“Sumqayıt”ın avrokuboklardan kənarda qalması məni mənəvi cəhətdən sındırdı”
Ötən mövsüm premyer-liqada meydana çıxan futbolçular arasında ən yaşlısı “Sumqayıt”ın qolkiperi Fərhad Vəliyev idi. 21 il elitada çıxış edən, millinin şərəfini qoruyan, avrokuboklarda meydana çıxan qolkiper bu yay əlcəklərini mismardan asmaq qərarına gəldi. Artıq onu yox, yetirmələrini yaşıl meydanda görəcəyik. Veteran qolkiper futbolçu karyerasına başa vurub, məşqçiliyə başlayacaq. Artıq onun iş yeri də məlumdu. “Səbail”in məşqçilər korpusunda yer alacaq Vəliyevlə söhbətdə bir çox mətləblərə toxunduq.
- Sonuncu dəfə səninlə görüşəndə demişdin ki, daha bir il yaşıl meydana çıxmaq istəyirsən. Ancaq bugünlərdə əlcəklərini mismardan asmaq qərarına gəldin. Səni bu addımı atmağa nə vadar etdi?
- Açığı, daha bir il qapıda dayanmaq istəyirdim. Fiziki cəhətdən buna hazıram. Ancaq “Sumqayıt”ın avrokuboklardan kənarda qalması məni mənəvi cəhətdən sındırdı. Son turlarda yaşanan uğursuzluqlardan sonra tez-tez özümə sual verirdim: davam, yoxsa tamam? Sonda düşündüm ki, artıq getmək vaxtıdı.
- Uzun illər ölkənin müxtəlif aparıcı klublarının şərəfini qorumusan, millinin formasını geymisən. Necə düşünürsən, sənə vida matçı keçirilməlidi?
- “Hə” desəm, təvazökarlıqdan uzaq olacaq. “Yox” desəm, deyəcəklər özü-özünə qiymət vermir. Çox çətin sualdı. Ancaq nəzərə alsaq ki, məndən də möhtəşəm karyeraya malik futbolçularımız səhnəni səssiz-səmirsiz tərk edib, bunda təəccüblü heç nə yoxdu.
- Bəziləri futbolçu karyerasını başa vurandan sonra bir müddət dincəlməyə üstünlük verir. Sən isə artıq məşqçi işləyəcəksən.
- Həyatım boyunca zəhmətsevər olmuşam. Heç vaxt tənbəllik edib “bu gün dincəlim, sabah işə başlayaram” deyə fikirləşməmişəm. Hələ “Qarabağ”dan ayrılanda mənə iş təklifi gəlmişdi. Lakin həmin vaxt “yox” cavabı vermişdim. Ancaq getmək qərarını verəndən sonra Aftandil Hacıyev məni “Səbail”ə dəvət etdi. Onun məşqçilər korpusunda çalışmağımı istədi. Böyük məmnuniyyətlə dəvəti qəbul etdim.
- Getmək qərarını vermək çətin olmadı?
- Əlbəttə, çətin idi. Ancaq daxilən özüm-özümü buna hazırladım. Özünüz də qeyd etdiz ki, 21 il yüksək liqada çıxış edən müxtəlif komandaların şərəfini qorumuşam. Məşqlər, təlim-məşq toplanışları, səfərlər – belə gərgin iş rejimindən sonra sakit həyata uyğunlaşmaq bir qədər çətindi. Hətta bəzi futbolçuların karyeralarını başa vurduqdan sonra bir müddət depressiyaya düşdüyünü də bilərəm. Ancaq mənim bəxtim gətirib (gülür). Fasilə vermədən, ancaq bu dəfə başqa statusla futbolun içində olacam. Çalışacam məşqçi kimi özümü doğruldum.
- “Kimyaçı”, “Viləş”, “Şahdağ”, “İnter”, “Neftçi”, “Qarabağ” kimi klubların şərəfini qorumusan. Fərhad Vəliyev özünü harda tapdı?
- Çıxış etdiyim bütün klubların həyatımda öz yeri var. Ancaq heç şübhəsiz, “Qarabağ” mənim üçün çox doğmadı. 2008/09 mövsümünü isə heç vaxt unutmayacam. Həmin il Qurban Qurbanovun rəhbərliyi altında komanda ölkə kubokunun qalibi oldu. Avrokuboklarda isə “Rusenborq” kimi nəhəngi mübarizədən kənarlaşdırdıq. Elə bil yuxudaydıq. Sevincimizin həddi-hüdudu yox idi.
- Bəs hansı kluba keçdiyinə görə bu gün də özünü bağışlaya bilmirsən?
- Tam səmimi deyirəm, beləsi yoxdu. Ola bilsin, həmin komandalar nəticə qazana bilməyib, turnir cədvəlinin sonlarında qərarlaşıb. Ancaq heç vaxt seçimimə görə peşman olmamışam. Ən azı “artırıb”, aparıcı klubların diqqətini cəlb etmişəm. Qapıçıların inkişafı üçün autsayder klubdan yaxşı yer yoxdu. Gənc “çərçivə qoruyucuları” məhz belə komandalarda - üzərində təzyiq olmayan, hər səhvə görə çarmıxa çəkilmədiyi – təcrübə toplayır, özünəinam formalaşır, bərkiyir.
- Uzun illər yığmanın da şərəfini qorumusan. Yaddaqalan və heç vaxt xatırlamaq istəmədiyin matçlar hansılardı?
- Milliyə yenicə çağırıldığım vaxtlar idi. Bakıda yoldaşlıq görüşündə Türkiyə ilə qarşılaşırdıq. Matç 1:1 hesabı ilə başa çatdı. Həmin oyundan sonra çox xoşbəxt idim. Həmin illərdə Türkiyə yığması çox güclü idi. Heyətində dünya səviyyəli oyunçular çıxış edirdi. Ən bərbad, yada salmaq istəmədiyim qarşılaşma isə Serbiyaya 1:6 hesabı ilə uduzduğumuz görüşdü. O qədər şanssız bir gün idi ki, serblərin hər hücumu qolla nəticələndi.
- Həmin matçdan sonra hansı hissləri keçirirdin?
- Hiss qalmışdı ki, nəsə keçirim (gülür). Utandığımdan adam içinə çıxa bilmirdim. Ancaq tək qalmaq, heç kimlə danışmaq istəmirdim. Bir neçə gün yata da bilmədim. Gözümü hər dəfə yumub yatmaq istəyəndə, həmin oyun gözümün qabağına gəlirdi. Çox çətin idi.
- Peşəkar karyerana Sumqayıtda başalayıb, elə orda da bitirdin. Bu təsadüf idi, yoxsa əvvəlcədən planlaşdırmışdın?
- Sumqayıt mənim doğma şəhərimdi. Orda küçədə futbol oynaya-oynaya futbola gəldim. İlk illərdə şəhərimin təmsilçilərinin şərəfini qorudum. Sonrası artıq hamıya məlumdu. Fürsətdən istifadə edib boynumda haqqı olan məşqçilərə qəzetiniz vasitəsilə təşəkkür etmək istəyirəm. Onların sayəsində aparıcı klublarda çıxış etdim, milliyə qədər yüksəldim. Plana gəlincə, bu barədə heç vaxt düşünməmişdim, sadəcə, belə alındı. Belə alındığına görə də çox şanslıyam. Hər futbolçuya karyerasını başladığı yerdə başa vurmaq qismət olmur.
RƏŞAD