Maksim Medvedev: “Sanki başqa bir dünyaya düşmüşdüm”
Ötən sayımızda “Qarabağ”ın futbolçularının Ağdama səfər etdiyini xəbər vermişdik. İbrahim Şehiç, Elvin Yunuszadə, Maksim Medvedev, Qara Qarayev və Coşqun Diniyev əsgərlərlə görüşüb. Bundan başqa, klubun mətbuat katibi Nurlan İbrahimov da futbolçularla birgə Ağdama yollanıb. Onu da qeyd edək ki, futbolçularla əsgərlərin görüşü srağagün baş tutub.
Səfərin detallarını Nurlan İbrahimovdan öyrəndik: “Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı ilə danışmışdıq. Belə bir təşəbbüsümüz oldu. Sağ olsun, Vaqif müəllim səfərin gerçəkləşməsi yönündə nə lazım idisə, etdi. Əslində bunu publika üçün etməmişdik. Əsas məqsədimiz təmas xəttində olan əsgərlərimizi ziyarət etmək idi. Korpus komandiri, general-mayor Hikmət Həsənov bizi xüsusi şəkildə qarşıladı, maraqlandı, futbolçuların hər biri ilə söhbət etdi. Qarşılanma, yanaşma çox xoş təsir bağışladı. Korpus komandiri ilə görüşdən sonra təmas xəttinə getdik. Orda futbolçularımız əsgərlərlə futbol oynadı. Eyni zamanda düşmən mövqelərini izlədik, ərazidə nələrin baş verdiyi ilə bağlı məlumat aldıq. Bu səfər bizdə olduqca xoş təəssürat yaratdı. Həmçinin futbolçular müsbət enerji aldılar. Düzü, Ağdam camaatı ilə görüşmədik. Ora getməkdə məqsədimiz cəbhə bölgəsinə baş çəkmək idi. Birbaşa korpusa, ordan da təmas xəttinə yollandıq. Futbolçular əsgərlərin həyat tərzi ilə tanış oldu. Məlum olduğu kimi, aprel döyüşlərindən sonra ölkədə orduya, bu cür məsələlərə həssas yanaşılır. İbrahim Şehiç də getməkdə maraqlı oldu. O da bildirdi ki, aşağı-yuxarı taleyimiz eynidi. Bizim də Serbiya ilə münasibətlərimiz yaxşı deyil, vaxtilə onların hücumlarına məruz qalmışıq, bundan çox əziyyət çəkmişik. Şehiçin atası da həmin müharibədə şəhid olub. Ona görə də bu səfərin onun üçün də xoş təəssürat yaratdığını qeyd etdi. Fikir verdizsə, ora gedənlər yığma üzvləri idi. Bütün futbolçularımız bizim üçün eynidi, dəyərlidi. Sadəcə, ora “xala xətrin qalmasın” düşüncəsi ilə getməmişdik. Diqqət yetirdizsə, mümkün qədər səfərin çox geniş şəkildə işıqlandırılmasını da istəmirdik. Yalnız sonradan bu haqda xəbər yayıldı. Dediyim kimi, məqsədimiz həmin bölgəyə baş çəkmək idi. Futbolçular bu fikirdə idi ki, yenə də səfər təşkil olunsa, yenə gedərik. Əslində çoxdan belə bir addım planlaşdırılırdı. Ancaq imkan olmurdu. Nəhayət, bu dəfə reallaşdırdıq”.
Hərbçilərlə görüşlə bağlı Maksim Medvedevin təəssüratı belə oldu: “İlk olaraq səfərin məndə belə təəssürat yaradacağını gözləmirdim. Olduqca xoş təsir bağışladı. Sanki başqa bir dünyaya düşmüşdüm. Əslində bizim onlara suallarımız daha çox idi. Ancaq onlar da suallar verirdilər. Onları özümə doğma hiss edirdim. Elə bil komanda yoldaşlarım idi. Görüşümüz yüksək səviyyədə keçdi, onlardan ayrılmaq istəmirdim. Bu görüş beynimdə yaxşı izlər buraxdı. Onların işi daha ağırdı. Belə deyim, səhv etməyə ixtiyarları yoxdu. Bu baxımdan çox ciddi və məsuliyyətli işlə məşğuldular. Yenə də ora getməyi, əsgərlərlə görüşməyi və o həyacanı bir daha yaşamağı istəyərdim”.
FARİZ