“İlk dəfə üzümə dedi ki, səndə baş məşqçiyə lazım olan xarizma var və bu işi bacaracaqsan”
Roman Qriqorçukun istefasından sonra “Qəbələ”nin yeni baş məşqçisinin “Sumqayıt”dan ayrılan Samir Abasov olacağı gözlənilsə də, bu baş vermədi. Klub rəhbərliyinin mayın 28-i gecə saatlarına qədər davam edən müzakirələrindən sonra məsuliyyəti Sənan Qurbanovun daşıması qərara alındı. Həmin Qurbanov ki, Qriqorçukun dövründə ukraynalı çalışdırıcının “sağ əli” sayılırdı. Üç ilyarım birgə çalışdıqları vaxt ərzində Sənan bəy Roman İosifoviçdən kifayət qədər görüb-götürdü. Bundan sonra isə komandanın nəticələrinə cavabdehlik daşımalıdı.
Təbii, təyinata ən çox sevinən Sənan Qurbanovun özüdü. İllərdi “Qəbələ”də çalışan biri kimi o da uğur qazanmaq, adını klub tarixinə həkk etdirmək üçün alışıb-yanırdı. Elə dünənki söhbətdə də bunu hiss etmək çətin deyildi.
- Təbrik edirik. Xeyirli-uğurlu olsun. Ümid edək ki, azərbaycanlı məşqçi ən azı Roman Qriqorçukun uğurlarını təkrarlayacaq.
- Çox sağ olun. Minnətdaram. Yaxşı olması üçün çalışacağıq. Başqa yolumuz yoxdu.
- Bu təyinata hazır idiz?
- Neçə illərdi “Qəbələ”dəyəm. Ona görə də belə olacağını gözləyirdim. Sadəcə, geci-tezi var idi. İşin içindəydim, rəhbərliyin münasibətindən də bunu hiss edirdim.
- Deməli, Qriqorçukun gedəcəyi və hadisələrin sonrakı axarının buna gətirib çıxaracağı sürpriz olmadı.
- Səmimi sözümdü, Roman İosifoviçin istefa verəcəyini gözləmirdim. Çünki bu haqda nə özü demişdi, nə də hiss edirdim. Hamı kubokun qalibi olmağa köklənmişdi. Ona görə də bu haqda söhbət getmirdi. Düzü, çox təəssüfləndim. Gözümüz onu görməyə öyrəşmişdi. Həm məşqçi, həm də insan kimi möhtəşəm biri idi. Məşqçi həyatı belədi də, bu gün varsan, sabah yox.
- Sizcə, əsas səbəb kubokun finalında “Keşlə”yə məğlubiyyət idi?
- O yenilgi hamıya pis təsir etdi. Titulun biraddımlığında olarkən, bu cür şansı əldən verdik. Gizlətmirəm, hamıdan çox üzülən bəlkə də Roman İosifoviç özü idi. Hətta getmək istəyirdisə belə, bunu kuboku qazandıqdan sonra etmək istəyirdi. Məncə, finaldakı məğlubiyyət istefa qərarına təsir etdi. Uduzmasaydıq... Nə bilim...
- Qalacaqdı?
- Bu suala ən yaxşı cavabı özü verə bilər. Hər bir insanın öz düşüncəsi, öz qərarı var. Şəxsən mənimlə bu haqda söhbəti olmamışdı. Ancaq hiss etdim ki, yenilgi ona pis təsir edib. Heç cür özünə gələ bilmirdi.
- Qriqorçukun istefasından dərhal sonra baş məşqçi postuna təyinat alacağınızı bilirdiz?
- İstefadan sonra rəhbərliklə ilk görüşümüz Bakıda olmalıydı. Lakin elə alındı ki, elə həmin gecə Qəbələdə bir araya gəlməli olduq. Oturub söhbət etdik və rəhbərlik postu mənə həvalə etmək istədiyini dedi. Razılaşdım.
- Tale Heydərov da orda idi?
- Xeyr-xeyr. Rəhbərlik deyəndə vitse-prezident Fariz Nəcəfovu nəzərdə tuturam. Qəbələdə ümumi söhbət və razılıq oldu, Bakıya gələndən sonra 100 faiz bilindi ki, “Qəbələ”ni yeni mövsümə mən hazırlayacam.
- Qriqorçukun münasibəti necə oldu?
- Sağ olsun, həmişə məni tərifləyib, dəstək olub. Özü də rəhbərliklə görüşdə qeyd edib ki, Sənan Qurbanovun təyinatı klubun gələcəyi üçün faydalı ola bilər. Belə başa düşdüm ki, təyinatı dəstəkləyənlərdən biri elə Roman İosifoviç olub.
- Mayın 30-da klub rəsmiləri ukraynalını yola salmaq üçün şam süfrəsinə yığışmışdı. Siz də ordaydız, Qriqorçuk da. Maraqlıdı, nə dedi, hansı məsləhətləri verdi?
- İlk dəfə üzümə dedi ki, səndə baş məşqçiyə lazım olan xarizma var və bu işi bacaracaqsan. Möhkəm olmağı tapşırdı və istənilən an telefonunun üzümə açıq olduğunu dedi.
- Yəqin ki, sizə tez-tez lazım olacaq və telefonunuzda da birinci ad Roman Qriqorçuk yazılacaq.
- (gülür) 100 faiz elədi. Vaxtımızın çox hissəsini birgə keçirirdik. İstər oyunlardan əvvəl, istərsə də sonra bir yerdə olurduq. Həm yaxşı günlərdə, həm də pis günlərdə. Daim onun qayğısını, hörmətini hiss etmişəm. Ona görə də mənim üçün böyük məşqçi kimi qalacaq. Mən də öz növbəmdə köməyimi əsirgəməmişəm. Dünən özünə də dedim, nə dərəcədə yaxşı alınıb, bunu deyə bilmərəm.
- Qriqorçukdan qalan oyun modelinə üstünlük verəcəksiz, yoxsa öz fəlsəfəniz var?
- Futbola öz baxışım, fikirlərim var. Əlbəttə, Roman İosifoviçdən öyrəndiyim həddən artıq çox şey var. Onları yaxşı tərəfdən özüm üçün cəmləşdirib istifadə etməyə çalışacam. Topladığım təcrübəni öz oyun fəlsəfəmə əlavə edib ortaya yaxşı nəsə qoymaq istəyirəm.
- PRO kateqoriyanız yoxdu mən bilən...
- Xeyr, yoxumdu. İnşallah, artıq bu yöndə düşünmək vaxtıdı.
- Deyək ki, A kateqoriyası premyer-liqada baş məşqçi işləməyə imkan verir. Bildiyimə görə, Avroliqada fərqlidi.
- Düz qeyd edirsiz, Avroliqada meydana komanda çıxarmaq üçün PRO kateqoriyası vacibdi. Bununla bağlı sənədləri toplayıb, UEFA-ya göndərməliyik.
- Birdən alınmadı?
- İnşallah, həll olunmalıdı. PRO kateqoriyasını oxumaq üçün müraciət edəcəyik. O da alınmasa, sənəddə baş məşqçi yox, baş məşqçi əvəzi kimi qeydiyyatdan keçib, komandanı oyuna çıxara biləcəm. Elə bir ciddi problem görmürəm.
- Köməkçiləriniz kimlər olacaq?
- Qriqorçukun zamanındakı heyət qalır. Qapıçılarla işləyən mütəxəssis, fiziki hazırlıq üzrə çalışdırıcı və Elmar Baxşıyevlə davam edəcəyik. Əlavə bir köməkçinin cəlb olunması planda var, lakin kim olacağını hələ bilmirəm. Belə deyim, namizədləri gözdən keçiririk.
- Büdcə yəqin ki, azalacaq...
- Bu haqda dəqiq bir söz deyə bilmərəm. Çünki rəhbərliyə aid məsələdi. Onu bilirəm ki, gedənlərin əvəzinə yeni futbolçular gətiriləcək. Hazırda üç nəfərin komandadan ayrıldığı rəsmiləşib: Vitali Vernidub, Ruslan Qurbanov və Famussa Kone. Onların boşaltdığı yerlər doldurulmalıdı. Müqaviləsinin müddəti başa çatan digər futbolçularla isə yeni anlaşmanın əldə olunması istiqamətində işlər görülür. Yəni ciddi dəyişikliklərin baş verəcəyini düşünmürəm.
- Filip Ozobiçin “Qarabağ” yolunda olduğu deyilir.
- Ola bilər. Azad agent statusuna sahib futbolçudu. Kimisə nəyəsə məcbur etmək olmaz. Mən bildiyim budu ki, rəhbərlik anlaşma müddəti başa çatanlarla danışıq aparır.
- Voislav Stankoviç, Baqali Dabo... Bu cür yüksək ödənişli əcnəbiləri saxlamaq mümkün olacaq?
- Məndə olan məlumata görə, Stankoviç və Bezotosnı ilə razılıq əldə olunub. Dabo ilə söhbət gedir. Məncə, problem olmayacaq.
- Yerli futbolçular arasında gözaltı etdikləriniz var, yoxsa əsasən akademiyada yetişənlərə üstünlük verəcəksiz?
- Komandanı tərk edənlər arasında yerli futbolçu Ruslan Qurbanovdu. Yəni elə də çox itki olmayıb. Son mövsümü icarə əsasında başqa komandalarda keçirən Bəhlul Mustafazadə ilə Roman Hüseynovu geri qaytarmaq haqda düşünürük. Hacıağa Hacılı, Yusif Nəbiyev, Qismət Alıyev kimi gənclərimiz var. Limitlə bağlı hansısa çətinlik görmürəm.
- Elvin Yunuszadə, Əfran İsmayılov?
- Adlarını çəkdikləriniz yaxşı futbolçulardı. Amma bu gün bizdə yetərincə yerli oyunçular var.
- Keçək əsas məsələyə. Rəhbərliyin qarşınıza qoyduğu hədəf nə oldu?
- “Qəbələ” hər zaman iddialı olub, bundan sonra da o cür qalacaq.
- Çempionluq?
- Komandaya hər cür şərait yaradılırsa, rəhbərlik deməsə belə, özümüz bunu istəməliyik. Məzmunlu oyun və ən yaxşı nəticələr üçün çalışacağıq. Rəqibin adından asılı olmayaraq, hər oyunda məqsədimiz qələbə qazanmaq olacaq.
- Komandanın Qəbələni təmsil edib, Bakıda məskunlaşması ciddi narazılıqlara səbəb olurdu. Və bu məsələdə yerli azarkeşlər Qriqorçuku qınayırdı. Siz bu haqda nə düşünürsüz?
- Bu dəqiqə əsas məqsədimiz komandanı komplektləşdirmək, avrokubok mövsümü başlayana qədər planlarımızı qurmaqdı. Dediyiniz məsələ əsasən çempionat dönəminə aiddi ki, o vaxta qədər zamanımız var. Elə etməliyik ki, hamının ürəyincə olsun. Həm azarkeşlərimizin, həm də bizim.
- Baş məşqçi kimi siz hansı variantın tərəfdarısız?
- Bu suala konkret cavab vermək çətindi. Ümumi müzakirələrdən sonra hansısa qərar qəbul olunacaq.
HƏBİB