Bir neçə gün öncə, konkretləşdirsək, mayın 15-də ilahiyyatçı Hacı Şahin Həsənli futbolçularla bir araya gəlib. Görüşdə Ruslan Abışov, Şəhriyar Rəhimov, Elxan Cəbrayılov, Eşqin Quliyev, Hüseyn Axundov, Bəxtiyar Soltanov, Şəhriyar Əliyev, Anar Həsənov, Pərvin Paşayev və Emin Mahmudov iştirak edib. Maraqlı söhbət və müzakirələr şəraitində keçən görüşün sonunda Abışov ilahiyyatçıya futbol formasını hədiyyə edib. Hacı Şahin isə öz növbəsində futbolçulara dərin təşəkkürünü bildirərək, onlara uğurlar arzulayıb.
Həmin görüş haqda Şəhriyar Rəhimov bunları dedi: “Bu görüşün baş tutmasında qeyri-adi səbəb yox idi. Sadəcə, bizə yaxın bir insan var, onunla Hacı Şahinin münasibətləri yaxşıdı. Xahiş etdik ki, Ramazanla bağlı suallarımız olacaq. Xüsusi bir şey olmadı, səmimi söhbətləşdik. Hansısa qeyri-adi səbəbdən və ya hər hansı problemi həll etmək üçün bir araya gəlməmişdik. Açığı, ilk dəfə Hacı Şahinlə görüşürdüm. Bildiyiniz kimi, Ruslan Abışov da ona forma bağışladı”.
Qeyd edək ki, Hacı Şahin futbolla maraqlanır. Hətta bir müddət öncə qəzetimizə müsahibə də vermişdi.
FARİZ