Yığma ilk yoxlama oyununda Qırğızıstana 3 cavabsız qolla qalib gəldi. Qurban Qurbanovun komandasını qarşıda daha iki sınaq matçı gözləyir. Belə ki, milli iyunun 5-də Astanada Qazaxıstanla qüvvəsini sınayacaq. Həmin qarşılaşma Bakı vaxtı ilə saat 18.00-da başlayacaq. Yığma növbəti yoldaşlıq oyununu iyunun 9-da Latviyaya qarşı keçirəcək. Riqada gerçəkləşəcək görüş isə 19.00-da start götürəcək.
Qırğızlarla oyunu “CBC Sport” ekranlara daşıdı. Çox güman, adı çəkilən telekanal qarşıdakı yoxlama matçlarını da canlı yayınlayacaq. Əldə etdiyimiz məlumata görə, artıq bu yöndə danışıqlar gedir və böyük ehtimalla azarkeşlər millinin oyunlarını izləyə biləcək. Özü də “CBC Sport” matçın birbaşa arenadan şərh edilməsi üçün çalışır. Hər şey planlaşdırıldığı kimi getsə, telekanalın baş redaktoru Şəmsəddin Abbasov yığma ilə birgə səfərə yollanacaq və hər iki qarşılaşmanı matçın keçirildiyi stadiondan şərh edəcək.
Bu arada Qazaxıstan yığmamızla oyun üçün heyəti açıqlayıb. Baş məşqçi Stanimir Stoilov yoxlama matçı üçün 24 futbolçuya dəvət göndərib: qapıçılar - Nenad Eriç (Astana), Vladimir Plotnikov (Kayrat); müdafiəçilər -Sergey Malıy, Yuri Loqvinenko, Dmitri Şomko, Yevgeni Postnikov, Abzal Beysebekov (hamısı “Astana”), Qafurjan Suyumbayev, Stanislav Lunin, Yan Voroqovski, Nuralı Alip (hamısı “Kayrat”); yarımmüdafiəçilər - Serikjan Mujikov, Baxtiyar Zaynutdinov (hər ikisi “Astana”), Baurjan İslamxan, Maqomed Paraqulqov, İslambek Kuat, Georgi Jukov (hamısı “Kayrat”), Maksim Fedin (Tobol), Erkebulan Tunqışbayev (Ordabası); hücumçular - Roman Murtazayev, Aleksey Hetkin (hər ikisi “Astana”), Vyaçeslav Şvırev (Kayrat), Baurjan Turısbek (Tobol), Erkebulan Seydaxmet (“Ufa”, Rusiya).
FARİZ