxacaq. Artıq dünəndən futbolçular tibbi müayinədən keçməyə başlayıb. Flaqman iyunun 22-nə qədər paytaxtda məşqləri davam etdirəcək. Daha sonra hazırlıq prosesinin növbəti mərhələsi üçün Türkiyəyə yola düşəcək. İyulun 6-dək Topuk yaylası bölgəsində baş tutacaq təlim-məşq toplanışında Bordinin yetirmələri 4 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi haqda yaxın günlərdə ətraflı informasiya veriləcək.
Yusifovu Həsənov əvəzlədi
"Neftçi” Bordini ictimaiyyətə təqdim etdiyi gün klubda daha bir ayrılıq gerçəkləşdi. Belə ki, Eldəniz Yusifov komandanın baş meneceri vəzifəsindən getdi. Artıq onun yerinə yeni təyinat da baş tutub. Baş menecer vəzifəsi Qədir Həsənova həvalə olunub. Qeyd edək ki, Həsənov 2010-cu ilin avqustundan etibarən "Neftçi”dədi və klubda müxtəlif vəzifələrdə çalışıb.
Tural və Dario “Neftçi”də
“Ağ-qaralar” növbəti mövsüm üçün ilk transferini rəsmiləşdirib. Tural Axundov birillik müqaviləyə imza atıb. 29 yaşlı cinah müdafiəçisi paytaxt təmsilçisinin heyətində “18” nömrəli formanı geyəcək. Əslində bu transfer gözlənilən idi. Hələ ötən mövsümün gedişində Axundovun adı “Neftçi” ilə yanaşı çəkilirdi. Beləcə gözlənilən keçid baş tutdu. Qeyd edək ki, Tural karyerası ərzində "Muğan”ın (39 oyun, 3 qol), "Rəvan”ın (54 oyun), "Simurq”un (63 oyun) və "Kəpəz”in (62 oyun, 11 qol) formasını geyib. Ötən mövsüm "Sumqayıt”ın heyətində çıxış edən müdafiəçi 32 görüşdə 4 qol vurub. Qurban Qurbanov milli komandaya baş məşqçi təyin olunandan sonra yığmaya da dəvət alan Axundov Belarus və Makedoniya ilə yoxlama görüşlərində meydana çıxıb.
Dünən günün ikinci yarısında isə Dario Federikonun keçidinin həllini tapdığı açıqlandı. Son mövsümü “Kəpəz”də keçirən 26 yaşlı braziliyalı 1 illik müqaviləyə imza atıb. Forvard yeni komandasında “10” nömrəli formanı daşıyacaq.
Üçü ilə müqavilə yeniləndi
Qeyd etdiyimiz transferlərlə yanaşı, ötən mövsüm "Neftçi”nin heyətində çıxış edən üç futbolçu ilə müqavilə yenilənib. Hələ bir müddət öncə komandanın kapitanı Ruslan Abışovun daha iki il flaqamanın şərəfini qoruyacağını xəbər vermişdik. Artıq tərəflər münasibətləri rəsmiləşdirib. Həmçinin Məhəmməd Mirzəbəyov daha 1 il "ağ-qara” formanı geyəcək. Kiril Petrovla isə “1+1 il” şərti ilə müqavilə yenilənib. Maraq üçün qeyd edək ki, ötən mövsüm Abışov 30 oyunda 5 qol, Petrov 24 görüşdə 1 qol vurub. Mirzəbəyov isə 23 oyunda meydana çıxıb.
Bordinin iki köməkçisinin adı bəlli oldu
Bordinin təqdimat məsələsində köməkçiləri ilə bağlı klub rəhbərliyinə sual ünvanlanmışdı. “Neftçi”nin prezidenti Kamran Quliyev bu məsələyə həssas yanaşdıqlarını, italiyalının məşqçi korpusunda yerlilərin olacağını demişdi. Artıq Bordinin daha iki köməkçisi müəyyənləşib. Bunlardan biri ötən mövsüm "Səbail”in U-17 komandasının baş məşqçisi kimi gümüş medal qazanan Füzuli Məmmədov, digəri isə qapıçılar üzrə məşqçi vəzifəsini yerinə yetirəcək Etibar Tarıverdiyevdi. Hər iki mütəxəssislə birillik müqavilə imzalanıb. Məmmədov UEFA-nın A, Tarıverdiyev isə B kateqoriyalı məşqçisidi. Onu da bildirək ki, fiziki hazırlıq üzrə məşqçi italiyalı Andrea Vezzu olacaq.
FARİZ