Milli Antidopinq Agentliyinin (AMADA) direktoru Şəfəq Hüseynli Ümumdünya Antidopinq Agentliyinin (WADA) Kanadanın Monreal şəhərində keçirilən Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin iclaslarında iştirak edib. Səfər zamanı Hüseynli WADA-nın mənzil-qərargahında olub və bir sıra işgüzar görüşlər keçirib. WADA-nın təhsil və maarifləndirmə üzrə şöbəsinin rəhbəri Toni Kanningem ilə görüşdə AMADA-nın Azərbaycanda dopinqlə mübarizə ilə bağlı keçirdiyi maarifləndirmə tədbirləri və antidopinq sahəsində beynəlxalq layihələrdə iştirakı perspektivləri müzakirə edilib. Bundan əlavə, beynəlxalq federasiyalarla əlaqələr departamentinin rəhbəri Qabriel Zangenfayndla AMADA-nın beynəlxalq idman federasiyaları ilə qarşılıqlı əməkdaşlığı genişləndirmək planları haqda fikir mübadiləsi aparılıb. WADA-nın direktor müavini, milli və regional antidopinq agentlikləri ilə əlaqələr üzrə məsul şəxs Tom Meylə söhbət zamanı isə Azərbaycanda dopinqlə mübarizənin strateji inkişaf istiqamətləri, həmçinin qarşılıqlı ikitərəfli və çoxtərəfli münasibətlərin genişləndirilməsi perspektivləri müzakirə edilib. Antidopinq fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlıqda mühüm platformalardan sayılan WADA-nın Təsisçilər Şurasının və İcraiyyə Komitəsinin növbəti iclası noyabrda AMADA-nın təşkilatçılığı ilə Bakıda keçiriləcək.