Yoldaşlıq oyunu
239. Qazaxıstan - Azərbaycan 3:0 (2:0)
1. Nenad Eriç
2. Sergey Malıy
18. Dmitri Şomko (k)
(16. Qafurjan Suyumbayev, 52)
4. Yevgeni Postnikov
21. Abzal Beysebekov
5. İslambek Kuat
(23. Yuri Loqvinenko, 69)
7. Serikjan Mujikov
(19. Baxtiyar Zaynutdinov, 63)
9. Baurjan İslamxan
(6. Yan Voroqovski, 89)
11. Erkebulan Tunqışbayev
(10. Georgi Jukov, 52)
14. Roman Murtuzayev
13. Aleksey Şotkin
(15. Baurjan Turusbek, 82)
Ehtiyat oyunçular
12. Vladimir Plotnikov
3. Nurəli Alip
8. Maqomed Paraqulqov
20. Maksim Fedin
22. Vyaçeslav Şviryov
Baş məşqçi: Stanimir Stoilov
1. Kamran Ağayev (k)
21. Təmkin Xəlilzadə
5. Maksim Medvedev
15. Ruslan Abışov
(30. Rahil Məmmədov, 73)
29. İlqar Qurbanov
(26. Ürfan Abbasov, 46)
2. Qara Qarayev
13. Dmitri Nazarov
(18. Coşqun Diniyev, 46)
22. Mahir Mədətov
16. Cavid Hüseynov
(25. Cavid İmamverdiyev, 63)
7. Araz Abdullayev
(9. Namiq Ələsgərov, 63)
10. Ruslan Qurbanov
(11. Ramil Şeydayev, 72)
Ehtiyat oyunçular
12. Anar Nəzirov
23. Səlahət Ağayev
3. Slavik Alxasov
4. Pavel Paşayev
6. Bədavi Hüseynov
8. Emin Mahmudov
17. Rəhman Hacıyev
19. Amil Yunanov
28. Ufuk Budak
Baş məşqçi: Qurban Qurbanov
Qollar: R.Murtuzayev, 12 (1:0). S.Mujikov, 14 (2:0). B.Zaynutdinov, 90 (3:0).
Vərəqələr: T.Xəlilzadə, 35. Y.Tunqışbayev, 48. G.Jukov, 90+2 – sarı.
Hakimlər: ALEKSANDR TYAN, Andrey Bodyan, Viktor Mardari, Dmitri Muntyan (hamısı Moldova).
5 iyun. Astana. Astana Arena. 22500 tamaşaçı.
Yığma cəmi bir həftə əvvəl Qırğızıstanı 3:0 yenmişdi və aramızdan bəziləri rəqibə rişxənd edərək “sən get, böyüyün gəlsin” demişdi. “Buynuzsuz qoçun qisası buynuzlu qoçda qalmadı” – Qazaxıstan çərşənbə axşamı futbolçularımızı kötəklədi. Elə 3 cavabsız qolla məğlub olduq. Hadisələri qabaqlayaraq təəssüflə demək lazımdı ki, nəticə məhz oyuna görə idi. Komandamızın ifasında son vaxtların ən zəif çıxışlarından birini izlədik. Millətlər Liqası ilə bağlı xəyallarımız ən azı indilik suya düşdü. Görək Qurban Qurbanov dağılmış komandanı toparlaya biləcəkmi?
Qazaxıstanla görüş Qurbanovun yığmanın “sükanı arxasında” 5-ci sınağı idi. Moldova (0:0) və Makedoniya (1:1) ilə Antalyada üz-üzə gələn milli Qırğızıstandan başqa Belarusu (0:1) da evdə qəbul etmişdi. Bir sözlə, Qurbanovun yetirmələri keçirdiyi yoldaşlıq oyunlarında iki heç-heçə edib, 1 qələbə qazanıb, 1 dəfə məğlub olmuşdu. Ümumiyyətlə isə çərşənbə axşamı baş tutan görüş bu rəqiblə 10-cu duel idi. İndiyəqədərki 9 oyundan 4-də bərabərlik qeydə alınmış, 2 dəfə qalib gəlmiş, 3 dəfə məğlub olmuşduq. Dördüncü yenilgi darmadağınla qeydə alındı. Hər dəfə fərqli heyətə güvənən, öz təbirincə desək, hələ də seçim aparan və kimə güvənəcəyini müəyyənləşdirməyə çalışan Qurban Qurbanov Qazaxıstanda da şakərindən əl çəkmədi. Halbuki “Astana Arena”da artıq optimal “11-liy”i meydanda görəcəyimizə ümid edirdik. Təcrübəli mütəxəssis start heyətində əsasən “Qəbələ”lilərə üstünlük vermişdi. Hər halda, Təmkin, Cavid, İlqar və Ruslan ilk dəqiqələrdən meydanda idi. Bundan başqa, “çərçivə”ni Kamrana həvalə edən Qurbanov yarımmüdafiənin cinahlarını Arazla Mahirə tapşırmış, müdafiənin mərkəzində Medvedevlə Abışova etibar etmişdi. Orta sahədə isə Cavidlə yanaşı, Qara və Dmitri yer almışdı. Başqa sözlə, komanda meydana əsasən yaradıcı futbolçuların üstünlük təşkil etdiyi “11-lik”lə çıxmışdı. Ancaq sən saydığını say, gör fələk nə sayır... Qazaxıstan artıq 14-cü dəqiqədə tablodakı 2 “sıfır”ı 2:0-a dəyişmişdi. Hərçənd hələ ilk dəqiqə tamam olmamış hesab açıla bilərdi. Baxmayaraq ki, oyuna komandamız başladı. Dərhal da pressinq tətbiq edib hücum quran meydan sahiblərindən Şotkinin son anda həlledici zərbə vurmasına Maksim əngəl oldu. 8-ci dəqiqədə Murtuzayev sağ cinahda İlqarı keçib qapı qarşısına ötürmə etdi ki, bu dəfə Təmkin hesabın açılmasına imkan vermədi. Artıq həyəcan təbili çalınmaqdaydı və bu gedişlə qol özünü çox gözlətməyəcəkdi. Belə də oldu. 12-ci dəqiqədə rəqib cərimə zərbəsindən sonra hesabı açdı. İslamxanın aut xəttinin yaxınlığından cərimə meydançasına göndərdiyi topu Murtuzayev başla tora qovuşdurdu. Gözləmək olardı ki, yığma buraxılan topdan sonra ayılacaq. Amma əksinə, bu qol soyuq duş effekti verdi. Cəmi 2 dəqiqə sonra qazaxlar millini növbəti dəfə cəzalandırdı. Bu dəfə komanda yoldaşından ötürmə alan Mujikov cərimə meydançasına daxil oldu və orda bir “kişi” onun qarşısını kəsə bilmədi. Bir hərəkətlə Abışov və Medvedevdən yayınan yarımmüdəçi Kamrana heç bir şans vermədi.
Yığmamız topu ilk dəfə 17-ci dəqiqədə rəqibin cərimə meydançasına daşıya bildi. Mahir cinah reydindən sonra topu uzaq dirəyə doğru ünvanladı. Di gəl ki, burda nəzarətsiz qalan Araz şansı dəyərləndirə bilmədi. Qazaxıstan hissənin sonlarına doğru daha iki təhlükə ilə yadda qaldı. 31-ci dəqiqədə Maksimin kobud səhvi az qala qolla nəticələnəcəkdi. Kamran vaxtında irəli çıxıb təhlükənin böyüməsinə imkan vermədi. 37-ci dəqiqədə isə Qara mərkəzdə topu rəqibə “bağışladı”. Nəticədə meydan sahibləri üçün əks-hücum imkanı yarandı. Yaxşı ki, Mujikovun zərbəsindən sonra qapıya gedən top elə öz komanda yoldaşına dəyib istiqamətini dəyişdi. 43-cü dəqiqədə Araz Abdullayev növbəti dəfə yaxaladığı fürsəti boşa verməklə diqqəti çəkdi. Cərimə meydançasında qərar verməkdə tərəddüd edən yarımmüdafiəçi ləngidi ki, rəqib futbolçu özünü yetirib təhlükəni önlədi. Ümumiyyətlə, ilk yarının əvvəlində qazaxların ön xətdə güclü pressinqi komandamızı çaş-baş saldı, müdafiədən çıxmağa imkan vermədi. Erkən qollardan sonra isə rəqib nisbətən sakitləşdi.
Qurban Qurbanov fasilədən dərhal sonra iki dəyişiklik gerçəkləşdirdi. İlqar yerini Ürfana, Dmitri isə Coşquna verdi. İkinci hissə bərabər mübarizə şəraitində keçdi. Millimiz oyunu bərabərləşdirdi, hətta topa nəzarəti ələ keçirdi. Ancaq futbolçularımız yalnız bununla kifayətlənir, gərək oldu-olmadı tez-tez geriyə ötürmə verirdilər. Nə təhlükəli hücumlar gerçəkləşdirmək, nə də rəqib qapıçını ciddi şəkildə narahat etmək mümkün olurdu. Hissənin gedişində ardıcıl əvəzləmələr tempin daha da aşağı düşməsinə yol açdı. İkinci hissədə qapımız qarşısına yaxınlaşmaqda çətinlik çəkən qazaxlar son dəqiqələrdə əks-hücumu məntiqi sonluğa çatdıraraq böyük hesabla qalib gəldilər. Əsas vaxtın sonuncu dəqiqəsində Zaynutdinov təxminən 25 metrdən qüvvətli zərbə ilə Kamranı aciz qoydu və baxımlı qola imza atdı. Beləliklə, millimiz Qurban Qurbanovun rəhbərliyi altında ilk böyükhesablı məğlubiyyətini aldı.
MİRAĞA
Maraqlıdı...
* “Astana Arena”da Azərbaycan bayraqları və az sayda azarkeşimiz var idi. Oyunun gedişində müxtəlif şüarlar səsləndirən həmyerlilərimizin səsi eşidilirdi.
* Stadionun diktorunun matçın sonlarında bir elanı diqqəti çəkdi. Məlum oldu ki, arenada iki azyaşlı uşaq valideynlərindən ayrı düşüb.