Bosniya və Hersoqovinanın Tuzla şəhərində gənc qızlardan ibarət həndbol yığmaları arasında “Çelenc Trofi” turnirinə start verilib. B qrupunda yer alan millimiz ilk turda meydan sahiblərinə müqavimət göstərə bilməyib – 16:34. Komandamızın heyətində Kamilə Bayramova 7 qolun müəllifi olub. Qrupun digər oyununda Lüksemburq Böyük Britaniyaya qalib gəlib – 28:20.
İkinci turda yığmamız “cırtdanlar”la heç-heçə edib – 27:27. Bu dəfə İnarə Rzayeva 8 dəfə fərqlənib. Bosniyalılar isə britaniyalıları darmadağın edib – 34:20.
Dünən qrup mərhələsinə yekun vurulub. Həndbolçularımız qələbə sayəsində yarımfinala yüksələ bilərdi. Ancaq millimiz buna nail olmayıb. Komandamız minimal fərqlə adalılara uduzub – 28:29. Bayramova bu dəfə 11 qola imza atıb. Bosniya və Hersoqovina isə Lüksemburqa aman verməyib – 39:14.
1. Bosniya və Hersoqovina 3 3 0 0 107-50 6
2. Lüksemburq 3 1 1 1 69-86 3
3. Böyük Britaniya 3 1 0 2 69-90 2
4. AZƏRBAYCAN 3 0 1 2 71-90 1
Beləliklə, qrupda sonuncu yeri tutan yığmamızın medallar uğrunda mübarizə aparmayacağı dəqiqləşib. Millimiz sabah təsəlliverici oyuna çıxacaq. Rəqib A qrupunda 3-cü yeri tutan Moldova olacaq. Böyük Britaniya Cənubi Kipri sınağa çəkəcək. Yarımfinalda isə Belçika – Lüksemburq və Bosniya və Hersoqovina – Estoniya qarşılaşmaları baş tutacaq.