Yusif Vəliyev: “Müəyyən səbəblərdən yubanma oldu”
Region Liqasının debüt mövsümü ötən il dekabrın ortalarında start götürdü və təxminən on gün əvvəl yekun vuruldu. Qalib adını “Sumqayıt”ın “Uğur” komandası qazandı. Bayıl stadionunda keçirilən final oyununda Mingəçevir təmsilçisi “Energetik”i 2:0 hesabı ilə yenən “Uğur” turnirin ilk qalibi oldu. Üçüncü yeri isə “Füzuli” komandası tutdu. Elə final günü mükafatlandırma mərasimi baş tutdu və AFFA-nın birinci vitse-prezidenti Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov kubok və medalları təqdim etdi. Ancaq əsas mükafatın – qalib üçün nəzərdə tutulan 10 min manatın adını tutan olmadı. Axı, reqlamentə görə liqada ilk 3 yeri tutan komandalara pul mükafatı təqdim olunmalıdı: 1-ci yer - 10000, 2-ci yer - 5000, 3-cü yer - 2000 manat.
Qulağımıza xəbər çatdı ki, baş mükafat hələ də verilməyib. Məsələyə aydınlıq gətirmək üçün Region Liqasının keçirilməsi və ona nəzarət işləri üçün AFFA-da yaradılan İşçi Qrupun üzvlərindən olan, Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin rəhbəri Yusif Vəliyevlə əlaqə saxladıq: “Doğrudu, “Uğur”un 10 min manatı, eləcə də digər mükafatçılara çatacaq məbləğ ödənilməyib. Həmin vəsait bu ay ərzində onların hesabına köçürüləcək. Hansısa problem yoxdu, sadəcə, müəyyən səbəblərdən yubanma oldu. Qeyd etdiyim kimi, iyun ayında həmin məbləği alacaqlar”.
Bəs “Uğur” divizionda çıxış edəcəkmi? Düzdü, əsasnamədə belə bir bənd yoxdu. Baxmayaraq ki, ideya yeni yarananda AFFA-nın prezidenti Rövnəq Abdullayev belə bir fikir səsləndirmişdi. Ancaq sonradan həmin variant istisna edildi. Çünki daha əvvəl tərtib olunan divizionun əsasnaməsində aşağı pilləni tutan komandanın çempionatı tərk etməsi və ya Region Liqasının qalibinin diviziona gəlməsi ilə bağlı göstəriş əksini tapmayıb. Belə qənaətə gəlindi ki, bundan sonra divizionda oynamaq istəyən klublar mütləq azı 1 il Region Liqasında iştirak etməlidi. Məhz daha sonra həmin klubun divizion üçün lisenziya şərtlərinə əməl edib-etməməsinə baxılacaq. Bununla belə, “Uğur” növbəti mövsüm divizionda oynamaq istəsə, onun qarşısını kəsməyəcəklər. Hər halda, Yusif Vəliyev bundan sonrakı prosesin “Uğur”dan asılı olduğunu deyir: “Uğur” divizionda oynamaq istəyi ilə bağlı müraciət etməyib. Ən azı mən bu barədə məlumatsızam. Belə istəkləri olsa, prosesin sonrakı axarı iilə AFFA və PFL məşğul olacaq”.
MİRAĞA