Ötən həftənin şənbə günü Region Liqasında yarımfinal oyunları keçirilib. Ağdaş şəhər stadionunda şimal zonasının qalibi olan “Uğur”la mərkəz zonasının birincisi “Füzuli” üz-üzə gəlib. Matçdan öncə şanslar bərabər dəyərləndirilsə də, Sumqayıt təmsilçisi daha inamlı təsir bağışlyıb və rəqibin qapısından 3 cavabsız qol keçirib. Binədə isə “Energetik” “Araz Naxçıvan”ı sınağa çəkib. Oyunda ilk qol mingəçevirlərdən gəlib. Ancaq Muxtar Respublika çempionatının qalibi olan “Araz Naxçıvan” özündə güc taparaq “status-kvo”nu bərpa edib. 90 dəqiqə 1:1 hesabı ilə başa çatdığından əlavə vaxta ehtiyac duyulub. Ancaq tərəflər yenə fərqlənə bilməyiblər. Bu üzdən finalçını müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub ki, “lotereya”da “nur şəhəri”nin komandası daha dəqiq olub.
Beləliklə, mayın 22-də, saat 18.00-da, “Bayıl Arena”da keçiriləcək final oyununda “Energetik” və “Uğur” qarşılaşacaq. “Araz Naxçıvan” və “Füzuli” isə həmin gün saat 14.00-da keçiriləcək oyunda üçüncü pillənin sahibini müəyyənləşdirəcək.
Uğur (Sumqayıt) - Füzuli 3:0
Araz Naxçıvan – Energetik (Mingəçevir) 1:1, p. - 4:5
Bombardirlər: Balazahir Əsədullayev (Şağan) – 12, Oruc Bayramov (Tufan) – 10.
RƏŞAD