“Sumqayıt” dörd futbolçu ilə münasibətləri rəsmiləşdirdi
2018/19 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" dünən danışıq apardığı bəzi futbolçularla müqavilə imzalayıb. "Gənclik şəhəri" təmsilçisi "Qəbələ"nin müdafiəçisi Yusif Nəbiyevi birilliyə icarəyə götürüb. 20 yaşlı futbolçu "Sumqayıt"da 2016/17 mövsümündə də icarə əsasında çıxış etmişdi. “Kimyaçılar”dan ayrılandan sonra icarə əsasında “Zirə”də top qovan futbolçu qışda Qəbələyə qayıtmışdı.
“Sumqayıt”ın rənglərinə bağladığı daha bir futbolçu isə Əfran İsmayılovdu. “Qarabağ”dan ayrılan yarımmüdafiəçinin “ağ-göylər”lə ortaq məxrəcə gəldiyini ötən saylarımızın birində xəbər vermişdik. Tərəflər dünən münasibətləri rəsmiləşdirib. Onunla birillik müqavilə imzalanıb. Əfran yeni komandasında da “22” nömrəli formanı geyəcək. Onunla yanaşı, “Qəbələ” ilə müqaviləsinin müddəti bitən və azad agent statusu daşıyan Elvin Məmmədovun da işsiz günləri çox çəkməyib. Tovuz futbol məktəbinin yetirməsi yeni komandası ilə birillik anlaşmaya imza atıb. “Kəpəz”in sabiq müdafiəçisi Şəhriyar Əliyev də qarşıdakı bir ili “gənclik şəhəri”nin təmsilçisində keçiriəcək. Şəhriyarın Sumqayıtın eyniadlı komandası ilə anlaşdığı bir neçə gün öncədən məlum idi və bu haqda sizlərə məlumat vermişdik.
Ötən həftənin cümə axşamı “Sumqayıt”a baş məşqçi təyin olunan Nazim Süleymanov isə hələ də köməkçilərinin adlarına aydınlıq gətirməyib və ya gətirə bilmir. Görünür, bir neçə il işsiz qalan, çalışdığı klublarda uğursuzluğa düçar olan Süleymanov üçün “Sumqayıt”ın təklifi gözlənilməz olub və o bu üzdən yeni çağırışa hazır deyil. Əks halda Nazim bəy də daim işləməyə hazır olan başqa mütəxəssislər kimi ilk gündən klub prezidenti Riad Rəfiyevin qarşısına köməkçilərinin adlarını qoyardı. Özünə köməkçi tapmaqda çətinlik çəkən baş məşqçinin rəhbərlik qarşısına transfer siyahısı qoyması isə absurd görünür. Heç şübhəsiz, Süleymanov da ”sözə baxan məşqçi” imici ilə barışanlardandı. “Sumqayıt”ın mövsümlərarası fasilədə heyətə qatdığı futbolçular da Riad Rəfiyevlə “kimyaçılar”ın idman direktoru Zamiq Hüseynovun əməyinin məhsuludu. Böyük ehtimalla baş məşqçinin köməkçilərinin kimlər olacağını da rəhbərlik müəyyənləşdirəcək. Bu məsələdə ilk işartılar görünür. Əldə etdiyimiz bilgiyə görə, növbəti mövsümdə “Sumqayıt”ın qapıçılarla işləyən məşqçisi karyerasını iki il əvvəl bitirən Elşən Poladov olacaq. Poladovu isə klub prezidentinə ortaq dostları tapşırıb. Böyük ehtimalla Süleymanov gözləyir ki, klub prezidenti digər köməkçilərini də müəyyənləşdirsin.
Sonda “ağ-göylər”in iyunun 25-də hazırlığa başlayacağını bildirək. Klubun mətbuat katibi Rəşad Məmmədovdan aldığımız bilgiyə görə, mövsümlərarası fasilədə ilk təlim-məşq toplanışı Sumqayıtda təşkil olunacaq. “Kapital Bank Arena”nın örtüyü dəyşidirildiyindən komanda Mehdi Hüseynzadə adına stadionda toplanış keçəcək.
RƏŞAD