Gənclər ciddi tənqid üçün əsas vermədilər
Çempionatın başa çatması ilə əksər hakimlər “məzuniyyətə çıxdı”. Yalnız kubokun finalı qalıb ki, bu qarşılaşmaya da 4 nəfər gedəcək. Hərçənd Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov “Səbail” – “Keşlə” oyunundakı kimi 6 hakimin xidmətindən də yararlana bilər. Gələn həftə baş tutacaq həlledici oyuna kimlərin təyinat alacağını zaman göstərəcək. Hələ ki sizi hakimlərin son turdakı idarəçiliyini dəyərləndirən reportyorlarımızın qeydləri ilə tanış edək.
RAUF CABBAROV, Sumqayıt – Zirə
“Sumqayıt”la “Zirə”nin dueli turun mərkəzi oyunu sayılırdı. Baxmayaraq ki, bağlanış matçında çempion və vitse-çempion - “Qarabağ”la “Qəbələ” qarşılaşdı. Sumqayıtdakı matç isə Avroliqaya sonuncu vəsiqə -“lotereya” baxımından prinsipial idi. Rauf Cabbarov, demək olar, bu çətin missiyanın öhdəsindən gəlməyi bacardı. Sadəcə, bəzən gərginliyin artdığı məqamlarda referi “oyunun ipini əldə saxlamaqda” çətinlik çəkirdi. Bu da meydanda əlavə gərginliyə səbəb olurdu. Onun ən mübahisəli qərarı birinci hissədə Riçard Qadzeyə vərəqə göstərməməsi oldu. Halbuki hər kəs, elə Cabbarov özü də hücumçunun onun ünvanına ingiliscə söydüyü söyüşü eşitdi. Di gəl ki, hakim artıq bir vərəqəsi olan “Zirə”liyə əhəmiyyət vermədi. Görünür, o, yersiz söz-söhbətdən çəkindi. Ümumilikdə hakimlər briqadasının nəticəyə təsir edən hansısa səhvi olmadı. Təsadüfi deyil ki, oyunsonrası mətbuat konfransında heç kim hakim idarəçiliyini qabartmadı.
RƏHİM HƏSƏNOV, Kəpəz – Neftçi
Gəncədəki oyun FİFA referisi üçün çətinlik yaratmadı. Çünki qarşılaşmada o qədər də sürət yox idi. Müəyyən epizodları istisna etsək. Məsələn, yerli azarkeşlər tez-tez ona etirazını bildirirdi. Ancaq bu, adət etdiyimiz haldı: gəncəli fanatlar kimliyindən asılı olmayaraq, həmişə hakimə təzyiq göstərir. Ümumən idarəçilik ideala yaxın oldu. Kiril Petrovun meydandan qovulması da haqlı qərar idi. Verdiyi vərəqələr, həlledici qərarların hamısı doğru idi. Qısası, hakimlərin oyunun nəticəsinə təsir edən hansısa nöqsanına şahid olmadıq.
VÜQAR HƏSƏNLİ, Səbail – Keşlə
Debüt oyunu olduğunu nəzərə alsaq, Vüqar Həsənlinin idarəçiliyi pis alınmadı. Əslində köməkçisi çox idi və bu, gənc hakimin işini asanlaşdırırdı. Bununla belə, səhvləri yox deyildi. Məsələn, Pərdis Fərcad-Azada verdiyi sarı vərəqə haqsız idi. ”9 nomrə” ikili mübarizədən sonra yıxılmışdı və orda hansısa simulyasiyadan söhbət gedə bilməzdi. Və ya həmin epizodu hakimi aldatmağa cəhd kimi dəyərləndirmişdisə, 44-cü dəqiqədə oxsar vəziyyətdə Pərdisə növbəti "sarı"nı göstərib meydandan qovmalıydı. Təcrübəsiz olması “üstünlük” prinsiplərinə önəm verməməsində və fitini tez-tez səsləndirməsində də özünü göstərirdi.
RƏŞAD ƏHMƏDOV, Qəbələ – Qarabağ
Gənc referi bir neçə kritik qərarı ilə diqqət mərkəzinə düşdü. İlk növbədə penalti epizoduna toxunaq. Elvin Camalovun Dani Kintanaya qarşı kobud oynadığı vəziyyətdə Rəşad məsuliyyəti özü üzərinə götürdü, yəni köməkçisinə tərəf baxmadan “nöqtə”ni göstərdi. Əslində qayda pozuntusu mübahisə doğurmurdu, sadəcə, ilk baxışdan hər kəsə elə gəldi ki, Kintana cərimə meydançasının çölündə kobudluğa məruz qalıb. Ancaq videotəkrardan da aydın görünür ki, Əhmədov doğru qərar verib. Gənc hakimin Cavid Hüseynovu meydandan qovduğu epizodla bağlı da mübahisə etməyə dəyməz. Əksinə, insident yerinə yaxın olması, “Qəbələ”nin kapitanının Kintananı vurmasını gözdən qaçırmaması xüsusi vurğulanmalıdı. Bununla belə, hakimin tələsik və şübhəli qərarı da oldu. Belə ki, Ağabala Ramazanovun sarı vərəqə aldığı epizodda “Qarabağ”lını cəzalandırmamaq da olardı. Düzdü, Əhmədovun “nöqtə”ni göstərməməsi doğru qərar idi. Ancaq futbolçu simulyasiyaya əl atmamışdı, ikili mübarizədə yerdə qalmışdı. Bundan başqa, bir epizodda baş hakim topun qarşısını kəsərək “Qəbələ”nin hücumunu əngəllədi. Amma ümumilikdə Rəşad Əhmədovun çətin qarşılaşmadan üzüağ çıxdığını deyə bilərik.
MİRAĞA