Sizin reklam burada

U-20 avtoqolla uduzdu və toplanışı qələbəsiz başa vurdu

Müəllif: football Tarix: 30-05-2018, 23:24 674 Baxış
U-20 avtoqolla uduzdu və toplanışı qələbəsiz başa vurdu
Mayın 24-də Makedoniya ilə yoxlama görüşündə gücünü sınayan və hesabı açmasına rəğmən, üstünlüyünü qoruya bilməyən 20 yaşadək futbolçulardan ibarət yığmamız dünən eyni rəqiblə ikinci dəfə münasibətləri aydınlaşdırdı. Yenə Mərdəkanda, “Dalğa Arena”da baş tutan qarşılaşmaya komandamız dəyişik heyətlə çıxmışdı. Rəşad Sadıqov ilk oyunla müqayisədə start heyətində Anton Krivotsyuk, Ricat Qarayev və Murad Qayalı istisna olmaqla, hamını dəyişmişdi.
Azərbaycan: 22. Nicat Mehbalıyev, 3. Anton Krivotsyuk (k), 13. Murad Qayalı, 2. Amin Seydiyev, 18. Ricat Qarayev, 9. Ruslan Hacıyev, 28. Şakir Seyidov, 21. Rüstəm Nuriyev, 19. Famil Camalov, 15. Əli Sadıxov, 8. Rafael Məhərrəmli.
Makedoniya: 1. Riste Yankov, 20. Aqron Rufati, 18. Vane Yovanov, 3. Mixail Manevski, 5. Nexar Sadiki, 8. Yani Atanasov, 17. Daniel Milovanovik, 10. Davor Zdravkovski (k), 21. Kristian Trayçeski, 14. Darko Çurlinov, 7. Milan Ristovski.
Oyuna üstün başlayan Makedoniya ilk qarşılaşmada olduğu kimi, diqtə edən tərəf idi. Rəqibin hücumları daha kəsərli alınırdı. 21-ci dəqiqədə rəqib millimizin qapısına yol tapsa da, Rza Məmmədovun ofsayd bayrağı makedoniyalıların sevincini gözündə qoydu. Di gəl ki, 4 dəqiqə sonra kuryoz qol qeydə alındı. Gərək olmadan meydanın mərkəzindən topu qapıçısına göndərmək istəyən Krivotsyuk avtoqol müəllifi oldu. Bu epizodda qapıçı da xeyli irəli çıxmışdı. Üstəlik, son anda topa müdaxilə edə biləcəyi halda, nədənsə buna cəhd göstərmədi. İlk yarının qalan dəqiqələri də Makedoniyanın aşkar üstünlüyü şəraitində keçsə də, başqa qol olmadı.
İkinci hissəyə U-20 böyük dəyişikliklərlə başladı. Rəşad Sadıqov birdən-birə 5 əvəzetmə həyata keçirdi. Bundan sonra yığma üstün oyun nümayiş etdirməyə başladı. Ancaq rəqib qapısına yol tapmaq mümkün olmadı. 80-ci dəqiqədə isə yüzfaizlik qol imkanı boşa verildi. Rəqib futbolçu cərimə meydançasında əllə oynadığına görə Orxan Məmmədov "11 metrə” təyin etdi. Ancaq Fərid Nəbiyev penaltini dəyərləndirə bilmədi. Daha dəqiq desək, qapıçı zərbənin istiqamətini doğru müəyyənləşdirdi.
Beləliklə, minimal hesabla uduzan Rəşad Sadıqovun baş məşqçi olduğu komanda Bakı toplanışını qələbəsiz başa vurdu. Daha əvvəl Gürcüstana 1:2 hesabı ilə uduzan milli Makedoniya ilə ilk yoldaşlıq görüşündə heç-heçə etmişdi - 1:1.
MİRAĞA
SON XƏBƏRLƏR