“Dünya çempionatına gedən yolda sonuncu oyuna çıxıbmış kimi davranırdılar”
Yığmanın iyunun 5-də Qazaxıstan önündə darmadağın olması ciddi narazılığa və ümidsizliyə səbəb olmuşdusa, iki gün öncə Latviya ilə oyunda sərgilənən futbol və yekunda əldə olunan nəticə nikbin fikrə düşənləri “diriltdi”.
Meydan sahibləri önündə daha istəkli, hərəkətli və mübariz görünən milli üzvlərinə sanki motor qoşmuşdular. Qol vurmaqdan doymur, sanki qazaxların acığını latışlardan çıxmağa çalışırdılar. Halbuki yeni çalışdırıcı Miksu Patelaynenin dönəmində Latviya millisi Estoniya kimi güclü rəqibi məğlub etmiş, Litvayla heç-heçə oynamışdı. Yekunda əldə olunan 4 xal sayəsində “Baltik kuboku”na sahib çıxmışdılar.
Vaxtilə ölkəmizdə top qovan latviyalı futbolçuların sayı-hesabı yox idi. Onda millilərinin yaxşı vaxtları idi, oyunçularına da maraq çox idi. Yığmanın aparıcı üzvləri Maris Verpakovski, Andrey Rubin, Pavel Doroşev, Denis İvanov kimi təcrübəlilər, Kristap Qrebis, Kristian Torres kimi ortabablar Azərbaycanda legioner həyatı yaşayırdı. Adı çəkilənlərdən yalnız Torres iyunun 9-dakı matçın iştirakçısı idi. Başqaları isə, heç şübhəsiz, matçı kənardan izləyirdilər.
Onlardan biri də vaxtilə karyerasının 5 ilini “Qəbələ” və “Neftçi”də keçirmiş, 3 oyunda Latviya millisinin qapısını qorumuş Doroşevdi. 38 yaşlı qapıçı görüşü canlı izləyib, amma televizor qarşısında. Ona ünvanladığımız “yığmanız niyə bu qədər aciz göründü” sualına aldığımız cavab belə oldu: “Nə baş verdiyini mən də anlaya bilmədim. Enində-sonunda yorğunluğa görəydi. 10 gündə 3-cü oyuna çıxmaq uşaqları halsız etmişdi. Belə baxanda, Estoniya və Litva ilə görüşlərdə bundan qat-qat yaxşı təsir bağışlamışdılar. Estoniya kimi güclü rəqibi məğlub etməyi bacarmışdlar. Azərbaycanla görüş isə “proval” oldu. Mənə elə gəlir ki, hər şeydən əvvəl sizinkilər bu matça yaxşı hazırlaşmışdı. Qələbə qazanmağa hədsiz istəkliydilər. Dünya çempionatına gedən yolda sonuncu oyuna çıxıbmış kimi davranırdılar (gülür). Qazaxıstan – Azərbaycan matçına baxmışdım axı. Bir anlıq mənə elə gəldi ki, bu dəfə Qazaxıstan Azərbaycan yığmasıdı, Azərbaycan millisi isə Latviya. Siz Astanada nə çəkmişdizsə, həmin günə bu dəfə bizimkilər düşdü. Yığmanız Madrid “Real”ına oxşayırdı (gülür). Düzünü desəm, ən çox Qurban Qurbanova görə sevindim. Qazaxıstana yenilgidən sonra hamı üstünə gedirdi, hədsiz təzyiqlər vardı. Halbuki güclü məşqçidi, xarakteri var. Sadəcə, ona vaxt vermək lazımdı. 3-5 ay ərzində möcüzə yaratmaq mümkün deyil”.
Qurban Qurbanov demişkən, maraqlıdı, Doroşevin yığmamızın məşqçi və futbolçuları, xüsusən də vaxtilə “Neftçi”də çiyin-çiyinə oynadığı Araz Abdullayev, Cavid İmamverdiyev, Rahil Məmmədov, Ruslan Qurbanov ilə görüşmək imkanı olub: “Təəssüflər olsun ki, bu cür imkanı əldən verdim. Latviyada olsaydım, mütləq düşərgəyə baş çəkib hamıyla görüşəcəkdim. Amma hazırda Litvada legioner həyatı yaşayıram, “Atlantas”da əsas qapıçıyam. Hələ ki işlərimiz pis getmir, 3-cü pillədəyik. Görək yekunda necə olacaq. Kristian Torresə tapşırmışdım, məni tanıyanlara salamlarımı çatdırıb, Litvada olduğumdan onlarla görüşə bilmədiyimə görə üzrxahlıq etsin”.
HƏBİB