On futbolçuyla yollar ayrıldı
Premyer-liqanın iki iştirakçısı – “Səbail” və “Sumqayıt” arasında bənzərlik çoxdu. Söhbət təkcə adlarının eyni hərflə başlamasından getmir. Başa çatan mövsümdə hər iki komandanı adaş olan mütəxəssislər çalışdırdı. Maraqlıdı ki, hər ikisi çempionat bitən kimi istefa verdi. Elə heyətlərindəki əsaslı dəyişikliklərdə də bənzərlik tapmaq olar. Ancaq bu haqda bir qədər sonra.
Dünən “Səbail”in baş məşqçi vəzifəsinə gözlənilməz təyinat rəsmiləşdi. Samir Əliyevin xələfinin daha təcrübəli sima olacağını gözləyənlər yanıldı. Sabiq yığma üzvünü vaxtilə millidə çıxış etmiş başqa veteran futbolçu əvəzlədi. Söhbət illərdi “Qarabağ”ın əvəzedicilərini çalışdıran Aftandil Hacıyevdən gedir. 36 yaşlı mütəxəssis bir müddət öncə 21 yaşadək futbolçulardan ibarət yığmamızda Rəşad Sadıqovun köməkçisi olmuşdu. Çox güman, məşqçi-futbolçu Hacıyevin yerinə başqa köməkçi tapmalı olacaq. “Səbail” yeni çalışdırıcısıyla “2+1 illik” şərti ilə müqavilə bağlayıb. Aftandil bəy ilk dəfə premyer-liqa komandasını çalışdıracaq. Bunadək Hacıyevin ən böyük uğuru “Qarabağ”ın əvəzedicilərini çempion etməsidi. Qısası, bu təyinat yetərincə riskli görünür. Hətta bir qədər də irəli gedib, deyə bilərik ki, “Səbail”in azsaylı azarkeşləri indidən növbəti mövsümlə bağlı böyük xəyallar qurmaya bilər. Seçilmiş strategiya onu göstərir ki, hədəf maksimum autsayder olmamaq və daha da təcrübə toplamaqdı. Çox güman, növbəti mövsümün büdcəsi də böyük olmayacaq.
Heyətdə də “təmizlik” əməliyyatına start verilib. Artıq 10 futbolçuyla yollar ayrılıb. Bunlardan ən çox diqqəti çəkən Faruk Miya və Yevgeni Koçukdu. Bu futbolçuların icarə müqaviləsinin müddəti başa çatdığı üçün geri qayıdıb. Adı “Neftçi”ylə yanaşı hallanan Miyanın premyer-liqada 2 qol və 2 məhsuldar ötürmə müəllifi olduğunu qeyd edib, keçək başqalarına. Müqavilələri başa çatan daha 6 futbolçu sərbəst buraxılıb. Söhbət Elman Taqayev, Ayrton Stati, Nikolos Apakidze, Murad Ağayev, Vahit Orazsahedov və Nurlan Novruzovdan gedir. Bundan başqa Raul Yaqubzadə və Kərim Diniyevlə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. “Yarpaq tökümü”nün davam edəcəy, Rahil Məmmədovun da yolçu olacağı gözlənilir. Gəzən söz-söhbətlərə görə, Qurban Qurbanov “Neftçi”nin yetirməsini “Qarabağ”a aparmaq istəyir. Ancaq bu variant hələ ki ehtimal olaraq qalır.
Mətbuatda “Səbail”in əvəzedicilərini ölkə çempionu edən Elman Sultanovun da işdən çıxarılması haqda məlumatlar yayılıb. Ancaq buna məntiqi izah tapmaq çətin idi. Debüt ilində komandaya titul qazandıran mütəxəssislə niyə yollar ayrılsın ki?! Çox keçmədən xəbərin əsassız olduğu üzə çıxdı. “Səbail”in mətbuat katibi Törə Əhmədova Sultanovun komandadan ayrılması xəbərinin həqiqəti əks etdirmədiyini bildirdi.
Bu arada “Səbail” mövsümün yekunuyla bağlı tədbir keçirib. Gecədə klub nominasiyaları üzrə qaliblərin adları açıqlanıb. Klubun sosial şəbəkələrində keçirdiyi səsvermənin yekunlarına görə, azarkeşlərin rəyinə əsasən ən yaxşı oyunçu Fəhmin Muradbəyli, məşqçilərin və əsas heyət oyunçularının rəyinə əsasən isə mövsümün ən yaxşı futbolçusu Yevgeni Koçuk seçilib.
SƏRXAN