“Neftçi” və “Keşlə” azarkeşləri Mərdəkana üz tutacaq
Avrokuboklarda yeni mövsümün startına təxminən 3 həftə qalıb. İyunun 28-də Avropa Liqasında çıxış edəcək təmsilçilərimiz – “Neftçi”, “Keşlə” və “Qəbələ” ilk oyunlarını keçirəcəklər. Xatırladaq ki, hər üç klubumuz ilk mərhələdə “səpələnmişlər” arasında yer alacaq. Onu da qeyd edək ki, Avroliqanın püşkü iyunun 19-da atılacaq və məhz həmin gün təmsilçilərimizin kimlə üzləşəcəyinə aydınlıq gələcək. Bəs görəsən, klublarımız bu turnir üçün hansı stadionları sifariş edib?
UEFA son illər qitəmiqyaslı turnirlərə qatılan komandalara matçlarını təbii örtüklü meydanlarda keçirməyi tövsiyə edir. Bu üzdən stadionu süni örtüklü olan “Keşlə”nin Avroliqada hansı arenanın xidmətindən yararlanacağı maraqlıdı. Paytaxt təmsilçisinin mətbuat katibi Səbuhi Məmmədovdan aldığımız bilgiyə görə, Zaur Axundov prezidenti olduğu klubu Mərdəkana aparacaq: “Bildiyiniz kimi, komandanın ev oyunlarını keçirdiyi “İnter Arena”nın süni örtüyünün keyfiyyəti son zamanlar bir qədər aşağı düşüb. Bundan başqa, UEFA klublara beynəlxalq görüşləri təbii örtükdə keçirməyi tövsiyyə edir. Bütün bunları nəzərə alaraq, hələ fevralda, lisenziyalaşdırma ilə bağlı sənədləri AFFA-ya təqdim edərkən avrokuboklara vəsiqə qazanacağımız halda matçları “Dalğa Arena”da keçirəcəyimizi qeyd etmişik. Eyni sənəd qitənin ali futbol qurumuna da təqim olunub”.
Bir neçə ildən sonra mövsümü üçüncü pillədə başa vuraraq bürünc medallara sahib çıxan “Neftçi”nin istifadəsində olan “Bakcell Arena” təmirə bağlandığından “ağ-qaralar” da “Keşlə”nin sifariş verdiyi stadionun xidmətindən yararlanacaq. Bu haqda məlumatı klubun mətbuat katibi Rüstəm Allahverdiyevdən aldıq: “Stadionumuzda təmir işləri aparıldığından, daha dəqiq desək, ot örtüyü dəyişdirildiyindən, Avropa Liqası üçün “Dalğa Arena”nı sifariş etmişik”.
Eyni turnirdə mübarizə aparacaq 3 klubdan ikisi eyni arenanı sifariş etdiyindən “Qəbələ”nin hara üz tutacağı maraq doğurur. “Qırmızı-qaralar”ın meneceri Səbuhi Səfiyarlı ilə söhbətdə məlum oldu ki, premyer-liqanın gümüş mükafatçısı ilk mərhələnin oyununu “doğma divarlar” arasında keçirməyə qərar verib. Yəni qəbələli azarkeşlər sevimli komandalarının Avropa Liqasının birinci mərhələsində keçirəcəyi qarşılaşmanı izləmək üçün Bakıya və ya başqa şəhərə üz tutmayacaqlar. Ancaq bir nüans var ki, buna toxunmasaq olmaz. Bildiyiniz kimi, Qəbələ şəhər stadionundakı tribunaların bəziləri standartlara cavab vermir. Qitə futbol qurumu isə belə dəmir konstruksiyalardan qurulmuş sektorların olmasını yasaqlayır. UEFA hətta buna görə 2014-də Qəbələdə keçirilən “Şiroki Breyq”, 2015-də isə Tiflis “Dinamo”su ilə oyunlara görə şimallıları cərimələyib. Bosniya və Hersoqovina təmsilçisi ilə görüşə görə UEFA-nın büdcəsinə 8 min İsveçrə frankı ödəyən “qırmızı-qaralar” Gürcüstan klubu ilə qarşılaşmada da “radara düşüb”. İkinci cərimə daha ağır olub – 24 min frank.
Ancaq Səbuhi Səfiyarlı bu dəfə Əsasnamə pozuntusuna yol verməyəcəklərini bildirdi: “Avropa Liqasında ilk mərhələdəki ev oyunumuzu Qəbələdə keçirəcəyik. Tribunalara gəlincə, bu dəfə fərqli addım atmağı düşünürük. Dəmir kostruksiyalı sektorlar söküləcək. Belədə arenanın tutumu 4500-dən 2800-ə enəcək. Oturacaqların sayının azalmasına baxmayaraq, bu addımı atmaq məcburiyyətindəyik. Əks halda UEFA klubu daha böyük məbləğdə cərimələyə bilər”.
RƏŞAD