“Növbəti mövsümdə “Keşlə” ilk “üçlük” uğrunda mübarizə aparacaq”
“Keşlə”nin sürpriz şəkildə ölkə kubokunu qazanması paytaxt təmsilçisinin prezidenti Zaur Axundovu “göyün yeddinci qatına” qaldırmışdı. Qələbə münasibəti ilə bütün kollektivi təbrik edən prezident mediaya da vaxt ayırmağı lazım bildi.
- Çətin keçən mövsümdə klubda baş verən bütün olaylardan xəbərdarsız. “Keşlə”nin ölkə kubokuna sahib çıxması bütün komandanın zəhmətinin bəhrəsidi. Fikirimcə, artıq pis günlər arxada qaldı. Uğurlarımızı davam etdirməyə çalışacağıq.
- Artıq bundan sonra Avropa Liqası barədə düşünməli olacaqsız. Baş məşqçi Yuri Maksimovla müqavilənin müddəti uzadılacaqmı? Ümumiyyətlə, heyətlə bağlı hansı yeniliklər gözlənilir?
- Maksimov nəticə qazanan məşqçidi. Komanda qış fasiləsindən sonra toparlandı, lazım olan səviyyədə futbol sərgilədi. Baxmayaraq ki, bir çox futbolçular kollektivə yeni qoşulmuşdular. Bir-birilərini başa düşmək üçün vaxt lazım idi. Ancaq baş məşqçi və futbolçular peşəkarlıqlarını göstərdilər. Çətin keçən 5 ayın zəhməti bəhrəsini verdi. Həm məşqçidən, həm də komandadan razıyam. Artıq sabahdan avrokubok hazırlığına start veriləcək. Çalışacağıq ki, komandamız qitə miqyasında da yaxşı nəticə göstərsin. Baş məşqçimizlə də yola davam edəcəyik.
- Bizdə olan məlumata görə, finaldakı qələbəyə görə böyük məbləğdə mükafat söz vermisiz...
- Udan adama mükafat verilməlidi də. Bu, yüz faiz olmalıdı (gülür).
- Mümkünsə, məbləği açıqlayardız.
- İcazə verin, bu klubun içində qalsın.
- Avropa Liqasına vəsiqə qazanan komandanın, yəqin ki, yeni transferləri, o cümlədən yeni legionerləri olacaq…
- Məşqçi və rəhbər heyəti olaraq, bu oyunu gözləyirdik. Yəqin ki, sabahdan baş məşqçi avrokuboka hazırlıq proqramını ortaya qoyacaq. Komandaya yeni nəfəs gətirəcək. Danışığımız da belə olub. Baş məşqçi seleksiya işini hansı formada istəsə, biz də işimizi həmin istiqamətdə görəcəyik.
- Növbəti mövsümdə iddialı “Keşlə” görə biləcəyik?
- Özümü tərifləməyim, futzalda da hədəfim həmişə yüksək yerlər olub. Qətiyyətlə deyə bilərəm ki, növbəti mövsümdə “Keşlə” ilk “üçlük” uğrunda mübarizə aparacaq.
RƏŞAD
P.S. Zaur Axundov açıqlamasa da, əldə etdiyimiz bilgiyə görə, “Keşlə”nin əsas heyətinin üzvləri finalda qələbənin qarşılığında hərəyə 5000 manat mükafat alıb.