“Qələbəyə inansalar da, bu hesabı gözləmirdilər”
Yığmanın yoxlama oyunlarını “CBC Sport” canlı yayınladı. Hətta Şəmsəddin Abbasov komanda ilə birgə Qazaxıstana, ordan da Latviyaya yolanmışdı. Telekanalın baş redaktoru hər iki oyunu birbaşa stadiondan şərh etdi. Dünən Abbasovla əlaqə saxlayıb, səfər təəssüratını öyrəndik: “Qazaxıstanla oyundan sonra ab-hava o qədər də yaxşı deyildi. Ancaq etiraf etmək lazımdı ki, həmin qarşılaşmanın nəticəsinin bizim gənc oyunçulara xeyri dəydi. Çünki onlar anlamalıdı ki, Millətlər Liqasının D divizionunda reytinqdə zəif komandaların iştirak etməsinə baxmayaraq, həmin yığmalar hər an güclərini göstərə bilərlər. Necə ki, bunu qazaxlar göstərdi. Lakin faciəvi bir şey yoxdu. Astanadakı görüşdə əsasən də müdafiə xəttində eksperimental heyət meydana çıxmışdı. Düzdü, 0:3 hesabı ilə məğlub olmaq xoş deyildi. Bu ondan xəbər verir ki, ehtiyat qüvvəmiz o qədər də yaxşı deyil. Futbolçular həmin məğlubiyyətdən sonra Latviya ilə görüşdə daha yaxşı nəticə göstərməli olduqlarını başa düşürdülər. Yaxşı ki, bu nəticə gəldi. Biz də Millətlər Liqasından öncəki son oyunumuzda qələbə qazandıq. İlk oyunumuzda Kosovo ilə qarşılaşacağıq və mən o yığmanı təkcə qrupumuzun yox, D divizionunun favoriti sayıram. Onların oyunçularının hansı çempionatlarda çıxış etdiyini unutmayaq. Bəzi futbolçularımızda hiss olunur ki, Millətlər Liqasına arxayın baxırlar. Bu heç də belə deyil və qazaxlarla oyun da bunu göstərdi. Ümid edək ki, hər şey bizim üçün yaxşı nəticələnəcək. Başa çatan toplanılş isə komandamızda xarakterin olduğunu göstərdi. Razılaşaq ki, o cür məğlubiyyətdən sonra toparlanıb inamlı qələbə qazanmaq asan məsələ deyil. Həmçinin Qurbanovun B planının olduğunu da gördük. Çünki iki yoxlama oyununda heyət fərqli idi. Bundan başqa, qolları fərqli epizodlarda vurduq. Bu məqama da diqqət yetirmək lazımdı. Onu da hiss etdim ki, 3:1 hesablı qələbədən sonra komandada eyforiyaya qapılan yox idi. Çox arzulayardım ki, yığma Kosovodan öncə təlim-məşq toplanışı keçsin və heç olmasa, bir yoxlama görüşündə qüvvəsini sınasın. Lakin bunun heç də real görünmədiyini deməliyəm”.
Şəmsəddin bəy yığmamıza olan münasibət haqda bunları dedi: “Həm Qazaxıstanda, həm də Latviyada yığmamızdan çəkindikləri hiss olunurdu. Bu oyunlardan öncə məhz millimizi favorit sayırdılar. Astanadakı 0:3 hesablı yenilgidən sonra bu hesabla qələbə gözləmədiklərini bildirdilər. Düzdü, qalib gəlmək istəyirdilər. Özü də Qazaxıstanda da yeni baş məşqçidi. Eynilə bizdəki kimi, klubda uğurlar qazanan çalışdırıcı yığmadadı. Əksər oyunçuları “Astana”dan idi. Hansı ki, bu baş məşqçini yaxşı tanıyırdılar. Təkcə öz ölkələri üçün yox, baş məşqçi üçün də oynadılar. İnanılmaz dərəcədə hazırlıqlı şəkildə meydana çıxmışdılar. Hər bir futbolçu çox aqressiv görünürdü. İlk dəqiqələrdən oyuna o tərzdə başlamaları nəticəni gətirdi. Qazax həmkarlarımız qələbəyə inansalar da, bu hesabı gözləmirdilər. Bizim futbolçularda isə bəlkə də Qırğızıstan üzərindəki qələbənin təsiri var idi. Qazaxıstana ciddi yanaşmadılar və üstəgəl, müdafiədəki problemlər sözünü dedi. Ancaq gördük ki, komandamız hansısa oyuna köklənəndə rahat şəkildə qalib gəlməyi bacarır. Latviya ilə görüşün son dəqiqələrində qapımızda gördüyümüz qolun da arxayınlıqdan irəli gəldiyini düşünürəm. Latviyalı jurnalistlər komandalarının qalib gələcəklərinə ümid etsələr də, bunun asan olmayacağını bilirdilər. Heç-heçəni normal sayırdılar və bizim qələbəmizi istisna etmirdilər. Bu ölkələrdən olan həmkarlarımız daha çox bir-biri haqda məndən soruşurdular. Latviyada xüsusən qazaxlarla maraqlananların sayı çox idi. Aydın məsələdi ki, eyni qrupda olduqları üçün nələrsə öyrənmək istəyirlər. Millimizin Millətlər Liqasının favroiti olması fikri ilə qarşılaşmadım. Yalnız qazaxıstanlı həmkarlarımızdan biri qeyd etdi ki, sizin komandanız Millətlər Liqasının qalibi adına real namizəddi. Həmçinin Makedoniya, Kosovo və Gürcüstanın adı hallandı”.
FARİZ