Gəncə stadionunda işlər davam etdirilir
Geridə qalan 2017/18 mövsümü gəncəli futbol azarkeşləri üçün heç də xoş xatirələrlə yadda qalmadı. Məlum olduğu kimi, “futbol ili”nin əvvəlində “Kəpəz”in “sükanı arxasında” Şahin Diniyev idi. Lakin uğursuz nəticələr fonunda təcrübəli mütəxəssis postu ilə vidalaşdı. Buna qədər isə klubda yaşananlar 2017-ci ilin ən önəmli futbol hadisələri sırasına daxil oldu. Belə ki, AFFA-nın sabiq Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri, “Kəpəz”in Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu işindəki nöqsanlar üzündən nəinki klubdan, hətta futboldan uzaqlaşdı. Bir sözlə, mövsümün əvvəlində həm klubda xoşagəlməz olaylar yaşandı, həm də uğursuz nəticələr sıralandı. Şahin Diniyevin istefasından sonra “sarı-göylər” Yunis Hüseynova həvalə olundu. Lakin gəncəli mütəxəssisin gəlişindən sonra da problem aradan qalxmadı. Halbuki Hüseynov hər dəfə müsbət nəticələr üçün qış fasiləsindən sonranı nişan verirdi. Bununla belə, Yunis bəyin verdiyi vədlər reallığa çevrilmədi və “Kəpəz” 14 xalla tunir cədvəlini sonuncu pillədə bitirdi. Kubokda isə 1/4 final mərhələsindən irəli getmək mümkün olmadı.
Təbii, reqlamentə görə premyer-liqanın sonuncusu diviziona düşməlidi. Ancaq Gəncə təmsilçisinin elitada qalacağına ümidi vardı. “Kəpəz” azarkeşləri də son ana qədər İcraiyyə Komitəsindən xoş xəbər gözləyirdi. “Sarı-göylər” iki variant gerçəkləşərdisə, elitada qala bilərdi. Bunlardan biri birinci divizion təmsilçilərindən heç birinin lisenziya tələblərinə cavab verməməsi idi. Belədə çempionatın 7 komanda ilə keçirilməsi daha böyük əks-səda doğuracaq, daha doğrusu, bu qədər iştirakçı sayı, ümumiyyətlə, söhbət mövzusu olmayacaqdı və məcbur olub “Kəpəz”i elitada saxlayacaqdılar. Digər tərəfdən, elitada komanda sayının artırılacağı haqda da söz-söhbət gəzirdi. Lakin təkcə “Sabah”ın tələblərə cavab verməsi Gəncə klubunun ümidlərinin üstündən xətt çəkdi. Belə ki, “Kəpəz”i premyer-liqada əvəzləyəcək komanda tapıldı. Özü də “birincilər”dən başqa heç kimin lisenziya ala bilməməsi say artımına da imkan vermədi. Axı, 9 komandalı çempionat daha anormal görünəcəkdi və sonuncu pillənin sahibinin elitanı tərk etməməsi idman prinsiplərinin pozulması demək idi. Beləliklə, “Kəpəz” 3 illik premyer-liqa macərasından sonra yenidən aşağı dəstəyə yuvarlandı. Xatırladaq ki, “sarı-göylər” 2014/15 mövsümündə birinci divizionda 9-cu yeri tutsa da, elitaya yüksələ bilmişdi.
Artıq komandada “yarpaq tökümü” müşahidə edilir. Bir sıra futbolçular Gəncə təmsilçisindən ayrılıb. Aydın məsələdi ki, həmin oyunçular birinci divizionda oynamaq istəmir. Xüsusən elita klublarından dəvət alanları bu mənada anlamaq olar. Həmçinin Yunis bəy də aşağı dəstədə komanda çalışdırmayacağını söyləyib. Hazırda isə “Kəpəz”də qeyri-müəyyənlikdi. Komandanın birinci divizionda oynayıb-oynamayacağı, baş məşqçinin kim olacağı bilinmir. Bundan başqa, mövsümün sonuna yaxın stadionda təmir-bərpa işləri görülürdü. Görəsən, elita ilə vidalaşacağı bəlli olduqdan sonra klub həmin işləri dayandırıb?
Bu suallarla bağlı “Kəpəz” tərəfinin fikirlərini öyrənməyi lazım bildik. Gəncə təmsilçisinin mətbuat xidmətinin rəhbəri Azad Mustafayev klubun mövqeyini belə ifadə etdi: “Hələ ki konkret heç nə yoxdu. Komandanın birinci divizionda oynayıb-oynamayacağı hələ dəqiqləşməyib. Gələn həftə bununla bağlı rəhbərliyin iclası gözlənilir. Yunis müəllimin qalacağı və ya gedəcəyi də bilinmir. Yəqin ki, rəhbərlik görüş zamanı Hüseynovla da danışacaq. Bundan sonra həmin suala aydınlıq gələcək. Düzdü, Yunis müəllim mətbuata fikrini bildirib. Amma rəhbərliyin iclasında səslənən fikirlərdən də çox şey asılıdı. Ona görə də indidən demək olmaz. Klub rəhbərliyi görüşüb, fikir mübadiləsi aparacaq. Ondan sonra hər şey bəlli olacaq. Mən də elə fikirləşirəm ki, komanda birinci divizionda mübarizə aparacaq. “Kəpəz”in elitadan düşməsi özü bölgə futbolu üçün itkidi. Komandanın birfədəlik dağılaması isə ölkə futbolu üçün faciə olar. Stadionda görülən işlər davam etdirilir. Bizdə futbolçuların əksəriyyətinin müqaviləsi mövsümün sonuna kimi idi. Yalnız yerli, gənc oyunçular bu mənada istisnadı”.
FARİZ