Daha beş futbolçunun gedişi mümkündü
İqnasio Erreranın karyerasını “Neftçi”də davam etdirmək istəyində olmadığını bildirmişdik. Çilili yarımmüdafiəçi şəxsi “instaqram” hesabında “Neftçi”də ona etimad göstərənlərə təşəkkür etmiş, komandaya gələcəkdə uğurlar arzulamışdı. Məlum idi ki, “ağ-qaralar”ı tərk edənlərin siyahısı İqnasio ilə məhdudlaşmayacaq.
Daha iki futbolçunun adına aydınlıq gəlib. Bunlar Elxan Abdullayevin dönəmində transfer olunan, lakin özünü heç cür yaxşı tərəfdən göstərə bilməyən, əksinə, intizamsızlığı və çoxsaylı zədələri ilə yadda qalan Elnur Cəfərov və Tərlan Əhmədovun təkidi ilə komandaya cəlb olunan Rəşad Sadiqovdu. Klubla müqavilə müddəti başa çatan bu iki futbolçunun hər birinə gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki. daha beş futbolçunun “Neftçi”ni tərk edəcəyi gözlənilir. Bunlar Məhəmməd Mirzəbəyov və 4 legioner – Fransisko Qarsiya, Lukas Qomes, Derlis Meza Kolli və Mayk Kampazdı. Derlislə Məhəmməd hazırda azad agent statusu daşıyırsa, qalan üç nəfərlə müqaviləyə xitam verilməsi üçün tərəflər ortaq məxrəcə gəlməlidi.
HƏBİB