“Sərbəstlər” AÇ-də beş medalla bitirdi
Makedoniyanın Skopye şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı davam edir. Artıq sərbəst güləşçilərinin mübarizəsinə yekun vurulub. Ötən sayımızda yarımfinalda büdrəyən Kənan Heybətovun (45 kq) bürünc medal uğrunda mübarizə aparacağını xəbər vermişdik. Həmyerlimiz ukraynalı Vladislav Abramova (4:2) qalib gəlməklə 3-cü yeri tutub. Əlihəsən Əmirli (48 kq) moldovalı Alin Kioriki (10:0) və erməni Knyaz İboyana (7:2) gücünü göstərsə də, yarımfinalda Rusiyanı təmsil edən erməni Daniel Zopunyanla bacarmayıb – 7:12. Əmirli alman Morits Langerə şans verməyərək (10:0) “bürünc”lə təsəlli tapıb. Əbülfəz Nəsirov (55 kq) israilli Natan Serebrinskini (13:0) rahat üstələsə də, gürcü Daviti Abdaladzeyə uduzub – 2:4. Təsəlliverici görüşlərdə türk Fərhat Kılıçla (6:2) belaruslu Anatoli Kramikanı (10:0) mübarizədən kənarlaşdıran güləşçimiz “bürünc” savaşında türk əsilli bolqar Ruhan Rasimə uduzub – 3:6. Turan Bayramov (65 kq) ukraynalı Sergey Qordiyenko (8:0), erməni Narek Arutunyan (3:1) və gürcü Luka Mariamidzeni (3:0) sıradan çıxararaq finala yüksəlib. Həlledici görüşdə rusiyalı Maqomed Abdulkadirovu rahat yenən (9:0) Bayramov Avropa çempionu olmaqla yanaşı, yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya qazanıb. Fuad Mayılov (80 kq) finaladək macar Milan Korçoq (8:0), Georgi Nebunişvili (6:5) və türk Süleyman Duru (tuşe) devirib. Pəhləvanımız son dueldə rusiyalı Axmedxan Tembotovla bacarmayıb (0:6) və “gümüş”lə kifayətlənib. İslam Abuyev (110 kq) yunan Dimitrios Tulkeridis (10:0), belarus Vladislav Xamitski (11:0) və bolqar Stoyan Yordanova (2:0) şans tanımayıb. Həlledici görüşdə rus Sergey Koziryova müqavimət göstərə bilməyən (0:10) Abuyev 2-ci yeri tutub. Beləliklə, “sərbəstlər” AÇ-ni 1 “qızıl”, 2 “gümüş” və 2 “bürünc”lə başa vurub.
Dünən qızların mübarizəsinə də start verilib. Ötən il 38 kq-da bütün rəqiblərinə vaxtından əvvəl qalib gələrək dünya çempionu olan Şahanə Nəzərova bu dəfə 43 kq-da çıxış edib. İstedadlı güləşçi bolqar İrena Binkova və fransız Justin Viquroxu 10:0 hesabıyla məğlub etdikdən sonra rus Luçana Bekbaulovanı (5:0) da üstələyərək adını finala yazdırıb və bu gün çempionluq görüşünə çıxacaq. Nəzərova həm də Olimpiadaya vəsiqə qazanıb. Sevinc Əhədova (49 kq) ispan Mariya Ramos Diasın işini 36 saniyəyə (10:0) bitirsə də, macar Roza Şenttamasiylə (4:4) görüşdə son xalı rəqibin alması üzündən məğlub olub. Elnurə Məmmədova (57 kq) rumın Şofiya Aqoston Palko “səddi”ni (7:0) rahat aşsa da, almaniyalı Anastasiya Blayvasa “ilişib” - 0:4. Nigar Mirzəzadə (65 kq) latış Elina Ziedina (2:2) və belaruslu Tatyana Malışitskaya (7:2) üzərində qələbəylə yarımfinala yüksəlib. Finalın biraddımlığında macar Noemi Şabadosa (0:4) uduzan Nigar bu gün 3-cü yer uğrunda güləşəcək.