
Taekvondo Federasiyası iranlı legionerlərlə yolları ayırdı
“Əcnəbi gəlirsə, yerlilərdən bir baş üstün olmalıdı”
Mayda bir neçə olimpiya növü üzrə Avropa çempionatı keçirildi. Onlardan biri də taekvondo üzrə qitə birinciliyi idi. Rusiyanın Soçi şəhərində baş tutan məsul yarışda yığmamız 1 qızıl, 2 bürünc medal qazanaraq, komanda hesabında 6-cı yeri tutdu. Bununla da AÇ tarixində qazancımız 8 “qızıl”, 12 “gümüş” və 16 “bürünc”ə çatdı. Medalların əyarına görə qitədə 12-ci yerdəyik.
Soçidəki nəticələrə gəlincə, Radik İsayev (+87 kq) karyerasında ikinci dəfə Avropa çempionu oldu. Sözsüz, əsas ümidlər Milad Beiqi Harçeqaniyə (80 kq) idi. Ancaq cənublu soydaşımız titulunu qoruya bilmədi. Dünya və Avropa çempionu bu dəfə qitənin “bürünc”üylə kifayətləndi. Elə Patimat Abakarova (49 kq) da yarımfinalda dayanmaqla 3-cü yeri tutdu. Xanoğlan Kərimov (54 kq), Qaşım Maqomedov (58 kq), Xanrul Fətullayev (63 kq), Məhəmməd Məmmədov (68 kq), Səid Quliyev (74 kq), Ramin Əzizov (87 kq), Fatimə Şabannia Mansur (46 kq), Sahar Kargar (53 kq), Mahtap Kiyaniçandeh (57 kq), Fəridə Əzizova (67 kq), Elvarə Cəlilova (73 kq) və Zəhra Fazel Kalxorana (+73 kq) isə fəxri kürsüdən kənarda qaldı. Halbuki yığmamız bundan əvvəlki iki analoji yarışda (2014, 2016) daha yaxşı nəticəyə imza atmışdı. Geriləmənin səbəbi nədi? Bəlkə başqa federasiyalar kimi maliyyə problemi yaşayan ATF-nin idmançılarında motivasiya və psixoloji hazırlıq sarıdan çatışmazlıq olub? Hər halda, bu suallara mütəxəssislər daha dəqiq cavab verə bilərdi. Biz də sözü onlara verdik.
Əvvəlcə qadınlardan ibarət yığmamızın çalışdırıcısı Elnur Amanovu dinləyək: “Nəticələri elə də yaxşı dəyərləndirmirəm. Bundan da yaxşı olmalıydı. Bir az uşaqlar zəif çıxış elədi. Komandaya istirahət verildiyindən hələ iclas keçirilməyib. Bəzi idmançılarımız oruc tutduğundan fasilə vermişik. Bir-iki həftəyə növbəti təlim-məşq toplanışına başlayacağıq. Yəqin ki, komanda yığışdıqdan sonra federasiyada iclas olacaq. Fəridədən uğur gözləyirdik. Medal uğrunda döyüşdə 1 cərimə xalı hesabına uduzdu. Finala rahat çıxa bilərdi. Qaşım, Məhəmməd və Ramindən də medal gözləyirdik. Bütün qadın legionerlər İrandan idi. Artıq onlarla yolları ayırmışıq. Əcnəbi gəlirsə, yerlilərdən bir baş üstün olmalıdı. Ölkə çempionatı zəif olduğundan onların nəyə qadir olduğunu müəyyənləşdirə bilmədik. Ancaq Avropa çempionatında gördük ki, biz istədiyimiz səviyyədə perspektivə malik deyillər. Bu il 4 “Qran-pri” var. İlin sonunda isə Dünya Kubokunda çıxış edəcəyik. İlin sonunadək əsas yarışlarımız bunlar olacaq”.
Daha sonra ATF-nin yığmalar üzrə vitse-prezidenti Niyaməddin Paşayevlə söhbətləşdik. O da nəticələrdən narazı qaldığını gizlətmədi: “Avropa çempionatında 15 taekvondoçu ilə təmsil olunduq. Ayxan Tağızadə qitə birinciliyinə qatılmadığından Məhəmməd Məmmədov 68 kq-da mübarizə apardı. Həm Səid, həm Məhəmməd, həm Ramin, həm də Fəridədən medal gözləyirdik. Təəssüf ki, medalçılar sırasında olmadılar. İdman şanssızlığı deyək. Komandadan 3 yox, daha çox medal gözləyirdik. İlin əvvəlindən yığmamız federasiyanın təlim-məşq bazasında hazırlıq keçmişdi. “Ukraine Open” turnirinə də qatılmışdıq. AÇ-nin heyətini bu yarışa əsasən müəyyənləşdirmişdik. Deyərdim ki, hazırlığımız yetərli səviyyədə idi. Ancaq bəzi idmançılarımızın uğursuz çıxışı bizi məyus etdi. Hələ qitə birinciliyinin nəticələrini təhlil etməmişik. Komanda toparlandıqdan sonra iclas keçirəcəyik. Maliyyə problemlərinə görə nəticələrin zəif olduğunu düşünmürəm. Federasiyamızın maddi-texniki bazası qaydasındadı. Təlim-məşq zallarımız həm fiziki, həm də taktiki-texniki hazırlıq keçməyə tam imkan verir. Məşqlə bağlı bütün ehtiyaclar vaxtında təmin olunur”.
SƏRXAN