Sərxan Hacıyev: "Bu müddətdə nəyinsə dəyişəcəyi inandırıcı deyil"
Son günlər ən çox müzakirə olunan məsələ "Kəpəz"in elitadan düşməsi, birinci divizondan "Sabah"ın premyer-liqaya vəsiqə qazanmasıdı. Əslində Gəncə təmsilçisi sonuncu yeri tutduğundan güclülər dəstəsini tərk etməsi reqlamentə uyğun idi. Ancaq elitaya aşağı dəstənin qalibi "Xəzər"in yox, 5-ci yeri tutan "Sabah"ın gəlməsi məsələni qəlizləşdirir. Burda bir məqam da var. "Xəzər" tələblərə cavab vermirsə, onu elitaya buraxmaq nə dərəcədə düzgündü? Sadəcə, hər şey açıqlansaydı, daha doğru olardı. Yəni bildirilərdi ki, filan komanda filan meyarlara cavab vermir. Maraqlıdı, apellyasiya şikayəti üçün nəzərdə tutulan vaxtda nəsə dəyişəcək? Bütün bunlarla bağlı Lisenziya Komissiyasının sədri Sərxan Hacıyevlə danışdıq: "Biz məxfiliyi pozub, klubun hansı tələblərə cavab vermədiyini açıqlaya bilmirik. Bu gün tənqidi fikirlər var, həm AFFA-ya, həm də Lisenziyalaşdırma Qrupuna qarşı. Ancaq klubdan öyrənə bilərsiz ki, hansı səbəblərə görə lisenziya verilməyib. Mayın 12-də iclasımız oıdu, ora hər bir klubun nümayəndəsi dəvət edilmişdi. Düzdü, həmin toplantıya gəlmək mütləq deyildi. Lakin əksər klubların nümayəndələri təşrif buyurmuşdu. "Xəzər"dən gəlməmişdilər. Bununla belə, biz protokolu göndərdik, hansı tələblərin yerinə yetirilmədiyini bildirdik. Sadəcə, məxfilik sənədi var, onu imzalamışıq, bu üzdən klubla bağlı məlumatı yaya, mətbuata açıqlaya bilmərik. Lakin klub özü deyə bilər. Apellyasiya şikayəti üçün 8 gün vaxt qalır. Lisenziyalaşdırma Komissiyası təqdim olunan sənədə əsasən qərar verib. B meyarı olmayanda nəyəsə ümid etmək olar. Lakin A meyarı yoxdusa, lisenziya verilə bilməz. Şəxsi fikrimi soruşursuzsa, şikayət müddətində nəyinsə dəyişəcəyi inandırıcı deyil. Çünki sənəd olmayıb deyə lisenziya verilməyib. Apellyasiya Komissiyası isə bütün sənədləri yoxlayıb, qərar verə bilər. "Sabah" bütün sənədləri verdi. Özü də vaxtında bunu etdi. Lisenziya ilə bağlı ilk iclas bütün klublarla oktyabrda keçirilir. Hər şeylə maraqlanırdılar. Necə yanaşmasından hiss edirsən. Biz də onların münasibətini görürdük. Bütün sənədlərə həvəslə yanaşırdılar. "Sabah" tam şəkildə bütün sənədləri gətirmişdi".
FARİZ