“Futbola baxışım aqressiv oyun üslubuna söykənir: 4-3-3”
Dünən “Neftçi”nin yeni baş məşqçisinin adı rəsmən açıqlandı. Gözlənildiyi kimi, “ağ-qaralar”ın “sükan”ı Roberto Bordinə tapşırıldı. Həm klub rəhbərliyinin, həm də italiyalı mütəxəssisin iştirakı ilə Bakı Olimpiya Stadionunda (BOS) müqavilənin imzalanma mərasimi və mətbuat konfransı keçirildi. Öncə onu qeyd edək ki, tədbir saat 16.00-a nəzərdə tutulmuşdu. “Neftçi” isə jurnalistlərin BOS-a rahat getməsi üçün metronun “Koroğlu” stansiyasından hərəkət edən avtobus ayırmışdı.
Beləliklə, elan olunan vaxtda mərasim start götürdü. Tədbirdə Bordin, “Neftçi”nin prezidenti Kamran Quliyev, idman direktoru Ceyhun Sultanov, eləcə də italiyalının tərcüməçisi iştirak edirdi. Əvvəlcə paytaxt klubunun Mətbuat və Marketinq Departamentinin rəhbəri Rüstəm Allahverdiyev hər kəsi Bordinin kareyrasına həsr olunmuş videoçarxı izləməyə dəvət etdi. Qeyd edək ki, burda əcənibi mütəxəssisin həm futbolçu, həm də məşqçi kimi karyerasını əks etdirən məqamlar var idi. Sonda isə Bordinin “Neftçi” haqda səsləndirdiyi müsbət fikirlər əks olunmuşdu. Daha sonra klub prezidenti ilə baş məşqçi rəsmi müqaviləni imzaladılar və bir-birinin əlini sıxdılar. Bu zaman Kamran bəy ona azərbaycanca “xoş gəldin” söylədi.
Kamran Quliyev bu təyinatla bağlı fikirlərini dilə gətirdi: “Bordinə “xoş gəldin” deyirəm. O, böyük futbol ölkəsindən gəlib. İtaliyalı mütəxəssislər dünyaya çoxdan səs salıblar. Danışıqlarımız uğurla yekunlaşdı. Bu həftənin 1-ci günü artıq görüşmüşdük. Prinsipcə dünən anlaşma əldə etdik, indi də imzaladıq. Müqaviləmiz 2 illikdi. İnanmaq istəyirəm ki, daha öncə çalışdığı ÇFR və “Şerif”lə yaşadığı çempionluğu “Neftçi”ylə də qazansın. Bizim üçün yeni səhifədi. İlk dəfədi ki, Azərbaycan klubu italiyalı mütəxəssisə həvalə olunur. İlk həmişə maraqlı olur. Bizi əvvəlcə Avroliqa, ardınca isə çempionat gözləyir. Bu yarışlarda yeni baş məşqçiyə həvalə olunmuş “Neftçi”ni görəcəksiz. Uğurlar arzulayırıq. Siz jurnalistlərin də yanaşması, təbii, onun işindən asılı olacaq. Əsas odu, baş məşqçimizin işinə real qiymət verəsiz”.
Daha sonra Bordin ilkin təəssüratlarını bölüşdü: “Hamınızı salamlayıram. İlk növbədə “Neftçi” klubuna, onun prezidentinə minnətdaram ki, mənə etimad göstərdilər. Bundan başqa, İtaliyadakı agentlərimə belə fürsəti mənə yaratdıqları üçün təşəkkür edirəm. Bilirəm ki, qarşıda bizi çətin mövsüm gözləyir. Ancaq bunu da bilirəm ki, ölkədə ən zəngin tarixə malik klub “Neftçi”di. Deməli, ən ambisiyalı kluba gəlmişəm. İstər klubun idarə heyəti olsun, istər inzibati heyəti, istərsə də futbolçular – hamısı ambisiyalı insanlardı. İnanıram ki, uğurlu olacağıq. Hə, onu da deyim ki, videoçarxa görə də təşəkkür edirəm. Bu görüntülər məni gənclik illərimə qaytardı. O vaxt daha cavan idim və saçlarım da uzun idi (gülür). Ancaq həyatdı, barışmalıyıq.
Ardınca media nümayəndələrinə sual vermək üçün imkan yaradıldı.
- “Neftçi”dən təklif alana qədər bu klub haqda məlumatınız var idi? Tərəflərin şərtləri də maraqlıdı...
- R.B.: Bəli, tanıyırdım. Avrokuboklardakı oyunlardan tanıyırdım. Milan “İnter”i ilə oynadıqlarını xatırlayıram. Görüşən kimi klub prezidenti ilə ortaq fikirlər səsləndirdik, bir-birimizi başa düşdük. Görüşümüz zamanı klub rəhbərliyi bizə “Neftçi”nin tarixi barədə də yetərincə informasiya verdi. Həmçinin klubun nailiyyətlərindən, məqsədlərindən danışdıq. Əlavə nəyəsə ehtiyac olmadı və təklifi qəbul etdim.
- Xəbəriniz varmı ki, sizdən öncəki baş məşqçi ilə müqavilənin uzadılmaması Müşahidə Şurasının və təsisçinin qərarı kimi təqdim olunmuşdu. Düşünmürsüz ki, sizin fəaliyyətinizə də prezident yox, məhz adı çəkilən qurumlar qərar verəcək?
- R.A.: Bizim namizədlərimiz çox idi. Sadəcə, hamısı ilə bağlı yuxarı instansiyalara məlumat verilir, ümumi yığıncaqda qərar çıxarılır və klub prezidenti həmin məşqçi ilə danışıqları tamamlayır.
- K.Q.: Qərarı ali orqan verir. Bizdə bunu sponsorlar və Müşahidə Şurası verir. Onların qərarı olmadan klub prezidenti nə müqavilə bağlaya, nə də xitam verə bilər.
- “Neftçi” tarixində heç bir əcnəbi mütəxəssis çempion ola bilməyib. Bunu bacarsaz, ilki gerçəkləşdirmiş olacaqsız. Bu faktdan xəbəriniz var?
- R.B.: Mən ambisiyalı insanam. İnanıram ki, gərgin iş nəticəsində “Neftçi”də uğur qazana biləcəm. Neçə illərdi ki, bu sahədəyəm. Bir neçə ölkədə çalışmışam. Məsuliyyətimi də tam dərk edirəm. Böyük sevinclə bu yükü üzərimə götürürəm.
- “Neftçi”dən təklif aldıqdan sonra komandanın oyunlarını izləmisiz? Hansı mövqelərə oyunçu transferinə ehtiyac görürsüz?
- R.B.: Komandanın bir neçə oyununu izləmişəm. Heyətlə bağlı məsələləri klub rəhbərliyi ilə qismən müzakirə etmişik. Az da olsa, dəyərləndirmə aparmışıq. Müəyyən fikirlərimiz var. İşin gedişində transfer mövzusunda rəhbərliklə fikir mübadiləsi aparmışıq.
- Transfer məsələlərində əcnəbi, yoxsa yerli futbolçular cəlb olunacaq?
- C.S.: Futbolçularla bağlı qərar tək məndən asılı olmayacaq. Sadəcə, təklif edəcəyik, baş məşqçi bəyənsə, gətirəcəyik. Kim komandaya xeyir verəcəksə, gətirməyə çalışacağıq. Ən əsası baş məşqçinin verəcəyi qərardı. Ancaq daxili bazardakı transferləri, demək olar, tamamlamışıq.
- K.Q.: Burda maliyyə şərtləri də, onlar da nəzərə alınmalıdı. Futbolçunun tarixçəsi də bizim üçün önəmlidi. Hər oyunçu “Neftçi”də çıxış edə bilməz. Bütün bunlarla bağlı idman direktorumuz məlumat toplayıb baş məşqçiyə təqdim edəcək.
- Qarşınıza çempionluq hədəfi qoyulub? Belədisə, sizə yaxşı tanış olan “Qarabağ”ı necə üstələyəcəksiz?
- R.B.: Son çempion “Qarabağ” olsa da, “Neftçi” də dəfələrlə çempion olub. Tarix bunu deyir. Klubun xeyli titulları var. Qarşıdan yeni mövsüm gəlir. Artıq keçmişdən yox, gələcəkdən danışmalıyıq. Biz də uğurlu olmağa çalışacağıq. Ancaq düşünmürəm ki, çətinliyi ancaq biz yaşayacağıq.
- “Şerif”dən tanıdığınız hansısa futbolçunu “Neftçi”yə gətirmək fikriniz var?
- R.B.: Əsas o deyil ki, kim, hansı ölkədən gələcək. Ən əsası odu ki, futbolçu komandamızın ruhuna uyğun gəlsin. Mənim üçün önəmli meyar budu.
- Moldova çempionu ilə müqayisə etsək, daha zəngin, yoxsa aşağı büdcəylə işləyəcəksiz?
- R.B.: Mənim vəzifəm baş məşqçi funksiyasını yerinə yetirməkdən ibarətdi. Bu sualı cavablamağım düzgün olmaz. Ümumi şəkildə isə deyə bilərəm ki, klub rəhbərliyi ilə birgə hədəflərə çatmağa çalışacağıq.
- Hazırda hər iki qapıçı azərbaycanlıdı. Əcnəbi qolkiperə ehtiyac duyursuzmu?
- R.B.: Bizdə 3 yerli qapıçı var ki, hamısından razıyıq. Onlardan biri 21 yaşa qədərdi. Əlavə əlcək sahibinə ehtiyac duymuruq.
- İtaliyalı mütəxəssislər etibarlı müdafiə futbolu ilə tanınırlar. “Neftçi” isə hücum futboluna üstünlük verən komanda kimi ad qazanıb. Hansı dəst-xətti seçəcəksiz?
- R.B.: Əmin olun ki, 11 oyunçunu müdafiəyə çəkməyəcəm. Futbola baxışım aqressiv oyun üslubuna söykənir: 4-3-3. Sözsüz ki, müəyyən epizodlarda dəyişikliklər edilə bilər. Ancaq hücum futbolunu sevirəm və tətbiq edirəm. Həmçinin oyundan-oyuna fərq olacaq. Lakin “avtobus” qoymayacağımı əminliklə deyirəm.
- Məşqçilər korpusunda neçə nəfər yer alacaq və yerli mütəxəssis olacaq?
- C.S.: Bir italiyalı məşqçi gəlib ki, o da fiziki hazırlıqla məşğul olacaq.Bordinin köməkçiləri arasında yerlilər də nəzərdə tutulub. Bu da bizim futbolun xeyrinədi.
- K.Q.: Biz bu məsələyə xüsusi önəm veririk. Odu ki, danışıqlar zamanı həmin məsələni qaldırmışıq. Yerli mütəxəssisin yanında olması mütləqdi
- Digər namizəd Şumuditsa bildirib ki, “Neftçi”nin büdcəsi o qədər aşağıdı ki, “Qarabağ”a rəqib ola bilməz.
- K.Q.: Bu, Bordinin təqdimat mərasimidi. Bu səbəbdən də başqa mövzulara toxunmağımız düzgün olmaz. Daha sonra bu suala cavab verə bilərik.
- “Şerif”dən ayrılmağınıza səbəb nə oldu?
- R.B.: “Şerif”lə uğurlu nəticələr əldə etdik. Sadəcə, özüm qərar verdim ki, iş yerimi dəyişim.
- Avroliqada mümkün uğursuzluq “vaxtım az olub” deməyinizə təkan verəcək?
- R.B.: Doğrudu, təsnifat mərhələsinə az vaxt qalıb. Ancaq çalışacağıq ki, zaman qısa olsa da, hazırlaşa bilək.
- Xəbəriniz varmı ki, 8 klubun tam yarısı eyni mənbədən maliyyələşir?
- R.B.: Premyer-liqanın iştirakçıları ilə tanış olmuşam. Ancaq məni maliyyə mənbələri yox, idmana dair suallar maraqlandırır.
- “Neftçi”də Sergey Kramarenko məktəbi fəaliyyətini dayandırdı?
- C.S.: Xeyr, bizdə belə bir məktəb fəaliyyət göstərmir. Ümumiyyətlə, heç bir klubda belə məktəb yoxdu. Düzdü, Kramarenko böyük ada malikdi. İstəyərik ki, həmin məktəb klubun nəzdində yox, ayrıca fəaliyyət göstərsin. Ordan çıxan qapıçılar isə “Kramarenko məktəbi”nin bəhrəsi sayılsın. Əks halda “Neftçi”nin yetirməsi sayılacaq.
- K.Q.: Moskvada Renat Dasayev məktəbi var. Ordan kifayət qədər futbolçular və qapıçılar çıxır.
FARİZ
DOSYE
Adı: Roberto Bordin
Doğum tarixi: 10.01.1965
Doğum yeri: Ez-Zaviya, Liviya
Vətəndaşlığı: İtaliya
Boyu: 172 sm
Ampluası: yarımmüdafiəçi
Baş məşqçi karyerası: Triestina (İtaliya, 2016), Şerif (Moldova, 2016-18)
Uğurları: iki dəfə Moldova çempionu (2016, 2017), Moldova kubokunun qalibi (2017), Moldova Superkubokunun qalibi (2017).