Şənbə günü Macarıstan çempionatında son turun oyunları keçirildi. Budapeşt təmsilçisi “Honved”in Avropa Liqasına vəsiqə qazanması ilə bu yay adı çəkilən yarışda çıxış edəcək bütün komandaların adları məlum oldu. Xatırladaq ki, ölkəmizi sözügedən turnirdə ölkə kubokunun qalibi “Keşlə” (reytinq – 3,825), “Qəbələ” (5,250) və “Neftçi” (3,825) təmsil edəcək. Hər üç təmsilçimiz iyunun 19-da keçiriləcək ilk mərhələnin püşkatmasında “səpələnmişlər” arasında olacaq. Bu isə o deməkdi ki, klublarımız daha zəif rəqiblərlə üz-üzə gələcək. 94 komandanın mübarizəyə başlayacağı ilk mərhələdə iştirakçılar iki yerə - “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünəcək ki, hər iki səbətdə eyni sayda, daha dəqiq desək, 47 komanda yer alacaq. Yuxarıda qeyd etdiyimiz kimi, “səpələnmişlər”də yer alacaq “Keşlə”, “Qəbələ” və “Neftçi”nin potensial rəqiblərini sizlərə təqdim edirik: Vaduts (Lixtenşteyn), Levadiya (Estoniya), Milsami (Moldova), Styarnan (İslandiya), Birkirkara (Malta), Ferentsvaroş (Macarıstan), Kliftonvill (Şimali İrlandiya), Dunayska Sreda (Slovakiya), Buduçnost (Çernoqoriya), Şiroki Briyeq (Bosniya və Hersoqovina), Partizani (Albaniya), Çixura (Gürcüstan), Zarya (Moldova), Trakai (Litva), Lyuftetari (Albaniya), Lyaçi (Albaniya), Vestmannaeyar (İslandiya), Petrokub (Moldova), Uypeşt (Macarıstan), Honved (Macarıstan), Liepaya (Latviya), Avropa (Cəbəllütariq), Torshavn (Farer adaları), Şkupi (Makedoniya), İlves (Finlandiya), KuPS (Finlandiya), Laxti (Finlandiya), Derri Siti (İrlandiya), Şemrok Rovers (İrlandiya), Samtredia (Gürcüstan), Folqore (San Marino), Riqa (Latviya), Trans (Estoniya), Stumbras (Litva), Bala Taun (Uels), OFK (Çernoqoriya), Balsan (Malta), Qzira Yunayted (Malta), Proqres (Lüksemburq), Rasinq Yunion (Lüksemburq), Qlenavon (Şimali İrlandiya), Kolreyn (Şimali İrlandiya), Konnas Kuay (Uels), Runavik (Farer adaları).
“Səpələnməmişlər” arasında Ermənistanın 3 klubu – “Pünik”, “Qandzasar” və “Banants” olsa da, məlum səbəblərdən təmsilçilərimiz onlarla qarşıla bilməz.
Klublarımızın potensial rəqiblərini gözdən keçirdikdə hər üçünün ilk mərhələdə çətinlik çəkməyəcəyi qənaətinə gəlmək mümkündü. Yalnız keçmiş Yuqoslaviya respublikalarının klubları hardasa “Keşlə”, “Neftçi” və “Qəbələ”yə başağrı yarada bilər.
İyunun 19-da həmçinin ikinci mərhələnin də püşkatması baş tutacaq. Bu mərhələdə isə klublarımızdan ancaq “Qəbələ” “səpələnmişlər” səbətində olacaq. “Neftçi” ilə “Keşlə” ilk mərhələni uğurla adlaya bilsə, “səpələnməmişlər”in arasında yer alacaq.
İkinci mərhələdə “səpələnmişlər” səbətində 37 klub var ki, onlarla sizləri tanış edirik: Sevilya (İspaniya), Beşiktaş (Türkiyə), Sparta (Çexiya), Kopenhagen (Danimarka), Styaua (Rumıniya), Genk (Belçika), Alkmaar (Hollandiya), Maribor (Sloveniya), Makkabi (Tel-Əviv, İsrail), Leyptsiq (Almaniya), Partizan (Serbiya), Bernli (İngiltərə), Atalanta (İtaliya), Molde (Norveç), Bordo (Fransa), Ufa (Rusiya), Apollon (Cənubi Kipr), Riu Ave (Portuqaliya), Asteras (Yunanıstan), Mariupol (Ukrayna), Dinamo (Minsk, Belarus), Hayduk (Xorvatiya), Lex (Polşa), Lask (Avstriya), Admira Vakker (Avstriya), Sankt-Qallen (İsveçrə), Vitess (Hollandiya), Atromitos (Yunanıstan), Jalgiris (Litva), Hafnarfyordur (İslandiya), Dandolk (İslandiya), QƏBƏLƏ (Azərbaycan), Osiek (Xorvatiya), Nordşellan (Danimarka), Vardar (Makedoniya), Trençin (Slovakiya), Slovan (Slovakiya).
İkinci mərhələdə “səpələnməmiş” “37-lik” isə belədi: Beytar (İsrail), Hapoel (Hayfa, İsrail), AEK (Cənubi Kipr), Anortosis (Cənubi Kipr), Dinamo (Tiflis, Gürcüstan), Vitorul (Rumıniya), Yagelloniya (Polşa), Qurnik (Polşa), AİK (İsveç), Aberdin (Şotlandiya), Nımme Kalyu (Estoniya), Hakken (İsveç), Yurqorden (İsveç), Slaviya (Bolqarıstan), ÇSKA (Sofiya, Bolqarıstan), Levski (Bolqarıstan), NEFTÇİ (Azərbaycan), KEŞLƏ (Azərbaycan), Radniçki (Serbiya), Spartak (Subotitsa, Serbiya), Ventspils (Latviya), Dinamo (Brest, Belarus), Şaxtyor (Belarus), Reyncers (Şotlandiya), Hibernian (Şotlandiya), Tobol (Qazaxıstan), İrtış (Qazaxıstan), Kayrat (Qazaxıstan), Fola (Lüksemburq), Lillestrem (Norveç), Sarpsborq (Norveç), Rabotniçki (Makedoniya), Saraevo (Bosniya və Hersoqovina), Domjale (Sloveniya), Mladost (Çernoqoriya), Jelezniçar (Bosniya və Hersoqivina), Rudar (Sloveniya).
Səbətlərdən də görünür ki, “Neftçi” və “Keşlə” artıq ikinci mərhələdə qitədə sayılıb-seçilən klublardan olan “Sevilya”, “Beşiktaş”, “Leyptsiq”, “Atalanta” kimi nəhənglərlə qarşılaşa bilər. Onlardan fərqli, “Qəbələ”nin işi bir qədər asandı.
Çempionlar Liqası təsnifat mərhələsindən start götürəcək. Son ölkə çempionu “Qarabağ” mübarizəyə birinci mərhələdən başlayacaq. İlk mərhələnin oyunları iyulun 12-si və 19-na təyin olunub. Iyulun 26-sı və avqustun 2-də isə ikinci mərhələnin matçları baş tutacaq. Buna qədər isə, iyulun 23-də 3-cü mərhələnin püşkatması keçiriləcək.
RƏŞAD