Avropa Liqası, əsas mərhələ, 7-ci tur
Qarabağ - FKSB (Rumıniya) 2:3 (2:2)
97. Fabian Buntiç
44. Elvin Cəfərquliyev
81. Kevin Medina
13. Bəhlul Mustafazadə
(29. Marko Veşoviç, 70)
2. Mateus Silva
8. Marko Yankoviç
6. Julio Romao
(66. Patrik Andrade, 70)
10. Abdulla Zubir (k)
15. Leandro Andrade
(11. Emmanuel Addai, 81)
21. Aleksey Kaşuk
(27. Toral Bayramov, 81)
90. Nəriman Axundzadə
(22. Musa Qurbanlı, 81)
Ehtiyat oyunçular
12. Sadiq Məmmədzadə
99. Mateuş Koxalski
7. Yassin Benzya
20. Riçard Almeyda
24. Aleksey İsayev
30. Abbas Hüseynov
55. Bədavi Hüseynov
Baş məşqçi: Qurban Qurbanov
32. Ştefan Tırnovanu
33. Risto Radunoviç
5. Coyskim Dava
30. Siyabonqa Nqezana
2. Valentin Kretsu
8. Adrian Şut (k)
42. Baba Əlhəssən
(18. Malkom Ecuma, 46)
11. David Mikulesku
(29. Aleksandru Musi, 62)
7. Florin Tenase
(17. Mihay Popesku, 79)
15. Marius Ştefenesku
(25. Aleksandru Belutse, 46)
9. Daniel Bırlica
(19. Daniel Popa, 90)
Ehtiyat oyunçular
1. Mihay Udrya
22. Mihay Toma
28. Aleksandru Pantya
Baş məşqçi: Elias Xaralambus
Qollar: L.Andrade, 1 (1:0). A.Şut, 7 (1:1). Y.Dava, 41-öz qapısına (2:1). D.Mikulesku, 45+4 (2:2). A.Şut, 73 (2:3).
Vərəqələr: B.Əlhəssən, 4. J.Romao, 39. S.Nqezana, 79. P.Andrade, 89. V.Kretsu, 90+2 - sarı.
Hakimlər: FİLİP QLOVA, Daniel Polaçek, Peter Bednar, Lukaş Dzivyak (hamısı Slovakiya)
VAR hakimi: Mihal Oçenaş (Slovakiya).
VAR hakiminin köməkçisi: Martin Dohal (Slovakiya).
Hakim-inspektor: Martin Hansson (Slovakiya).
UEFA nümyəndəsi: Natalya Borobyova (Belarus).
23 yanvar. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu. 16583 tamaşaçı.
Hər hissəyə 4 dəqiqə əlavə olunub.
7 (1) qapıya ("çərçivə"yə) zərbə 8 (5)
7 künc zərbəsi 4
1 ofsayd 2
10 qayda pozuntusu 23
2 (0) sarı (qırmızı) vərəqə 3 (0)
63 topa sahibolma (faizlə) 37
Fəxri prezidenti vəfat edən, Juninyosuz, cəmi 16 min azarkeşin tribunadan dəstəklədiyi, son şansı dəyərləndirmək məcburiyyətində olan "Qarabağ" və düşüncəli görünən Qurban Qurbanov...
Bədbin qəlblərin "köhlən atlar"ın məğlub olacağını proqnozlaşdırması üçün belə miskin mənzərə yetərli ola bilər. Lakin ağdamlıların əzmkarlığına, cəsarətinə, döyüşkənliyinə bələd olanlar, Avropa meydanlarındakı rəqiblərinə qan uddurduğu matçlara şahidlik edənlər ümidsiz ola bilməzdi. Elə "Qarabağ" da ilk təhlükəli hücumda hesabı açmaqla rəqib üçün asan yem olmayacağını sübut etdi. 1-ci dəqiqədə Silvanın autdan oyuna daxil etdiyi topu Nərimanın sinəsiylə Leandroya çatdırması, portuqaliyalının 4 futbolçunun arasından sıyrılaraq tora qovuşdurması azarkeşləri sevindirdi. İndi təzyiqi, bununla həm də fərqi artırmaq vacib idi ki, özündənrazı və amansız rumınlar dərsini alsın. Lakin qonaqların özünü itirmədən hesabı bərabərləşdirməyə çalışması cəmi 6 dəqiqə sonra fayda verdi. Leandronun qeyri-dəqiq ötürməsi üzündən topu ələ keçirən qonaqlar sürətlə cərimə meydançasına daxil olan Bırlica sayəsində istəyinə çatmaq üzrə idi. Düzdü, Medina önəmli müdaxiləylə təhlükəni sovuşdurdu. Lakin elə bu epizod üzündən təyin edilən künc zərbəsi qolla nəticələndi. Şut Tenasenin göndərdiyi topu müdafiəçilərin məsuliyyətsizliyi üzündən başla "çərçivə"dən keçirdi - 1:1.
Bir qədər sonra növbəti qol üçün vurnuxan qonaqlar yerli tərəfdarların ürək ritmini sürətləndirən epizod yaratdı. Belə ki, referi Medinanın sürətlə cərimə meydançasına daxil olan və topu Mikuleskuya çatdırmaq istəyən Bırlicanı kobud müdaxiləylə dayandırdığını düşündü. Slovakiyalı dərhal "nöqtə"ni göstərsə də, VAR-dan gələn xəbərdarlıq siqnalından sonra başverənləri incələdi və qərarı ləğv etdi. Bundan sonra komandaların nisbətən süst oyun tərzinə üstünlük verdiyini desək, yanılmarıq. Sanki həm meydan sahibləri, həm də qonaqlar xoşbəxtliyi əks-hücumda tapmaqda israrlı idi. Belədə 1-ci hissənin əksər epizodlarında ciddi hərəkətlilik müşahidə olunmadı. Bu ərəfədə rəqiblərin həm də sərt müdaxilələrdən çəkinmədiyini qeyd etməkdə fayda var.
"Qarabağ" yalnız 41-ci dəqiqədə düşünülmüş taktikayla hücuma keçdi ki, bu cəhd qolla nəticələndi. Əslində Elvin Yankoviçin uzun ötürməsini qəbul edəndən sonra topu cərimə meydançasında qərarlaşan Nərimana çatdırmaq istəyirdi. Lakin Axundzadənin çata bilmədiyi top Nqezananın yöndəmsiz müdaxiləsiylə qapıya daxil oldu. Artıq bu hesabı qorumaq və fasilədə oyunun sonrakı axarı ilə bağlı düşünmək lazım idi. Amma ağdamlıların üstünlüyü yenə uzun sürmədi. Belə ki, Medina qapını nişan almaq istəyən Mikuleskunu zərərsizləşdirərkən topun meydanı tərk etməsinə səbəb oldu. Nəticədə rəqib ikinci dəfə künc zərbəsi sayəsində hesabı bərabərləşdirdi. Sonuncu uzatma dəqiqəsində Ştefeneskunun cərimə meydançasına çatdırdığı topu Şutun başla ötürməsi sayəsində ələ keçirən, Romaonun nəzarətsiz qoyduğu Mikulesku tora qovuşdurdu - 2:2. Beləliklə, komandalar fasiləyə "sülh"lə yollandı.
2-ci hissə “Qarabağ”ın aramsız hücumlarıyla başladı. Təəssüf ki, Elvinin 50-ci dəqiqədə qapı qarşısına göndərdiyi topa nə Nəriman toxuna bildi, nə də Bəhlul. Belədə əla qol fürsəti əldən çıxdı. Ardından Yankoviç bəxtini sınadı, onun yumşaq və üzərinə gələn zərbəsini dəf etmək Tırnovanu üçün çətin olmadı. "Köhlən atlar"ın bir qədər sonra qazandığı cərimə zərbəsini Elvin yerinə yetirdi. Birbaşa "çərçivə"ni nişan almaq istəyən müdafiəçi dəqiq oynasaydı, hər şey başqa cür olardı. Lakin top onun zərbəsindən sonra toru yandan silkələdi. 60-cı dəqiqədə isə Kaşuk inanılmaz imkanı əldən verdi. O, Elvinin cərimə meydançasına göndərdiyi topa yaxın məsafədən qeyri-dəqiq zərbə vurdu. Bu ərəfədə qonaqlar yalnız müdafiə olunurdu. Amma 73-cü dəqiqədə hər şey dəyişdi. "Qarabağ" 3-cü qolu da künc zərbəsindən sonra buraxdı. Tenasenin cərimə meydançasına göndərdiyi top Buntiçin çıxışda səhvə yol verməsinin, Mateusun təhlükəni sovuşdurmaq cəhdinin ardından Şutun əlinə keçdi. Nəticədə Nərimanla hava mübarizəsindən qalib ayrılan kapitan dublunu rəsmiləşdirdi.
Bu həm də ümidlərin tükənməsi demək idi. Ona görə ki, yorğun "köhlən atlar"ın fərqlənməsi real görünmürdü. Düzdü, Qurban Qurbanov həm qola qədər, həm də qoldan sonra dəyişikliklər sayəsində komandaya yeni nəfəs verməyə çalışdı. Lakin oyunun taleyini dəyişmək mümkün olmadı. Beləcə məğlubiyyət həm də ağdamlıların pley-off şansını bitirdi!
Necə deyərlər, ümidsiz insanlar xatirələrə sığınır. Görünür, azı avrokubokların gələn mövsümünə qədər "Qarabağ"ın indiyə qədər qazandığı uğurlarla özümüzü ovutmalı olacağıq...
KƏNAN BAHADIR
Yeri gəlmişkən…
UEFA reytinqində Azərbaycanın mövqeyində dəyişiklik olmadı. FKSB-yə uduzan “Qarabağ” ölkənin əmsalına fayda verə bilmədi. Azərbaycan (19,625) 28-ci yerdə qərarlaşıb. Eyni əmsala malik Bolqarıstan isə 27-ci pillədədi. 55 ölkənin yer aldığı siyahıya İngiltərə (102,839) başçılıq edir.
Reaksiyalar
Cici Bekali, FKSB-nin prezidenti: