“Sumqayıt” daha bir futbolçu ilə müqaviləni yeniləyib. Söhbət Bəxtiyar Həsənalızadədən gedir. Yeni anlaşmaya əsasən 25 yaşlı müdafiəçi qarşıdakı bir ili də “gənclik şəhəri” təmsilçisinin heyətində keçirəcək. Xatırladaq ki, ondan əvvəl “kimyaçılar” komandanın kapitanı, müdafiəçi Vurğun Hüseynov və yarımmüdafiəçi Cavid Tağıyevlə yeni sözləşmə imzalamışdı.
Qeyd edək ki, Həsənalızadə ötən mövsüm 27 qarşılaşmada meydana çıxıb (2430 dəqiqə), 2 qol vurub. 2011-ci ildən "Sumqayıt"da çıxış edən müdafiəçi klubun heyətində ümumilikdə 144 oyunda iş başında olub.
Bəxtiyardan fərqli, “ağ-göylər”in təcrübəli qolkiperi
Fərhad Vəliyev karyerasını bitirdiyini açıqlayıb. 38 yaşlı “çərçivə qoruyucusu” bundan sonra qapıçılarla işləyən məşqçi kimi çalışacaq. “Sumqayıt” artıq ona iş də təklif edib. Ancaq Vəliyev qərar verməkdə tələsmir. Çünki ona doğma olan şəhərin təmsilçisi ilə yanaşı, başqa klubdan da təklif var. Bizimlə söhbətdə Fərhad söylənilənləri təsdiq etdi: “Bundan sonra karyeramı qapıçı məşqçisi kimi davam etdirmək fikrim var. Qərarımı açıqlayandan sonra iki klubdan iş təklifi almışam. Bunlardan biri elə “Sumqayıt”dı. Yeni mövsümdən doğma şəhərimin təmsilçisində məşqçi kimi çalışa bilərəm”.
RƏŞAD