"Səbail"in baş məşqçisi Aftandil Hacıyev Emin Ağayevin ardından özünə daha bir köməkçi tapıb. 37 yaşlı mütəxəssis karyerasını bitirməyə qərar verən Fərhad Vəliyevə qapıçılarla işləyən məşqçi vəzifəsini tapşırmaq istəyir. Daha doğrusu, o, təcrübəli qolkiperlə danışıb və müsbət cavab alıb: "Bu postu Fərhada həvalə etməyi düşünürəm. O, böyük təcrübəsi olan, uzun illər millidə oynamış qapıçıdı. Fikrimcə, Vəliyevə məşqçiliyə uyğunlaşmaq üçün o qədər çox vaxt lazım deyil. Fərhad güvəndiyim, inandığım adamlardan biridi və onu yanımda görmək istəyirəm. Bir çox amillər var ki, seçimi Fərhadın xeyrinə etdim. Onsuz da karyerasını bitirməyi düşünürdü. Hələ "Səbail"ə təyin olunmamış, "Qarabağ"ın əvəzedicilərdən ibarət komandasında baş məşqçi işlədiyim zaman Vəliyevlə bir-iki dəfə söhbətim olmuşdu. Onda demişdim ki, gəl, yanımızda yavaş-yavaş məşqçiliyə başla. Həmin vaxt da Fərhad istəyini bildirmişdi. İndi belə variant yarandı və ikimizin də fikri üst-üstə düşdü".
Qalır münasibətləri rəsmiləşdirmək. Nədənsə nə Fərhad Vəliyevlə, nə də Emin Ağayevlə rəsmi müqavilə imzalanıb. Ola bilsin, məşqçilər korpusunun bütün üzvləri müəyyənləşəndən sonra formallıq aradan qalxacaq.
MİRAĞA