Sizin reklam burada

Emin Abbasov “Sabah”dan təklif almayıb

Baxış Sayı:969

Emin Abbasov “Sabah”dan təklif almayıb
“Xəzər”lə bağlı durum qeyri-müəyyəndi”
Birinci divizionun qalibi olan “Xəzər” lisenziya tələblərinə cavab vermədiyinə görə elitaya buraxılmadı. Komandanın fəaliyyətini davam etdirib-etdirməyəcəyi də bilinmir. Ancaq bu gedişlə, çox güman, klub tarixin yaddaşına köçəcək.
Bir müddət öncə klubun bütün proseslərlə bağlı bəyanat yayacağı deyilmişdi. Lakin bu baş vermədi və görünür, olmayacaq da. Artıq orda çalışanlar da yavaş-yavaş özlərinə yeni iş yerləri tapır. Bir müddət öncə “Xəzər”i çempion edən Elşad Əhmədov “Sabah”ın baş məşqçisi təyin olundu. İndi isə klubun icraçı direktoru, tanınmış telejurnalist Emin Abbasovun da adı elitanın debütantı ilə yanaşı hallanır. Daha doğrusu, Emin bəyin artıq “Sabah”da icraçı direktor vəzifəsinə təyin edildiyi yazılır.
Dünən Abbasovla əlaqə saxlayıb, məlumatın doğru olub-olmadığını soruşduq: “Mənə “Sabah”dan təklif gəlməyib. Aramızda heç bir danışıq olmadığı halda nəsə deyə bilmərəm. Təklif olardısa, nəsə fikir söyləyə bilərdim. Düzdü, saytlar yazır. Ancaq onlara da bunu qadağan edə bilmərəm. Sırf məndən soruşursuzsa və səmimiyyətimə inanırsızsa, bu dəqiqəyə qədər “Sabah”la bağlı heç kim mənə heç nə təklif etməyib. O başqa məsələ ki, Elşad Əhmədovla dostluq münasibətimiz var və bu davam edir. Onun “Sabah”da və ya başqa klubda olması həmin münasibəti dəyişməyəcək. İnşallah, dostluğumuz yenə də davam edəcək. Lakin “Sabah”da çalışmaqla bağlı heç bir təklif almamışam”.
Maraqlıdı, Emin bəy artıq “Xəzər”lə yollarını ayırıb? Özünü dinləyək: “Məsələ burasındadı ki, “Xəzər”lə bağlı durum da bir qədər qeyri-müəyyəndi. Orda da bir sıra məqamlara aydınlıq gəlməyib. Hansısa klubdan təklif olsaydı və razılaşsaydıq, gedib halallaşıb, çıxmaq olardı. Lakin dəqiq bir şey yoxdu. “Xəzər”in fəaliyyətini davam etdirib-etdirməyəcəyi bilinmir. Açıq suallar var. Mövsüm bitib, bəzi hesabatlar hazırlanır və onları verəcəyik. İyunun 1-nə qədər həmin suallara aydınlıq gəlməlidi”.
FARİZ

Oxşar xəbərlər
SON XƏBƏRLƏR