Seymur Məmmədov: “Bunun davamını gətirmək lazımdı”
Debüt ilində yüksək liqanı ikinci pillədə başa vuran “Marafon” ölkə kubokunda bir addım da irəli getməyi bacardı. Həlledici oyunda “Uğur”u məğlub edən debutant ölkə kubokunu başı üzərinə qaldırdı. Qalib komandanın təcrübəli oyunçularından Seymur Məmmədovla müsahibəni təqdim edirik.
- Əvvəlcə kubokun finalından danışaq. Başa düşürük, həlledici qarşılaşma idi, məsuliyyət, titul qazanmaq istəyi və s. Amma gərginlik gözləniləndən daha çox oldu. “Cərəyan şiddətini” artıran məqamlar hansılar idi?
- Bu mərhələ cəmi bir oyundan ibarətdi. Səhv etsən, mövsüm ərzində çəkdiyin əziyyət heçə enəcəkdi. Üstəlik, rəqibimiz, demək olar, legionerlərdən qurulmuş komandadı. Özlərini sübut etməyə çalışırdılar. Məncə, əsl finala yaraşan oyun oldu. Təbii ki, qələbə qazandığımıza görə şadıq.
- Oyunun əvvəlində hesabda 2 top fərqi ilə geri düşdüz. Narahatlıq var idi?
- Əlbəttə, narahat idik. Bunun da günahı özümüzdəydi. Oyunun əvvəlində boşluqlara yol verdik, müdafiəni düzgün qurmadıq. Sonradan məşqçilərin müdaxiləsi ilə taktikanı dəyişdik, səhvləri aradan qaldırdıq. Bu dəyişiklik hesabda da əksini tapdı.
- Ancaq bir oyunda 10 sarı, 3 qırmızı vərəqə sıradan göstərici deyil…
- Onlar çox istəyirdilər ki, güclü olduqlarını sübut etsinlər. Xüsusilə də iranlı futzalçılar bu mənada seçilirdi. Bizim komandada da onların həmyerliləri var. Açığı, vəziyyət gözlənilən idi.
- Özün debütant olmasan da, komandan ilk dəfə yüksək liqada çıxış etdi. Gümüş medalı qazandız, amma kubokda hamıdan güclü olduz.
- Çempionatı ikinci pillədə başa vurmağımız, kubokda hamıdan güclü olmağımız bizim üçün böyük nailiyyətdi. İndi qarşıdakı mövsümdə bunun davamını gətirmək lazımdı. Zirvəyə yüksəlmək nə qədər çətindisə, orda qalmaq daha çətin, ağırdı.
- Hansının çəkisi ağırdı - "gümüş"ün, yoxsa "qızıl"ın?
- Zirvə hər zaman zirvədi. Ona görə də kubokun "qızıl"ı daha “ağırdı”. Bu bizə əlavə motivasiya, stimul verəcək.
- Bəs çempionatda ən çətin, yaddaqalan oyununuz hansı oldu?
- “Araz”la son qarşılaşmamız çox maraqlı və yaddaqalan oldu. Qələbə qazandığımıza görə yox, sarı və qırmızı vərəqələrin həddən artıq çox olmasını qabardardım. Ümumiyyətlə, bu komanda ilə duellərimizin hamısı maraqlı alındı. Həmin qarşılaşmalarda da yenə öz səhvimizdən məğlub olduq.
- “Araz”ı qabaqlaya bilərdiz?
- Bir qədər düzgün oynamalı, səhvləri minimuma endirməliyik. “Araz”ın üzvləri kifayət qədər təcrübəlidi, ardıcıl çempion olurlar. Onları üstələmək çətindi, amma mümkünsüz deyil.
- Etiraf edək ki, komandanızda legionerlərin sayı da çoxdu.
- Razıyam, çoxdu. Legionerlərin gəlməsinin əlehinə deyiləm, amma güclülərini seçməliyik. Mövsümün əvvəlində vaxtımız az oldu, işə gec başladıq. Yeni çempionat üçün daha güclü komanda quracağımıza inanıram. Bir də legionerlərlə bağlı limitin tətbiq edilməsinin tərəfdarıyam. Yerli oyunçular belədə daha çox oynamaq imkanı qazana bilər. Gənclərin inkişafı üçün bu mütləq lazımdı.
MİRAĞA hazırladı