Sizin reklam burada

AFFA “Mil-Muğan”ın maaşına “stop” qoyub

Baxış Sayı:917

AFFA “Mil-Muğan”ın maaşına “stop” qoyub
İmişli stadionunun işığı 1000 manat borca görə kəsilib
Birinci divizionda mövsüm mayın 5-də bitsə də, 8-ci yeri tutan və AFFA-dan maliyyələşən “Mil-Muğan”ın futbolçuları, məşqçilər korpusu hələ də aprelin maaşlarını almayıblar. Kluba yaxın mənbədən bizə ötürülən bilgiyə görə, İmişli təmsilçisi ilə müqayisədə eyni “bulaqdan su içən” “Zaqatala” və Turan Tovuz” onlara ayrılan əməkhaqqını vaxtında alıblar. “Mil-Muğan”ın futbolçularını da narahat edən məhz bu məqamdı. Onlar ayrı-seçkiliyin səbəbini başa düşmürlər. Mənbəmiz onu da bildirdi ki, pulsuzluq səbəbindən kommunal xərclər də ödənilməyib. Və bunun da nəticəsi kimi İmişli stadionunun işığı kəsilib.
Məsələyə aydınlıq gətirmək üçün “ağ-yaşıllar”ın prezidenti Mirheydər Səfiyevi aradıq: “Maaşla bağlı müəyyən gecikmə var. Məsələ ilə bağlı AFFA rəsmiləri, maliyyə işlərinə baxan şəxslər ilə danışmışam. Bildirdilər ki, assosiasiya rəhbərliyi hazırda milli ilə birgə səfərdə olduğundan əməkhaqqı ləngiyir. Rəsmilər geri qayıdandan sonra problem həll olunmalıdı. Biz də ümid edirik ki, tezliklə futbolçuların və məşqçi korpusunun əməkhaqqı ödəniləcək”.
Yayılan söz-söhbətə inansaq, AFFA-nın “Mil-Muğan”ın pulunu köçürməməsinin özəl səbəbi var. Belə ki, İmişli təmsilçisinin adı oyun alğı-satqısında hallandığından araşdırma aparılır və buna görə də maaşlara “stop” qoyulub. Hətta “Xəzər”lə oyunun nəticəsindən şübhələnən assosiasiya rəsmiləri “ağ-yaşıllar”ın baş məşqçisi Xalıq Mustafayevi və heyətdə yer alan, ancaq adını dəqiqləşdirə bilmədiymiz qapıçılardan (Çərkəz Həsənov, Əzəmət Museybov, Samir Quliyev) birini AFFA-ya dəvət edərək, izahatlarını alıblar. Amma Səfiyev deyilənləri təkzib etdi: “Mənim heç nədən xəbərim yoxdu. Baş məşqçimizi harasa dəvət etsəydilər, yəqin ki, mənə də nəsə deyilərdi. Bu məlumatları hardan əldə etdiyinizi deyə bilmərəm. Ancaq söylədiklərinizin heç biri düz deyil”.
“Mil-Muğan”ın prezidenti ilə söhbətdə stadionunun işığının kəsilməsi məsələsinə də toxunduq: “Arenanın işığının kəsilməsi düzdü. Artıq bir neçə gündü enerji təchizatı dayandırılıb. Bunun da səbəbi istifadə etdiyimiz enerjinin pulunu ödəməməyimiz və müəyyən qədər cəriməmizin olmasıdı. İcra Hakimiyyətinin və ya AFFA-nın bu məsələyə heç bir aidiyyatı yoxdu. Stadion özəldi, problemi də özümüz həll etməliyik. Borca gəlincə, məbləğ təxminən 1000 manata yaxındı. Bu gün-sabah ödəniş edib, hər şeyi yoluna qoyacağıq”
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR