Sizin reklam burada

“Qəbələ” Sloveniyaya yollanacaq

Title
“Qəbələ” Sloveniyaya yollanacaq
Beş futbolçu ilə müqavilə yeniləndi, Dabo vaxt istəyib
Ötən saylarımızın birində mövsümlərarası fasilədə təlim-məşq toplanışı keçmək üçün “Qəbələ”nin Sloveniya, Türkiyə və Gürcüstan arasında seçim edəcəyini bildirmişdik. Bununla bağlı qəzetimizə açıqlama verən “qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı son qərarı yaxın günlərdə açıqlayacaqlarını demişdi. Hər üç variantı gözdən keçirən rəsmilər sonda Sloveniyaya yollanmağa qərar verib. Xəbər verdiyimiz kimi, iyunun 12-də hazırlığa start verəcək şimallılar Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” ayın 18-dək məşqlərini doğma arenada gerçəkləşdirəcək. Birgünlük istirahətin ardından isə Sənan Qurbanovun baş məşqçisi olduğu komanda keçmiş Yuqoslaviya respublikasına yollanacaq. İyulun 7-dək Sloveniyada hazırlıq keçməyi planlaşdıran “qırmızı-qaralar” bu müddətdə 4 yoxlama oyunu keçirəcək. Bu matçlardakı rəqiblər dəqiqləşməsə də, oyunların keçiriləcəyi tarix məlumdu. Sənan bəyin yetirmələri iyunun 23-ü, 28-i, iyulun 1-i və 5-də meydana çıxacaq.
Bu arada isə ötən mövsümün gümüş mükafatçısı 5 futbolçu ilə müqavilə müddətini uzadıb. Bölgə təmsilçisi Cavid Hüseynov, Asif Məmmədov, Ürfan Abbasov, Rasim Ramaldanov və Aqil Məmmədovla yeni müqavilə imzalayıb. Futbolçuların hər biri 2018/19 mövsümündə də "qırmızı-qaralar"ın şərəfini qoruyacaq. “Neftçi”yə keçidi gündəmdə olan Baqali Dabo isə rəhbərlikdən düşünmək üçün vaxt istəyib. Qeyd edək ki, "Qəbələ" bir müddət öncə Dmitri Bezotosnı ilə də müqavilənin müddətini uzadıb.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.