Sizin reklam burada

“Qəbələ” bütün rəqiblərini qabaqladı

Title
“Qəbələ” bütün rəqiblərini qabaqladı
“Qarabağ”la “Neftçi” çempionluğa həsrət qaldı
PFL-in təşkilatçılığı ilə keçirilən yarışlarda olduğu kimi, AFFA-nın bayrağı altında gerçəkləşən liqalarda da mövsüm başa çatdı. Təbii, aşağı yaş qruplarında mübarizə hər kəsi maraqlandırır. Çünki futbolumuzun gələcəyi birbaşa uşaq futbolundan asılıdı. Liqalarda nə qədər mübarizə gərgin keçsə, sağlam rəqabət fonunda inkişaf olsa, bunun bəhrəsini yığmalar görəcək. Bir sözlə, bünövrə futbolun əsas meyarıdı. O nə qədər möhkəm olsa, faydasını görərik. Zaman-zaman aşağı liqalarda qeydə alınan nəticələri, hər yaş qrupuna uyğun turnir cədvəlindəki durumu diqqətinizə çatdırmışıq. İndi isə bir daha U-10 liqasından başlayaraq Gənclər Liqası (U-19) da daxil olmaqla yekun nəticələrə nəzər salaq. Hansı klubların aşağı yaş qrupunda “at oynatdığını”, kimlərin “papaq altında yatdığını” görmək maraqlı olar.
U-10 liqası
Əsas komandası ölkə kubokunu götürməklə hər kəsi təəccübləndirən “Keşlə”nin U-10 komandası da çempion oldu. Özü də paytaxt təmsilçisi finalda məhz “Qəbələ”ni məğlub etməyi bacardı. Düzdü, oyunun əsas vaxtı heç-heçə (3:3) bitidiyindən qalib penalti seriyasında bəlli oldu. “Lotereya”da 4:2 hesabı ilə qalib gələn “Keşlə” U-10 liqasının ən güclüsü adını qazandı. “Qırmızı-qaralar” isə gümüş medallara sahib oldu. 3-cü yer uğrunda görüşdə “Vətən” “Leon”u məğlub edərək (2:1) “bürünc”ü qazandı. Qeyd edək ki, “Neftçi”, “Zirə”, “Kəpəz” kimi komandalar 1/4 finalda mübarəzini dayandırmışdı.
U-11 liqası
“Neftçi”nin 11 yaşlıları çempion olmağa yaxın idi. Ancaq azyaşlı “ağ-qaralar” finalda “Vətən”ə minimal hesabla (3:4) uduzdu. Belədə “Neftçi” gümüş, “Vətən” qızıl medalları əldə etdi. U-11 liqasının “bürünc”ünü isə “Qəbələ” qazandı. 3-cü yer uğrunda keçirilən görüşdə “Leon”u 2:1 hesabı ilə məğlub edən bölgə təmsilçisi yarışın üçüncüsü oldu. Maraqlıdı ki, “Leon” U-10 liqasında da bürünc medal uğrunda keçirilən maçtda uduzmuşdu.
U-12 liqası
“Vətən” U-12 liqasında da ən güclü oldu. Bu komanda finalda “Qarabağ”a 3 cavabsız qolla qalib gəldi. “Köhlən atlar” gümüş medalla təsəlli tapdısa, 3-cü yeri “Neftçi” tutdu. “Ağ-qaralar” “bürünc” uğrunda qarşılaşmada “Sumqayıt”ı darmadağın (5:0) etdi. Aşağı yaş qruplarında daim iddialılardan olan “Qəbələ” isə 1/4 finalda mübarizəni dayandırdı. “Qırmızı-qaralar” “kimayçılar”la duellərdə (0:1, 3:3) mərhələni adlaya bilmədi.
U-13 liqası
10, 11 və 12 yaşlıların birinciliyində çempion ola bilməyən “Qəbələ” U-13 liqasında istəyinə çatdı. Finalda “Neftçi”ni 2 cavabsız qolla məğlub edən “qırmızı-qaralar” qızıl medallara sahib oldu. Yarışın üçüncüsü adını isə “Səbail” qazandı. Bürünc medalın taleyini müəyyənləşdirən qarşılaşmada paytaxt klubu Gəncənin “Azəri TİM” komandasını penalti seriyasında məğlub etdi (əsas vaxt 1:1, penaltilər - 4:3). Premyer-liqa klublarından “Zirə” və “Sumqayıt”ın 12 yaşlıları 1/4 final səddini adlaya bilmədi.

U-14 liqası
U-10 liqasının qalibi olan “Keşlə” 14 yaşlıların birinciliyində də çempionluğa yaxın idi. Yarımfinalda “Qarabağ”ı yolundan kənarlaşdıran (0:1, 3:0) paytaxt təmsilçisi həlledici matçda “Mançester Yunayted”ə 2:4 hesabı ilə uduzdu. Belədə “Keşlə”nin təsəllisi “gümüş” oldu. 3-cü yer uğrunda oyunda isə “Qarabağ”la “Neftçi” üz-üzə gəldi. Tərəflər əsas vaxtda qalibi müəyyənləşdirə bilməsə də (1:1), matç penaltilərə qədər uzanmadı. Ağdam təmsilçisi əlavə vaxtda daha bir qol vururaq bürünc medalın sahibi oldu. “Qəbələ” ilə “Vətən” isə bu dəfə mükafatçılar sırasına düşə bilmədi. “Qırmızı-qaralar”ı “Neftçi”, “Vətən”i isə “Qarabağ” yarımfinala buraxmadı.
U-15 liqası
Bu yaş qrupunda da çempionluq mübarizəsi kəskin keçdi. Son tura qədər iki komandanın - “Vətən” və “Qəbələ”nin qızıl medal şansı var idi. Lakin “qırmızı-qaralar” rəqibindən 2 xal geri qalırdı. Son turun nəticələri isə aradakı məsafəni dəyişmədi. Çünki həm “Vətən”, həm də “qırmızı-qaralar” qələbə qazandı. Birincilər Masallı “Viləş”ini böyük hesabla məğlub etdisə (7:2), “Qəbələ” “Qarabağ”ı 2 cavabsız qolla yendi. Beləliklə, “Vətən” 71 xalla çempion, bölgə təmsilçisi isə “gümüş”lə kifayətləndi. U-15 liqasının bürünc medalçısı isə “Keşlə” oldu. Turnir cədvəlinin 4-9-cu yerlərində qərarlaşan premyer-liqa iştirakçılarının sıralaması belədi: “Zirə”, “Qarabağ”, “Kəpəz”, “Neftçi”, “Sumqayıt”, “Səbail”.
U-16 liqası
Sözügedən liqada “Qəbələ” aşkar fərq ortaya qoydu. Bölgə təmsilçisi 68 xalla çempion oldu. “Qırmızı-qaralar”dan 9 xal geri qalan “Vətən” gümüş, “Neftçi” isə bürünc medal qazandı. Sonrakı pillələri uyğun olaraq “Zirə”, “Keşlə” və “Sumqayıt” tutdu. Maraqlıdı ki, “Neftçi” İK İB premyer-liqa klublarından 3-nü qabaqlaya bildi. Bunlar “Qarabağ”, “Kəpəz” və “Səbail”di. Paytaxt təmsilçisi hətta “Turan”dan da geri qalaraq, turnir cədvəlinin sonuncusu oldu.
U-17 liqası
Bir yaş aşağı liqada çempion olan “Qəbələ” U-17-lərin yarışında da qızıl medallara yiyiləndi. Özü də “qırmızı-qaralar” bu dəfə daha böyük fərqlə çempion oldu. Bölgə təmsilçisi ən yaxın izləyicisi “Səbail”i 13 xal qabaqladı. Paytaxt klubu 70 xalla “gümüş”ə, ondan 3 xal geri qalan “Neftçi” isə “bürünc”ə sahib çıxdı. Yeri gəlmişkən, “Keşlə” “ağ-qaralar”dan cəmi 1 xal geri qaldı. Digər premyer-liqa klublarının U-17-ləri isə 5-8-ci yerlərdə bu sıralama ilə qərarlaşdılar: “Qarabağ”, “Sumqayıt, “Zirə”, “Kəpəz”.
Gənclər Liqası (U-19)
Bu liqada da mübarizə son tura qədər davam etdi. Çempionun adına da məhz axırıncı turda aydınlıq gəldi. Özü də son turda məhz birincilik uğrunda mübarizə aparan “Qəbələ” ilə “Qarabağ” qarşılaşdı. Matç Sumqayıtdakı “Kapital Bank Arena”da keçirildi. Son tura qədər hər iki komandanın 59 xalı var idi. “Qırmızı-qaralar”a heç-heçə də sərf edirdi. Çünki şəxsi oyunlarda “Qəbələ” üstün idi. Şimallılar evdəki görüşdə qalib gəlmişdisə (1:0), səfərdə heç-heçə (2:2) etmişdi. 3 dövrədən ibarət yarışda qızıl medallara yiyələnmək üçün “köhlən atlar” mütləq qələbə qazanmalıydı. Ancaq Sumqayıtdakı görüşdə qol səsi çıxmadı hər iki tərəf çempionatı 60 xalla başa vursa da, “Qəbələ” qızıl, Rəşad Sadıqovun komandası isə gümüş medala sahib oldu. “Səbail” isə Gənclər Liqasının bürünc mükafatçısı adına yiyləndi. Maraq üçün 4-9-cu yerlərdə qərarlaşan komandaların sıralamasını da diqqətinizə çatdıraq: “Neftçi”, “Sumqayıt”, “Keşlə”, “Neftçi” İK İB, “Zirə”, “Kəpəz”.
Yekun
Beləliklə, 9 yaş qrupu üzrə keçirilən yarışın mükafatçılarının medal sıralamasını diqqətinizə çatdıraq:
1 2 3 4 5
1. Qəbələ 4 2 1 7
2. Vətən 3 1 1 5
3. Keşlə 1 1 1 3
4. MY 1 - - 1
5. Neftçi - 2 3 5
6. Qarabağ - 2 1 3
7. Səbail - 1 2 3
1 – komanda, 2 – qızıl, 3 – gümüş, 4 – bürünc, 5 – cəmi.
Göründüyü kimi, “Qəbələ” həm çempionluq, həm də medal sayında bütün rəqiblərini qabaqlayır. “Vətən” isə əldə olunan 3 birinciliklə fəxr edə bilər. “Neftçi” və “Qarabağ” kimi klubların aşağı yaş qruplarından heç birinin “qızıl” qazana bilməməsi qeyd olunası məqamdı. Hətta “Keşlə” də bu mənada onları geridə qoymağı bacarıb. Futbol məktəblərindən “Vətən”dən başqa, “Mançester Yunayted”in 1 çempionluğu vurğulanmalıdı. Premyer-liqa iştirakçılarından üçü isə, ümumiyyətlə, mükafat qazanmayıb. “Zirə”, “Sumqayıt” və “Kəpəz”in aşağı yaş qruplarından heç biri medal əldə etməyib. O başqa məsələ ki, liqalarda nəticə o qədər də önəmli deyil. Hətta biz dəfələrlə futbolumuzdakı problemlərdən biri kimi məşqçilərin uşaqların inkişafını yox, nəticəni düşündüyünü qabartmışıq. Bu üzdən futbolçu yetişəcəksə, çempionluq, “gümüş” və ya “bürünc” olmasa da, olar. Ancaq yetişirmi? Əsas problem də məhz budu.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.