Stoilov mllimizi təriflədi, Qriqorçuka uğurlar arzuladı
Yığma sabah ölkəni tərk edir. Komanda saat 12.00-da çarter reysi ilə Astanaya uçacaq. Ötən sayımızda Pavel Paşayevin yüngül zədəsinin olduğunu xəbər vermişdik. Millinin mətbuat xidmətinin rəhbəri Elman Himayətoğludan aldığımız bilgiyə görə, problem ciddi deyil və müdafiəçi Qazaxıstanla qarşılaşmaya qədər hazır olacaq. Yeri gəlmişkən, U-21 də iyunun 4-də qazaxıstanlı həmyaşıdları ilə yoldaşlıq oyunu keçirəcək. Bu üzdən hər iki yığma birgə yola düşəcək. Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv qarşılaşmadan sonra Bakıya dönəcəksə, əsas komanda iyunun 7-də Latviya ilə yoldaşlıq oyunu keçirəcəyindən Riqaya üz tutacaq.
Bu arada Qazaxıstanın baş məşqçisi Stanimir Stoilov mətbuat konfransı keçirib. O yığmamızla oyun haqda bunları deyib: “Bütün futbolçularımız indi yaxşı vəziyyətdədilər. Millətlər Liqası ərəfəsində hansı durumda olduğumuzu görmək baxımından önəmli vaxtdı. Azərbaycan oyun üslubuna görə Gürcüstana bənzəyir ki, bu, çox vacib amildi. Çünki gürcülərlə Millətlər Liqasında üz-üzə gələcəyik. Azərbaycanlı futbolçular da onlar kimi kombinasiyalı oyun göstərirlər. Qarşıdakı matçlarda inkişaf etmək lazımdı. Azərbaycanla qarşılaşmağımız yaxşıdı. Çünki bu komanda maraqlı futbol sərgiləyir”.
Stoilov dünən “Astana”ya baş məşqçi təyin edilən “Qəbələ”nin sabiq çalışdırıcısı Roman Qriqorçuka da uğurlar arzulayıb: “Astana”nın səviyyəsi göz önündədi. Qriqorçukun da avrokuboklarda böyük təcrübəsi var. Ümid edirəm ki, o, uğurlarımızın sayını daha da artıracaq”.
Rəqib komandanın qapıçısı Nenad Eriçin fikirləri ilə də tanış olun: “Dizimdəki zədə ucbatından iki həftə komandadan kənarda qaldım. Lakin tez bərpa olundum və artıq özümü yaxşı hiss edirəm. Azərbaycan yaxşı komandadı, keyfiyyətli futbol nümayiş etdirir. Bir sözlə, bizi olduqca maraqlı oyun gözləyir. Əlbəttə, bu qarşılaşma bizim üçün olduqca önəmlidi. Xüsusən də Millətlər Liqasına hazırlıq baxımından qarşıdakı görüşə ciddi yanaşırıq”.
Yevgeni Postnikov isə belə dyeib: "Ən əsası çempionat matçından sonra bərpa olunmaq, sonra isə yığmaya hazırlaşmaqdı. "Astana Arena"dakı oyunda, əlbəttə, azarkeşlərimiz qarşısında yaxşı futbol göstərmək və qələbə qazanmaq istəyirik".
FARİZ