“Neçə dəfə görmüşəm ki, ya yatıb, ya da orda olmayıb”
Mayın 7-dən 10-dək Beynəlxalq İdman Jurnalistləri Assosiasiası (AİPS) Belçikanın paytaxtı Brüsseldə növbəti konqresini keçirib. Tədbirdə iştirak edən Ermənistanın “Novoe Vremya” nəşrinin əməkdaşı Zaven Vartanyan təəssürat tipli yazı qələmə alıb. Bədnam qonşumuz bizimkilərə atmaca atmağı da unutmayıb: “Hər gün səhər saat 9-dan axşam 7-8-dək konqres davam edirdi. Ancaq çox vaxt Azərbaycan nümayəndə heyətinin üzvləri harasa yoxa çıxırdı. Bəzən 3 nəfərdən heç biri konqres zalında görünmürdü. Amma bu, necə deyərlər, onların problemidi”.
Məsələylə bağlı Azərbaycan İdman Jurnalistləri Assosiasiasının (AİJA) prezidenti Eldar İsmayılovun mövqeyini öyrənmək istəsək də, cəhdimiz baş tutmadı. Əvəzində Brüsseldə olmuş digər həmyerlimiz, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyevlə danışa bildik: “Konqresdə bir neçə məsələ müzakirə olunur. İdman jurnalistlərinin idman obyektlərinə daxil olması, onlara yaradılan şərait müzakirə olunur və bir də beynəlxalq yarışların təqdimatı olur. Namizədlər təqdimatlarını keçirir. Erməninin ittihamına gəlincə, əslində bununla bağlı yazı hazırlamaq istəyirdim. Ancaq sonra fikirləşdim bədnam qonşumuz düşünməsin ki, Azərbaycanda onun yazısını oxuyurlar. Buna görə reaksiya vermədim. Ancaq əsəbləşdim. “Feysbuk”da AİPS ailəsinin şəklini paylaşmışam. Maraqlıdı ki, şəkildə mən varam, amma həmin yazının müəllifi yoxdu. Bu özü elə sübut edir ki, erməni həmin an zalda olmayıb. İkincisi, günün proqramına baxırsan, mövzularla tanış olursan. Hansısa mövzu sənə maraqlı deyilsə, zalı tərk edə bilərsən. Çünki səhərdən axşama kimi heç kimin hövsələsi çatmır ki, orda otursun. Məsələn, Afrika Kubokunun təqdimatı mənə maraqlı olmadığından həmin vaxt oranı tərk etmişdim. Üçüncüsü, yazıda Azərbaycan nümayəndə heyətinin 3 nəfərdən ibarət olduğunu yazıb. Halbuki mən AİPS-in xüsusi qonağı kimi dəvət almışdım. Ümumiyyətlə, bu tədbirdə hər ölkədən maksimum 2 nəfər ola bilər. Azərbaycan nümayəndə heyətində də AİJA-nın prezidenti Eldar İsmayılovla qurumun vitse-prezidenti Nərgiz Mahmudzadə yer almışdı. Mən isə AİPS prezidentinin qonağı kimi qatılmışdım və başqa oteldə məskunlaşmışdım. Qonaqlar üçün yer ayrıdı. Ancaq AİJA rəsmiləri harasa gedəndə mən Azərbaycan nümayəndə heyəti üçün ayrılmış yerdə əyləşdim ki, boş qalmasın. Bir dəfə isə türkiyəli Murad dostumun xahişiylə onun yerində oturmuşam. Çünki o zaldan ayrılırdı. Ancaq əsas yerim qonaqlar üçün ayrılmış oturacaq idi. Orda iştirakçılar gedir-qayıdır. Yəni tam müstəqil auradı. Ermənini neçə dəfə görmüşəm ki, ya yatıb, ya da orda olmayıb. Onunla Soçidə münaqişə də yaşamışıq. Növbəti seçkidə mənim AİPS-in İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyimi irəli sürəcəklərini deyirdilər. Həmin vaxt bu erməni söhbətə qoşulmaq istədi. Ona dedim ki, “yaxşı olardı, siz buranı tərk edəsiz”. O da “axı, biz dost deyilik” söylədi. Cavab verdim ki, “dost dostun torpağını zəbt etməz, nə vaxt torpağı qaytararsız, o vaxt söhbət edərik”. Konqreslərdə qeyri-fəal iştirak etdiyi üçün onu çoxları bəyənmir. Başqa ölkələrin nümayəndələrinin bunun yanında Azərbaycanı tərifləməsi istər-istəməz qıcıq verir. Görür ki, hamı onu “iqnor” edir. Onu heç çox adam tanımır. Çünki fəal deyil. Bəlkə də özünü ön plana çıxarmaq üçün yazıda bizimlə uğursuz müqayisə aparıb”.
SƏRXAN