Qadın voleybolçulardan ibarət yığmamız Qızıl Avropa Liqasının son hazırlıqlarına start verib. Sloveniyanın Maribor şəhərində toplanış keçən millimiz son məşqləri rəqibləri qəbul edəcəyi Dərnəgül Voleybol Mərkəzində keçir. Baş məşqçi Faiq Qarayev hələ ki yekun “14-lüy”ü açıqlamayıb. Ancaq “18-lik” bəllidi: 1. Ceyran İmanova, 2. Yana Əzimova, 3. Leysan Lyovkina, 4. Mariya Kirilyuk, 5. Odina Bayramova, 6. Ayşən Abduləzimova, 7. Alyona Həsənova, 8. Yelizaveta Səmədova, 10. Nelli Salbişvili, 11. Yekaterina Jidkova, 14. Kristina Yaqubova, 15. Aynur İmanova, 16. Yuliya Kərimova (l), 18. Şəfaqət Alışanova, 19. Bəyaz Əliyeva, 20. Marqarita Əzizova, 21. Kseniya Pavlenko, 22. Leyla Parşkova.
Bunlardan dördü ixtisara düşəcək. Göründüyü kimi, mütəxəssis bu yarışda Polina Rəhimova, Natalya Məmmədova, Anastasiya Qurbanova, Yana Kulan, Valeriya Məmmədova kimi təcrübəli simalara ehtiyac duymayıb.
Daha öncə qrupda qarşılaşacağımız ilk rəqibin – Ukraynanın “14-lüy”ünü diqqətinizə çatdırmışdıq. Sabah Bakıda yığmamızla qarşılaşacaq komandanın baş məşqçisi Qari Yeqiazarov heyət seçimi ilə bağlı bunları deyib: “Qızıl Avropa Liqasında İvano-Frankovskdakı turnirdə çıxış etdiyimiz heyətlə oynayacağıq. Yalnız Nadejda Kodolo komandaya qoşulacaq. Ona bir neçə gün istirahət verdiyimiz üçün yoxlama matçlarında sınamadıq. Təəssüf ki, bir neçə oyunçu zədəsinin müalicəsi ilə məşğuldu. Bu üzdən də onlara yayda keçiriləcək Avropa çempionatının seçmə mərhələsində güvənəcəm. İnna Molodtsova isə yəqin ki, bir daha yığmamızda çıxış etməyəcək”.
Bakıda doğulan erməni əsilli mütəxəssis qrupdakı rəqibləri də dəyərləndirib və millimizlə bağlı düşüncələrini səsləndirib: “Qızıl Avropa Liqasının startına az vaxt qalıb. Bütün komandalar eyni durumdadı. Çalışacağıq ki, vaxtdan qrupdakı rəqiblərlə müqayisədə daha səmərəli istifadə edək. Azərbaycan millisi son günlərdə Slovakiya (3:0) və Avstriya (4:1) ilə yoxlama oyunları keçirib. Amma bir neçə lider, xüsusilə də Natalya Məmmədova heyətdə olmayıb. Lakin bu heç nə demək deyil. Çünki mayın 19-da ilk oyunumuzu keçirəndə həmin voleybolçular da peyda ola bilər”.
Qeyd edək ki, Azərbaycan – Ukrayna görüşü sabah 18.00-dan etibarən “İdman Azərbaycan” vasitəsilə yayınlanacaq.