“Bu gün ofisdə olarkən də özümü yad yerdə hiss etmirdim”
Ölkə kubokunun finalında “Qələbə”ni məğlub edən “Keşlə” ölkəmizi Avropa Liqasında təmsil etmək hüququ qazandı. Yuri Maksimov hazırkı heyətin həm avrokuboklarda, həm də premyer-liqada mübarizə aparmaq üçün yetərli olmadığını hələ Qəbələdə vurğulamışdı. Güclənməyə ehtiyacın olduğunu klub rəhbərliyi də yaxşı başa düşür. “Keşlə” transfer çalışmalarına start verib. Son iki mövsümü “Sumqayıt”ın heyətində keçirən Azər Salahlı dünən qəsəbə təmsilçisi ilə müqavilə imzaladı. Biz onunla danışanda klubun ofisindən yeni ayrılmışdı.
- Azər, səni təbrik edirik. Əslində “Keşlə” sənə yad klub sayılmaz. İlk addımlarını elə bu klubda atmısan.
- Təbrikiniz üçün çox sağ olun. Bəli, futbolun sirlərini məhz orda, “İnter”in uşaq komandalarında öyrənməyə başlamışam. Belə demək mümkündü ki, doğma evimə qayıtmışam. Elə bu gün ofisdə olarkən də özümü yad yerdə hiss etmirdim.
- Uzun müddətdi futbol oynayırsan. Amma futbol ictimaiyyəti səninlə bağlı o qədər də geniş məlumata sahib deyil. Geriyə boylanarkən nələri xatırlayırsan?
- Mənim işim meydandadı, biz sözümüzü orda deməliyik. Digər uşaqlar kimi mən də həyətdə, öz yaşıdlarımla topun arxasınca qaçırdım. Oyunuma baxanlar atama məni futbola aparmağı məsləhət görürdülər. Hamınıza yaxşı tanış olan İman Həsənov bizimlə qonşu idi. Atam onunla danışdı və məni “İnter”in bazasına apardılar. İlk dəfə Roman Cəfərovun rəhbərliyi altında məşq etdim. Qısa müddətdə məni təcrübəlilərin qrupuna əlavə etdilər. “İnter”in əvəzedici komandasının heyətində Rüstəm Əliyevin rəhbərliyi altında iki dəfə çempion olduq. Əvəzedicilərdə oynayarkən U-21 millimizin baş məşqçisi Yaşar Vahabzadənin diqqətini cəlb etdim. Moldova ilə oyunda U-21-in heyətində debüt etdim və qol vurdum. Bundan sonra milliyə müntəzəm dəvət almağa başladım. 1992-93 təvəllüdlülərlə birlikdə yığmaya çağrılırdım. Öz həmyaşıdlarım gələndə artıq kapitan idim. Kapitan kimi çıxdığım ilk oyun da düşərli oldu. Farer adaları ilə qarşılaşma seçmə mərhələnin açılışı idi. Səfərdən mənim vurduğum qolla 3 xalla qayıtdıq. Həmin seçmə mərhələ bizim üçün əlamətdar oldu, qrupu 4-cü sırada bitirdik. İslam Həmrəyliyi Oyunları da unudulmaz tarixdi. Həmin turnirdə bütün oyunlarda əsas heyətdə meydana çıxdım. Əlimdən gələni edirdim ki, etimadı doğruldum. Xalqımız bizi sona qədər dəstəklədi. Hətta prezident İlham Əliyev bizi qəbul etdi. Cənab prezident ayrı-ayrılıqda bizimlə görüşdü və komandanı izlədiyini dedi. Onu da vurğuladı ki, Vahabzadəni hələ futbolçu vaxtından tanıyır, onun oyununu bəyənib.
- Fiziki göstəricilərin hücumçuları xatırladır. Nə üçün uşaq vaxtı hücuma can atmamısan, müdafiəçi olmusan?
- Düzü, heç bu barədə fikirləşməmişəm də. Solaxay olduğum üçün Roman müəllim məni sol cinaha qoydu, elə orda da qaldım. Driblinq etməyə çox da meyilli deyildim. Amma cinahboyu reyd etməyi, komanda yoldaşlarımı meydanda görüb, ötürmə etməyi çox sevirəm. Hücumçu olmaq daha çox yaradıcılıq, qol duyumu tələb edir. Öz mövqeyimdən şikayətçi deyiləm.
- İndiyə qədər aşağı yaş qrupları üzrə yığmalarda çıxış etmisən, qalır əsas komanda...
- Əsas hədəflərimdən biri də budu. Qurban Qurbanov bütün futbolçuları nəzarətdə saxlayır, hamını izləyir. Fərqlənən futbolçular milliyə dəvət alır, onlara özlərini göstərmək üçün şans verilir. Əminəm ki, mənə də növbə çatacaq. Millinin formasını şərəflə daşımışam, bundan sonra da buna hazıram. Çalışıb ən yaxşı şəkildə komandamıza xeyir verməliyəm.
- “İnter”də, “Qarabağ”da, “Sumqayıt”da çıxış etmisən. Milli komandalarda oynamısan. Müxtəlif məşqçilərdən görüb-götürmək imkanın olub. Hansı mütəxəssisləri fərqləndirərdin?
- İlk məşqçim Roman Cəfərovu, “İnter”də çempionluq sevinci yaşadığımız Rüstəm Əliyevi vurğuladım. Yaşar Vahabzadənin milliyə dəvəti, mənə etimadı da böyük stimul idi. “İnter”də Kaxaber Tsxadadzedən də çox şey öyrənmişəm, onun məşqləri çox maraqlı idi, sanki oyuna çıxırdıq. Sözsüz ki, Qurban Qurbanovun adını çəkməliyəm. “Qarabağ”ın düşərgəsində peşəkarlıq baxımından çox şey öyrəndim. Orda səviyyəli legionerlərlə çiyin-çiyinə oynadım, onlarla birlikdə məşq etdim. Mənim üçün “Qarabağ” əla məktəb idi, komandanın yüksəliş dövründə orda olmaqla gözəl fürsət qazanmışdım. Rəşad Sadıqov amilini də unutmayaq. Biz gənclər üçün Rəşad böyük qardaş, doğru yol göstərən məsləhətçi idi. “Sumqayıt”da isə Samir Abasov bizə özünə inanmağı, meydanda sona qədər mübarizə aparmağı öyrətdi.
- Hamı “Sumqayıt”ı avrokuboklarda, 3-cü pillədə görürdü. Niyə alınmadı?
- “Sumqayıt” bütünlüklə yerli futbolçulardan qurulub və mövsüm başlayarkən qarşıya belə bir hədəf qoyulmamışdı. Bəlkə də elə buna görə inamlı çıxış edirdik, qələbələr sıralanırdı. Sonra psixoloji gərginlik yarandı. Üzərimizdə təzyiq hiss etməyə başladıq. Əsas səbəb kimi bunu göstərərdim. Qələbə qazandıqca davamı gəlirdi, amma 3-cü pilləyə yüksəldikdən sonra bir qədər təzyiqə dözə bilmədik, şansı əldən verdik.
- Demək olar ki, avrokubok arzusuna çatmısan. Artıq “Keşlə”nin futbolçususan və yeni komandan ölkəmizi Avropa Liqasında təmsil edəcək.
- Bilirəm ki, əvvəlcə heyətdə oynamaq üçün özümü sübut etməliyəm. Bunun üçün təlim-məşq toplanışında özümü göstərməli, məşqlərdə verilən tapşırıqları yerinə yetirməliyəm. Yuri Maksimovun tələbkarlığını, döyüşkən kollektiv yaratmağı bacardığını hamı gördü. Əlimdən gələni edəcəm ki, o kollektivin bir parçasına çevrilim, avrokuboklarda və ölkə çempionatında komandama xeyir verim.
- Nə vaxtsa legioner olmağı düşünürsənmi?
- Bunu hər bir futbolçu düşünür. U-19 millisiylə Danimarkada meydana çıxmışdım. Oyundan sonra PSV-nin menecerləri bizə yaxınlaşdı. Elşən Abdullayev və mənimlə maraqlanırdılar, bizi bəyənmişdilər. Amma yaşımız az idi, bu cür danışıqlara hazır deyildik. Bildirdik ki, klublarımızla danışmaq lazımdı. Sonra necə oldu, bilmirəm. Nə vaxtsa belə bir şans əlimə düşsə, mütləq dəyərləndirərəm. Ötən mövsüm “Qarabağ” Çempionlar Liqasının qrupunda oynadı, həmin möhtəşəm himni biz də canlı eşitdik. İstərdim ki, ya Azərbaycan çempionunun heyətində, ya da legioner kimi o hissləri meydanda, futbolçu kimi yaşayım.
AMAL