Sizin reklam burada

“Xəzər” inanılmazı gerçəkləşdirsə də...

Baxış Sayı:1 190

“Xəzər” inanılmazı gerçəkləşdirsə də...
Divizion formal turnir statusuna sadiq qaldı
Düz bir həftə əvvəl birinci divizionda mövsümə yekun vuruldu. İlk dəfə yeni reqlamentlə keçirilən, üç dövrədən ibarət çempionatın qalibi “Xəzər” oldu. “Qaradağ Lökbatan” gümüş, “Şüvəlan” bürünc medala yiyələndi. Premyer-liqadan sonra ikinci və yeganə peşəkar liqa olan divizion heç cür statusunu doğrultmur, ciddi yarış səviyyəsinə yüksəlmir. Əksinə, ildən-ilə bu çempionata maraq azalır, formal turnir sayılır.
Lənətlənmiş qaliblər
Səbəb bəllidi: son 4 mövsümdə birinci divizionun qaliblərindən heç biri premyer-liqaya buraxılmayıb. Sonuncu dəfə 2013/14 mövsümündə 1-ci olan “Araz Naxçıvan” elitaya gəlib, onun da aqibəti bəllidi. 2014/15 və 2015/16-da, yəni ardıcıl iki il “Neftçala” çempion olsa da, lisenziya ala bilmədi. Ötən mövsüm “Turan Tovuz” qalib olduqdan sonra çox çalışdı, Tovuzdan olan millət vəkili Qənirə Paşayeva səviyəsində sponsor axtarıldı, ancaq çiynini köklü klubun yükünün altına verən olmadı. O ki qaldı son çempion “Xəzər”ə, çoxları debütantın daha güclü maddi-texniki bazasının olduğunu, bu səbəbdən lisenziya almağın çətin olmayacağını düşünürdü. Ancaq Qubaya köçməyə hazır olduğunu elan edən paytaxt təmsilçisi bank təminatı ala bilmədi və nəticədə çempionatı 5-ci yerdə başa vuran, AFFA-nın tələblərinə cavab verən “Sabah” elitaya vəsiqə əldə etdi. Beləliklə, divizionun qalibinin premyer-liqaya adlaya bilməməsi ilə bağlı xoşagəlməz ənənənin ömrü daha bir il uzandı.
Debütant olasan, bu fərasətdə?!
Geridə qalan mövsümdə 1-ci yeri debütant komandanın tutması xüsusi qeyd olunmalıdı. Ümumiyyətlə, “gün debütantların üzünə doğru” desək, yanılmarıq. Düzdü, “Binə” də ilk dəfə aşağı dəstədə çıxış etdi və çempionatı 7-ci yerdə bitirdi. O cümlədən “Şüvəlan” adı da yenidi. Ancaq Aqil Nəbiyevin çalışdırdığı komandanın AZAL-ın varisi olduğu sirr deyil. Elə o biri qəsəbə təmsilçisi də əvvəllər həvəskarlar arasında və digər yarışlarda çıxış edib. “Xəzər” və “Sabah” isə ilk addımlarını atırdı: biri divizionun qalibi oldu, digəri premyer-liqaya vəsiqə qazandı.
“Şüvəlan”dan danışırıqsa, AZAL-ın xələfi ümidləri o qədər də doğrultmadı. Düzdü, komanda mövsümü bürünc medalçı kimi başa vurdu. Ancaq bazasına və şəraitinə görə çempionatın 2-3 klubundan biri olduğunu, üstəlik, elita təcrübəsini nəzərə alsaq, belə çıxışı uğurlu saymaq olmaz. Heyətləri də müqayisə etsək, “Şüvəlan”da oynayan futbolçuların əksəriyyətinin premyer-liqa təcrübəsinə malik olduğunu görərik. “Şüvəlan” çempionatın gedişində normal çıxış etsə də, sanki finişə doğru “əyləci basdı”. Bəlkə də birillik fasilədən sonra premyer-liqaya dönən komandada ciddi nəsə dəyişmədiyini anlayan rəhbərlik “yuxarıda sürünməkdənsə, aşağıda ayaqüstə yürüməyi” məqbul saydı və bu seçim futbolçuların motivasiyasına da təsirsiz ötüşmədi.
15 xallıq üstünlüyü əldən verən “Qaradağ Lökbatan”
Cari mövsümün sensasiyası qış fasiləsinə qədər qarşısıalınmaz olan “Qaradağ Lökbatan”ın liderliyi əldən verməsi oldu. Halbuki Həbib Ağayevin komandası ilk iki dövrədə məğlub olmamış, ən yaxın izləyicisindən 15 xal aralanmışdı. İlk 14 tur ərzində əsas iddialılar azı 5 yenilgi görsə də, lökbatanlılar məğlubedilməzlik sayəsində zirvədə özünü rahat hiss edirdi. Nəzərə alsaq ki, “Xəzər” 2-ci dövrənin sonunda “Qaradağ Lökbatan”dan 19 xal (!) geri qalırdı və mövsümü 4 xal fərqlə irəlidə bitirdi, Həbib Ağayevin komandasının 2018-dəki işinə fiaskodan başqa söz tapmaq olmur. MOİK iki dövrənin yekununda liderin ən yaxın izləyicisi idisə, sonda 4-cü yerlə kifayətləndi. Əvəzində “Şüvəlan” həm mövsümün ilk yarısında, həm də qış fasiləsindən sonra 3-cü yeri heç kimə vermədi.
Tutulmayan oğru oğru deyil?!
Sirr deyil ki, birinci divizionda oyun alğı-satqısı, qarşılaşmaların bukmeker kontorlarına qoyulması, nəticələrin əvvəlcədən razılaşdırılması dəbdə olan əməldi. Ötən mövsümün gedişində yaşananları, yəqin ki, unutmamasız. AFFA “açıq bazar”a çevrilən aşağı dəstədə oyun alğı-satqısının qarşısını almaq üçün radikal addımlar atmaqla yadda qaldı. İki klub - “Şərurspor” və “Rəvan” çempionatdan yarımçıq uzaqlaşdırıldı, onlarla futbolçu və texniki heyət işçisi müxtəlif müddətə futboldan kənarlaşdırıldı. Bu mövsüm açıq şəkildə cəzalanan olmasa da, “işbazlar”ın əlaltdan yenə meydan suladığı şübhə doğurmur. Yoxsa AFFA rəhbərliyi 8 turdan sonra yenidən bu məsələyə qayıtmaz, divizion klublarının baş məşqçilərini və kapitanlarını toplantıya dəvət etməzdi. Noyabrda AFFA-nın inzibati binasında birinci divizionda çıxış edən klubların baş məşqçiləri və kapitanları ilə görüş keçirildi. Qurumun baş katibi Elxan Məmmədovun, PFL prezidenti Ramin Musayevin, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqovun, UEFA-nın danışılmış oyunlarla bağlı komitəsinin yerli nümayəndəsi Kamran Cəbrayılovun iştirak etdiyi toplantıda əsas müzakirə mövzusu aşağı dəstədə oyun alğı-satqısı oldu. Divizionda çıxış edən klubların çalışdırıcılarına və kapitanlarına deyildi ki, cari mövsümdə də belə hal təkrarlanacağı təqdirdə günahkarlar barədə daha ciddi ölçü götürüləcək.
İş o yerə çatdı ki, Ramin Musayev növbəti mövsümdən divizion təmsilçilərinin sayını kəskin azaltmağı, “qumarbazlar”ın yerinə premyer-liqa təmsilçilərinin əvəzedicilərdən ibarət komandalarını yarışa qoşmağı təklif etdi. Hətta bundan sonra da elita klubları əvəzedicilərinin çirkli işlərə bulaşmış futbolçularla eyni liqada yarışmasını rəva görmədi və ideya həyata keçmədi.
MİRAĞA

Oxşar xəbərlər
SON XƏBƏRLƏR