Rizvan Rəsulov: “Bilərəkdən dopinq qəbul edən idmançının arxasında dayanmayacağıq”
Gənc ağır atletlərimizdən İsa Rüstəmovun dopinqli çıxdığını xəbər vermişdik. 19 yaşlı atlet 4 illiyə bütün yarışlardan kənarda qalıb. Ötən il İslamiadada Anastasiya İbrahimova, bu il isə Rövşən Fətullayevin yasaq preparatdan istifadə etdiyi məlum olmuşdu. Göründüyü kimi, Ağır Atletika Federasiyasının (AAAF) hazırkı rəhbərliyi dönəmində də idmançılarımızın dopinqə düşməsi hallarının qarşısı kəsilmir. Halbuki indiki rəhbərlik əsas vəzifənin dopinqlə mübarizə olduğunu dəfələrlə dilə gətirib. Bəs görəsən, belə neqativ halların niyə kökü kəsilmir? Problem nədədi?
AAAF-ın baş katibi Rizvan Rəsulovu dinləyək: “Əvvəlcə mən sizə bir sual verim. Cinayətkarlığın qarşısını almaq olur? Yox. Ancaq profilaktik tədbirlər görülür. Federasiya dopinqlə mübarizə aparır. Bu il 50-yə yaxın atletimiz dopinq-testdən keçib. İdmançı səhlənkarlıq edirsə, cəzasını almalıdı. İsadan ötən il sentyabrın 27-də test götürülüb. Dopinq atan federasiyamızın düşmənidi. Kimlərsə səhlənkarlıq edirsə və ya hansısa məqsədlə dopinq qəbul edirsə, gec-tez bu üzə çıxır və sıralarımızdan kənarlaşdırılır. Bir var federasiya buna şərait yaradır, bir də var idmançı öz təşəbbüsüylə bunu edir. Belə neqativ halların aşkarlanıb üzə çıxarılması AAAF-ın qələbəsidi. Beynəlxalq Ağır Atletika Federasiyasının (İWF) İcraiyyə Komitəsinin oktyabrın 20-dən qüvvəyə minən qərarına əsasən, 2018-də 9 və daha çox dopinqli idmançımız aşkarlansa, lisenziyamız əlimizdən alına bilər. Ancaq daxili anti-dopinq təşkilatlarının yoxlamaları istisnadı. İsanın dopinqli çıxmasını əldə bayraq edib, AAAF-ı “vurmağa” çalışanlar var. Federasiya 2,5 ildi dopinqlə mübarizə aparır. Cinayətkar varsa, onu yaxalayan da var. Biz tədricən bu neqativ halları minimuma endiririk. Biz insanların psixologiyasından bunu çıxarmağa çalışırıq. Ancaq kimlərsə vəziyyətdən sui-istifadə edirsə, buna federasiya məsuliyyət daşımır. Yığmanın daxilində olan atletlər ciddi nəzarət altındadı. Amma yenə də kiminsə “özfəaliyyəti” istisna olunmur. Əlbəttə, heç bir idmançı dopinq qəbul etdiyini boynuna almır. Bilərəkdən yasaq preparat qəbul edən idmançının arxasında dayanmayacağıq. Hər idmançı özünü qorumalıdı. Federasiyanın həkimi var. Qida və vitaminlə təminat ən yüksək səviyyədə həll olunub. Sabah idmançı bu şəraitdə uğurlu çıxış edəcəyini düşünməyəcəksə, bu onun problemidi. Biz onun üçün bütün münbit şəraiti yaradırıq. Düzgün qidalanma, nizam-intizam və s. Anastasiyanın məsələsi İWF-də araşdırılır. Nə vaxt qərar verilsə, həmin cəza testin götürüldüyü gündən hesablanacaq. Rövşənlə bağlı isə AMADA tərəfindən iş aparılır. Yəqin ki, onunla bağlı da nə vaxtsa qərar veriləcək. Bizim dopinqlə mübarizə aparmamağımız ayıb olar. Birmənalı şəkildə dopinqə qarşıyıq. Bir məqamı da nəzərinizə çatdırım. İyunun 10-da Boyanka Kostovanın cəza müddəti bitəcək. Həmin tarixdən yığmaya qoşula bilər. Onu yenidən milliyə cəlb etməyi düşünürük”.
SƏRXAN