“Artıq daha səviyyəli oyunlara təyinat ala biləcəm”
FİFA referisi Əliyar Ağayevin birinci kateqoriyaya keçəcəyi hələ 2016-cı ilin sonlarında gözlənilirdi. Bunu AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov UEFA Hakimlər Komitəsinin Azərbaycan üzrə kuratoru Nikolay Levnikova istinadla demişdi. Lakin qışda siyahıda dəyişiklik baş verməyincə, Məmmədov iyunda irəliləyişin mütləq gerçəkləşəcəyini açıqlamışdı. Ancaq gözlədiyimiz nə ötən yayda, nə də bu qışda gerçəkləşdi. Hərçənd Əliyar 2017-nin fevralında İspaniyanın Malaqa şəhərində UEFA-nın təşkil etdiyi təlim-məşq toplanışında iştirak etmiş və normativlərdən uğurla keçmişdi. Həm də təyinat aldığı oyunlarda yüksək qiymətlər almışdı. Amma 4 nəfər birinci kateqoriyaya keçirildi ki, onların arasında həmyerlimiz yox idi. Nəhayət, bir neçə gün öncə 2018/19 mövsümü üçün siyahı açıqlandı ki, istedadlı referi birinci kateqoriyaya daxil olmaqla Azərbaycan hakimliyinin tarixinə düşdü. Üstəlik, bir neçə il əvvəl ən gənc FİFA referisi olan Əliyar indi də birinci kateqoriyanın ən “balaca”sıdı.
Təbii ki, Ağayevin qitənin ən reytinqli 75 hakimindən (25-i elit, 50-si birinci kateqoriya) biri olması ölkəmiz adına çox şey deməkdi. Yeri gəlmişkən, birinci kateqoriyada postsovet məkanı ölkələrindən 8 hakim var: 2 rus, 2 ukraynalı, 1 belaruslu, 1 latış, 1 litvalı və Əliyar Ağayev. 2013-cü ildən FİFA referisi statusu daşıyan, bu müddətdə 44 beynəlxalq oyuna təyinat alan Ağayev bundan sonra daha mühüm turnirlərə təyinat ala biləcək. Halbuki buna qədər ən yaxşı halda U-17, U-19 və U-21-lər arasında keçirilən Avropa çempionatının seçmə oyunlarına, UEFA Gənclər Liqasına, Avroliqaya, ÇL-in ilkin təsnifat mərhələlərinə, bir də zəif yığmaların seçmə, həmçinin yoldaşlıq görüşlərinə dəvət alırdı. Artıq həmyerlimizi Çempionlar Liqasının qrup oyunlarında da görə biləcəyik.
Əliyar Ağayev isə ilk növbədə yeni daxil olduğu siyahıda möhkəmlənməyi qarşısına məqsəd qoyub: “Axır ki neçə ildi gözlədiyimiz hadisə baş verdi. Aldığım qiymətlərə əsasən ora ötən il düşəcəyimi daha çox gözləyirdim. Qiymətlərin hamısı yaxşı idi. Sadəcə, UEFA Hakimlər Komitəsinin sədri demişdi ki, bir il də baxaq. Yəqin qismət belə imiş. Son olaraq, aprelin 20-də UEFA Gənclər Liqasının yarımfinalının MS – “Barselona” oyununda idim. Həmin qarşılaşmada hakim-inspektorum məhz Pyerluici Kollina idi. Məncə, elə həmin matçda baxıb gördü ki, artıq məni birinci kateqoriyaya keçirmək olar. Ona kimi yaxşı mənada qiymətlər yığılmışdı. Bu da son imtahan idi. Hesab edirəm ki, briqada şəklində imtahandan üzüağ çıxdıq, kateqoriyamızı dəyişdilər.
Birinci kateqoriyaya keçmək o deməkdi ki, artıq beynəlxalq arenada daha səviyyəli oyunlara təyinat ala biləcəm. Avropa Liqası və yığma səviyyəsində daha səviyyəli komandaların oyunlarına təyinat almaq olar. UEFA məni həmçinin Çempionlar Liqasının görüşlərinə də göndərə bilər. Ancaq ÇL-də qrup oyunlarını idarə etmək birdən-birə baş verməyəcək. İlk növbədə orda möhkəmlənməliyəm. Bu isə qarşıdakı bir ildə idarə edəcəyim oyunlarda alacağım qiymətlərdən asılıdı. Dünya və Avropa çempionatının final mərhələləri üçün isə elit kateqoriyada olmaq lazımdı.
Birinci kateqoriyada ən gənc mənəm və bunun müsbət və mənfi tərəfləri var. Müsbət cəhət odu ki, inkişaf etmək üçün daha çox vaxtım var. Pis o ola bilər ki, gənc olduğumu nəzərə alıb səviyyəli oyunlara az-az, tədricən göndərsinlər. İstənilən halda, özümü hazır sayıram. Bir var ki, bu səviyyəyə birdən çatırsan, bir də var tədricən. İlbəil qarşılaşmaların çətinlik dərəcəsi artır. Məncə, dərhal çətin oyunlara göndərməzlər. Çünki bu kateqoriyada yeniyəm. Amma tədricən səviyyəli görüşlərə cəlb edəcəklər”.
MİRAĞA