Yuri Maksimov növbəti mövsümdə də "Keşlə"nin “sükanı arxasında” olacaq. Bu barədə klubun mətbuat xidməti mediaya bilgi verib. Bildirilir ki, ukraynalı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsi yenilənəcək. Artıq 1 illik anlaşma ilə bağlı razılıq əldə olunub. Ölkə kubokunun final oyunundan sonra Maksimov rəsmi müqaviləyə imza atacaq. Halbuki mütəxəssis komandadan ayrılacağını söyləməkdən yorulmurdu.
"Keşlə" rəhbərliyi artıq Maksimovun iradəsinə uyğun plan üzrə hərəkət edərək, vidalaşacağı legioneri müəyyənləşdirib. Argentinalı mərkəz yarımmüdafiəçi Pablo Podio mövsüm bitəndən - "Qəbələ"ylə final matçından sonra yola salınacaq. Ukraynalı məşqçi cəmi 2 matçda oynatdığı 29 yaşlı legionerin xidmətində maraqlı deyil. Əslində klub Podionu cari mövsümün sonunadək icarəyə götürmüşdü. Anlaşmasının müddəti bitir. Qeyd edək ki, "Keşlə"nin qış fasiləsində ilk transferi olan Podio Çexiyanın "Zlin" klubundan cəlb edilmişdi. İcarə müqaviləsi bitən digər legioner - Nemanya Stoyanoviçi isə saxlamaq fikrindədilər. Avstriyanın "Qarabağ" klubundan icarəyə götürülən serbiyalı yarımmüdafiəçiylə anlaşmanın uzadılacağı gözlənilir. Ümumiyyətlə, “Keşlə” hazırkı heyəti qorumaq fikrindədi. Buna görə də futbolçuların əksəriyyətinə yeni müqavilə təklif ediləcək.
Bu arada "Keşlə"nin U-10 komandası AFFA-nın müvafiq liqasında qalib olub. Bu münasibətilə klubun Müşahidə Şurasının sədri Zaur Axundov U-10 komandasının məşqçi və futbolçu heyəti, eləcə də valideynlər ilə görüş keçirib. Axundov çempionluq münasibətilə məşqçi heyətini və komanda üzvlərini təbrik edib, növbəti mövsümdə də uğurlar arzulayıb.
MİRAĞA