İlqar 10 ildən sonra yığmaya çağırıldı
Mayın 23-dən iyunun 2-dək Bakıda, iyunun 3-dən 6-dək Astanada, iyunun 7-dən 9-dək Riqada təlim-məşq toplanışı keçəcək yığmamızın bu müddət ərzində üç yoldaşlıq oyununda gücünü sınayacağını bilirsiz. Millimiz mayın 29-da Bakıda Qırğızıstanı sınağa çəkəcək. İyunun 6-da Astanada Qazaxıstanla qarşılaşacaq komandamız 3 gün sonra Latviya ilə münasibətləri aydınlaşdıracaq. Qurban Qurbanov sözünü tutaraq, dünən yığmanın heyətini açıqladı. Toplanışa 27 futbolçu dəvət olunub. “Qarabağ” 7 futbolçuyla liderlik edir. “Qəbələ” və “Neftçi”nin 5 üzvü dəvətlilər sırasındadı. “Sumqayıt” və “Keşlə”dən 2, “Zirə” və “Səbail”dən isə hərəyə 1 futbolçu yığmaya çağırılıb: qapıçılar - Kamran Ağayev (Keşlə), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (Neftçi); müdafiəçilər - Maksim Medvedev, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Ruslan Abışov (Neftçi), Ürfan Abbasov, Təmkin Xəlilzadə, İlqar Qurbanov (hamısı “Qəbələ”), Rahil Məmmədov (Səbail), Slavik Alxasov (Keşlə), Pavel Paşayev (“Aleksandriya”, Ukrayna), Ufuk Budak (“Samsunspor”, Türkiyə); yarımmüdafiəçilər - Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı “Qarabağ”), Namiq Ələsgərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı “Neftçi”), Ruslan Qurbanov, Cavid Hüseynov (hər ikisi “Qəbələ”), Cavid İmamverdiyev (Sumqayıt), Araz Abdullayev (“Anortosis”, Cənbi Kipr), Dimitri Nazarov (“Ertsgebirge”, Almaniya); hücumçular - Ramil Şeydayev, Mahir Mədətov (hər ikisi Qarabağ), Amil Yunanov (Sumqayıt).
Baş məşqçi bu dəfə cəmi 4 legionerə dəvət göndərib. Bunlar Araz Abdullayev, Dmitri Nazarov, Pavel Paşayev və Ufuk Budakdı. Ufuk uzun fasilədən sonra yığmada yer alacaq. Əslində Budakın hələ ötən toplanışa cəlb olunması planlaşdırılırdı. Ancaq sol cinah müdafiəçisinin zədələnməsi Qurbanovu başqa variant seçməyə vadar etdi. Yeri gəlmişkən, çox güman, Almaniya regional liqasında bombardir olan Rüfət Dadaşov zədələndiyi üçün yenə milliyə dəvət almayıb. Qardaşı Renatın əsas komandaya çağırılmamasını da başa düşmək çətin deyil. Kiçik Dadaşov əvvəlcə özünə klub tapmalı və intizamla bağlı problemlərini həll etməlidi.
Mövcud heyəti mövqelər üzrə dəyərləndirək. Qapıçılar gözlənilən simalardı. Hərçənd son zamanlar Kamran Ağayev, Anar Nəzirov və Səlahət Ağayevin səhvlərə yol verdiyini görürük. Tədricən Rəşad Əzizli və Orxan Sadıqlı kimi gənc və istedadlı qapıçılar tərəfə də boylanmaq lazımdı. Müdafiəçilər arasında zədəsini sağaltsa da, oyun praktikası olmayan Bədavi Hüseynovun yer alması təəccüblüdü. Bəlkə də məqsəd bu görüşlər vasitəsi ilə stopperin forma yığmasına nail olmaqdı. Ən çox diqqəti çəkən İlqar Qurbanovun adıdı. Zarafat deyil, o, düz 10 ildən sonra yığmanın formasını geymək şansı əldə edib. İndi 32 yaşlı futbolçu formanın haqqını verməlidi. Keçək yarımmüdafiəyə. Hazırda formada olan yerli oyunçulardan kənarda kiminsə qaldığını söyləmək çətindi. Qurban bəy ən optimal seçim edib. Hücuma gəlincə, çalışdırıcının bu mövqedə seçim şansı çox deyil. Düzdü, “Qarabağ”ın forvardları çempionatda “qısırlaşıb”. Ancaq yığma üçün lazımlı futbolçular olduğu danılmaz faktdı. Amil Yunanov isə Mahir Mədətov və Ramil Şeydayevlə müqayisədə daha yaxşı formadadı. Dəniz Yılmaza dəvət göndərilməməsi də doğru addımdı. Adam “Gənclərbirliyi”ndə nadir hallarda meydana çıxırdısa və formada deyilsə, yığmada nə işi var?
SƏRXAN