“Şahmatda oyunların 90 faizi heç-heçə bitir”
Müxtəlif idman növlərində idmançıların davranışı fərqlənir. Məsələn, peşəkar boksda döyüşdən əvvəl idmançıların özünü rəqibdən üstün tutması, həmkarını alçaltmağa, qıcıqlandırmağa və psixoloji təsir altına salmağa çalışması adi haldı. Bu, bir növ yazılmamış qanundu. Ancaq şahmatda bunun tam əksini görürük. Elit şahmatçılar hətta zəif rəqiblə görüşdə belə qalib gələrkən həmkarını tərifləyir, qələbənin heç də asan başa gəlmədiyini söyləyirlər. Di gəl ki, Maqnus Karlsen bu “ənənə”yə xilaf çıxdı. Dünyanın ən güclü şahmatçısı Norveç telekanallarından birində qonaq olarkən Şəhriyar Məmmədyarovla Sergey Karyakinin nəticəni öncədən razılaşdırdıqlarını söylədi və bunu da adı çəkilənlərin dost olmalarıyla əsaslandırdı. Nəzərinizə çatdıraq ki, həmyerlimizin rusla həm də işgüzar münasibətləri olub. Ötən il Karlsenlə Karyakin dünya şahmat tacı uğrunda mübarizə aparanda Şəhriyar dostunun sekundantı idi. Nəticənin öncədən razılaşdırılması ilə bağlı söhbətlərə əsas verən məqamlardan biri də budu.
Rusiya mətbuatı mövzuya soyuq yanaşmayıb. Həmkarlarımız Məmmədyarovla Karyakinin son 5 ildə keçirdikləri oyunların nəticələrini üzə çıxarıb. 2014-də Vüqar Həşimovun xatirəsinə Şəmkirdə keçirilən ilk superturnirdən bu yana tərəflər klassik şahmatda 16 dəfə qarşılaşıblar. Bunların 14-də heç-heçə qeydə alınıb. 2014-ün sentyabrında “ECC Open”də və bu il martda keçirilən İddiaçıların Turnirində Şəhriyar sevinən tərəf olub. Rapid və blitsdə isə əksər oyunlarda tərəflərdən biri qələbə qazanıb. Bu mənada Karyakinin nəzərəçarpan üstünlüyü var - 7:4.
Yeri gəlmişkən, Sergeyin meneceri Kirill Zanqalis “MATÇ” TV-yə verdiyi müsahibədə Maqnusun iddialarına maraqlı və əks dəlillə cavab verib: “Ümumiyyətlə, Karlsenin bu mövzunu qabartması qəribədi. Turnir vəziyyətinə görə hər iki şahmatçıya sərf edirsə, onlar yorulubsa və ya ağrıyırsa, tərəflər arasında belə centlmen razılaşması ola bilər. Bu da nadir hallarda baş verir. Maqnusa, sadəcə, belə cavab vermək olar: tutulmayan oğru deyil. Əminəm ki, Karlsenin də sekundantı elit şahmatçılardan biridi. Ancaq bu o demək deyil ki, onlar hər zaman bir-biriylə heç-heçə etməlidi. İddiaçıların Turnirində Vladimir Kramnikə Aniş Giri kömək edirdi. Belə çıxır ki, onların hər oyununun nəticəsi öncədən razılaşdırılır? İstənilən heç-heçəyə “razılaşdırılmış nəticə” damğasını vurmaq olar. Şahmat, ümumiyyətlə, bərabərliyin çox qeydə alındığı idman növüdü. Qarşılaşmaların 90 faizində qalib müəyyənləşmir. İndi mən Karlsendən soruşuram ki, niyə dünya çempionluğu uğrunda oyunlardan birindən sonra mətbuat konfransına gəlməmişdi? Niyə blits üzrə dünya çempionatında Karyakindən sonra ikinci yeri tutanda bütün təşkilatçılara hörmətsizlik edərək fəxri kürsüyə qalxmır? O, emosional insandı. Ona elə gəlir ki, bu oyunun nəticəsi əvvəlcədən razılaşdırılıb. Elədisə, xaç vursun. Sadəcə, o dünya çempionudu. Ona heç kimə yaradılmayan imkanlar verilib. Qəfildən könlünə bu partiyaya diqqət yetirmək düşüb. O, Useyn Boltdu. Təsəvvür edə bilmirəm ki, kimsə Karlsenə qarşı bu cür ittiham səsləndirsin. Bir daha xatırladıram, şahmatda oyunların 90 faizi heç-heçə bitir. Həmin məntiqlə, Məmmədyarovla Rəcəbovun partiyaları razılaşdırılır. Çünki onların bütün görüşləri heç-heçə bitir. Bəlkə də bir qarşılaşma istisna ola bilər. Buna bənzər çox nümunə çəkmək olar”.
Bu yerdə vaxtilə amerikalı dünya çempionu Bobbi Fişerin SSRİ şahmatçılarının ünvanına eyni ittihamı səsləndirdiyini xatırlatmaq yerinə düşər. Belə ki, 1962-də Kuraçaoda keçirilən İddiaçıların Turnirində ilk “3-lük”də keçmiş ittifaqın təmsilçiləri Tiqran Petrosyan, Pol Keres və Yefim Qeller yer alıb. Fişer isə 8 iştirakçı arasında 4-cü yeri tutub. O zaman Bobbi SSRİ şahmatçılarının aralarındakı oyunların nəticəsini razılaşdırdıqlarını iddia etmişdi. Məsələ burasındadı ki, həmin yarışda SSRİ-dən daha iki zəka sahibi – Viktor Korçnoy və Mixail Tal da qüvvəsini sınayıb.