“ABŞ-da irəli getməyimdə, tanınmağımda o kitabın da rolu oldu”
“Fuad Musayev dedi, “Kəpəz”ə keçsən, səni siləcəm”
- Bildiyimə görə, Vaqif Sadıqovun xətrini çox istəyirsən. Onunla görüşmürsən?
- Bu dəfə yox, amma əvvəlki səfərimdə görüşmüşdük. Mənim kitabım çıxmışdı, onu Vaqif müəllimə bağışlamışdım. Vaqif müəllimi istəməmək olar? Lixtenşteynlə oyundan əvvəl idi, indiyə qədər yadımdadı, Fuad Musayev Sadıqova “filan-filan futbolçuları heyətə sal” deyəndə, Vaqif müəllimin beyni çöndü. Dedi, mən bilirəm kimləri oynadacam. Mənə “11-lik”də şans verdi. 20 il yox e, 50 il də keçsə, Vaqif Sadıqovun o əməlini unutmaram. Əsl kişilik göstərdi. Yoxsa Fuad Ənvəroviçin qabağında söz demək olardı?
- Nə kitabdı elə?
- ABŞ-da ən tanınmış kitab dükanı var – “Barsen Nobels”, orda satılırdı, 52 dollara. Heç özüm də bilmədim o kitab necə dərc olunub. Müəllif internet qaynaqlarında haqqımda olan məlumatları qələmə alıb. Azərbaycan və Özbəkistan karyeramdan, qazandığım uğurlardan bəhs edib. Açığı, ABŞ-da irəli getməyimdə, tanınmağımda o kitabın da rolu oldu. Həmin kitabdan birini Vaqif Sadıqova vermişdim.
- Sənə elə gəlmir ki, Özbəkistandakı inamı Azərbaycanda sənə bəsləsəydilər, daha artığını edə bilərdin?
- Əlbəttə, bayaq onu işarə vururdum da. Məni milliyə necə dəvət etdiklərini bilirsən?
- Necə?
- Deməli, Azərbaycan və Özbəkistan yığmaları oynamalı idi. Matçdan əvvəl AFFA rəhbərliyi qarşı tərəfdən hansısa oyunun diskini istəmişdi. Özbəkistan tərəfi də səhvən “Paxtakor” – “Novbahor” oyununun kasetini göndərib. Onda “Paxtakor”un “mənəm-mənəm” deyən vaxtları idi. Buqalo, Qasımov kimi futbolçular oynayırdı, məşqçiləri braziliyalı idi. Üstəlik, Braziliyadan üç futbolçu çıxış edirdi. Həmin oyunda 50 min azarkeşin qarşısında başla qol vurmuşdum. AFFA-da oturanlar, yığmaya rəhbərlik edənlər həmin kasetə baxandan sonra məni milliyə çağırdılar. Halbuki buna qədər üç dəfə seleksiya xarakterli toplanışa çağırıb, geri qaytarmışdılar. Meydanda canımı qoyurdum, xeyri yox idi, götürmürdülər. Sizi inandırım, o vaxtkı söz-söhbətlər olmasaydı, millidə 10 il oynayardım.
- Başına gələn bu qədər hadisədən sonra soyuqluğun yaranması normaldı...
- Var, gizlətmirəm. Əməyim yüksək qiymətləndirilmədi, lazım olan diqqəti vermədilər mənə. Vallah, dəfələrlə iynə vurdurub meydana çıxmışam, təki komandama kömək edim. “Neftçi”nin parçalanması yadına gəlir?
- Əlbəttə. “Neftçi” çempion olmuşdu, qızıl medalları “Qarabağ”a vermişdilər.
- Ay sağ ol... Rəhmətlik Ruslan Abdullayev yeni “Neftçi” yaradanda, bazadan hamı çıxıb getdi. Məni isə “Kəpəz”ə çağırırdılar, yaxşı da maaş təklif edirdilər. Vidadi Rzayev getdi, mənə dedi ki, “Elşən, gəl “Kəpəz”ə, seyfin ağzı açıqdı, nə qədər istəsən, prezident verəcək”. Rza müəllimin yaxşı vaxtları idi onda. Həmin dönəmdə yığmaya cəlb olunurdum. Fuad Musayev məni yanına çağırdı, dedi, “Kəpəz”ə keçsən, millinin qapıları birdəfəlik üzünə bağlanacaq, səni siləcəm”. Oqtay Abdullayevi çağırıb, göstəriş verdi. Əl çəkmədi ki, sən yeni yaranan “Neftçi”yə keçməlisən. Dağılan komandada 5 manat alırdımsa, orda 20 manat təklif edirdilər. Kazbek Tuayevi atıb getmədim. İndi fikirləşirəm ki, kaş, “Kəpəz”ə gedəydim. Bütün “qaymaqlar” “Kəpəz”də yığışmışdı.
“Mənə Qurbanla bağlı elə bir söz dedilər...”
- Azərbaycan yığmasının oyunlarına baxırsan?
- Həm vaxt olmur, həm də Azərbaycanla ABŞ arasında saat fərqi var axı. Yığma axşam oynayanda, mən işdə oluram. Amma videogörüntülərə baxıram, nəticəni öyrənirəm.
- Uzun ayrılıqdan sonra yığma, nəhayət, azərbaycanlı mütəxəssisə tapşırıldı – Qurban Qurbanova.
- Eşitmişəm, bilirəm. Amma iki yerdə işləmək çətin olacaq. Həm də problem təkcə iki yerdə işləməklə bağlı deyil. Klubla milli arasında yerlə-göy qədər fərq var. “Qarabağ”da elədi ki, futbolçular gecə-gündüz baş məşqçinin gözünün qabağındadı. Bütün futbolçuları beş barmağı kimi tanıyır. Taktiki çalışmaları başa salmaq üçün vaxt çoxdu. Ona görə də 1-2 ilə nəticə vermək olur. Yığmada isə tam fərqlidi. İldə 3-4 dəfə yığışırlar, onda da 5-10 gün. Kollektivin baş məşqçinin istədiyini verməsi üçün zamana ehtiyac var. Qurban bacaracaq, amma ona vaxt lazımdı. İndidən üstünə gedib təzyiq etmək olmaz. Nə siz, nə rəhbərlik, nə də azarkeşlər. İmkan versinlər, başını aşağı salıb işini görsün. Postunda qalsa, baxarsız, 3-4 ilə yığma nəticə verəcək. Mənə Qurbanla bağlı elə bir söz dedilər, onda dedim ki, o, böyük məşqçi olacaq.
- Nə söz idi elə?
- “Neftçi”yə baş məşqçi təyin olunanda futbolçulara tapşırıq verib ki, mənə müəllim deməyin... Bu, bir məşqçinin böyüklüyüdü, dünyagörüşüdü.
- Azərbaycana qayıtmaq haqda düşünmürsən?
- Sözün düzü, yox. Özüm üçün hər cür şərait yaratmışam. İşimə qarışan yoxdu, öz əlimdi, öz başım. Komanda 10-cu yeri tutdu, yoxsa 1-ci yeri – mənə heç kim söz demir, rahatam. Həm də bura niyə qayıdım? Tərlan Əhmədovu “Neftçi”dən uzaqlaşdırdılar. Niyə? Neçə ildən sonra komandaya medal qazandırdı, ona görə? Yoxsa yaxşı komanda formalaşdırdığına görə? Tərlan Əhmədov getdi, İqor Getman, Novruz Əzimov, Rauf Salamov da işsiz qaldı. İlboyu əziyyət çək, söz götür, stress keçir, komandanı avrokuboklara daşı, yayda sənə desinlər ki, yaxşı yol. Mən bu cür haqsızlıqlara dözə bilmərəm e. Paxıllıq, qısqanclıq, simiclik yoxdu məndə. Amma haqsızlığı qəbul edə bilmirəm.
HƏBİB