Əliyar Ağayev mərkəzi oyunu qüsursuz idarə etdi
Topaz premyer-liqasının 27-ci turu baş hakim debütü ilə yadda qaldı. “Keşlə” – “Qarabağ” matçını idarə edən Rəşad Əhmədov yüksək dəstədə ilk matçını keçirdi. Beləliklə, o, cari mövsümdə premyer-liqa oyununu idarə edən 11-ci referi oldu. Əvvəlki 26 turun matçları 10 hakimə həvalə olunmuşdu. Əhmədov ölkə çempionatları tarixinə 96-cı baş hakim kimi düşdü. Belə ki, 1992-ci ildən keçirilən yarışda Rəşada qədər 95 referi ədaləti qorumuşdu.
RƏŞAD ƏHMƏDOV, Keşlə - Qarabağ
Sözsüz ki, əsas diqqətlər Rəşad Əhmədovun idarəçiliyinə yönəlmişdi. Təsadüfi deyil ki, hakim-inspektor funksiyasını komitə sədri Xaqani Məmmədov özü icra edirdi. Startda bir qədər həyəcanlı görünürdü və ilk 2-3 dəqiqə ərzində bir neçə dəfə fitini səsləndirdi. Bununla nəzarəti əldən buraxmamağa çalışdı. Ancaq tədricən özünəinamı yerinə gəldi və “üstünlük” prinsipinə, sərt oyuna şərait yaratmağa başladı. Jestləri və metodik yanaşması yerində idi. Futbolçular ona hörmət edirdi. Ən kritik qərarı isə 40-cı dəqiqəyə təsadüf etdi. Andre Klennon rəqibin cərimə meydançasında özünü yerə atdı ki, mövqeyi ideal olan hakim futbolçunun simulyasiyasına aldanmadı və onu sarı vərəqə ilə cəzalandırdı. Yan xətt hakimlərindən Namiq Hüseynov Rəşada daha çox kömək etdi. Təcrübəli Mehman Mahmudov isə axsayırdı. Dizinə sarğı dolamaqla meydana çıxan laysmanın qaçarkən axsadığı aşkar hiss olunurdu.
RAMİL DİNİYEV, Zirə - Kəpəz
Çox güman, təcrübəli referi Zirədəki oyunun onun üçün bu qədər çətin keçəcəyini düşünməmişdi. Bəlkə də Diniyev bu mövsüm ən ağır oyunlarından birini idarə etdi. O, bir neçə dəfə kritik qərarlar vermək məcburiyyətində qaldı. Xüsusilə də ilk hissədəki qərarlarını vurğulamaq lazım gəlir. Milan Duriçə göstərilən qırmızı vərəqə epizodu düz Ramilin gözünün qarşısında baş verdi. Bu səbəbdən qərarında yanılmadı. Ancaq “Kəpəz”in penaltisi ilə bağlı birmənalı fikir bildirmək çətindi. Hətta PFL-in kameraları da vəziyyəti düzgün təsvir etmir. Hakim topun Adil Nağıyevin əlinə dəydiyini göstərsə də, futbolçu bunun əksini iddia edirdi. İkinci yarıda “Kəpəz”in lehinə daha bir penalti vermək olardı. Adil Nağıyev Roman Hüseynovu yerə sərsə də, hakim ikinci penaltini təyin etməyə özündə cəsarət tapmadı. Kamran Abdullazadəyə göstərilən ikinci sarı vərəqə də haqlı idi. Bununla belə, Diniyevin oyun ərzində verdiyi və vermədiyi vərəqələrin bəziləri ilə bağlı mübahisə etmək olar.
RAUF CABBAROV, Neftçi – Səbail
“Dalğa Arena”dakı matçda mübahisəli epizodlar oldu. Qarşılaşma gərgin keçdiyindən hakimlərin də işi az olmadı. Bu üzdən idarəçiliyi ideal adlandırmaq olmaz. Ən mübahisəli anlardan biri 42-ci dəqiqədə yaşandı. Top "Neftçi"nin futbolçusundan çıxsa da, laysman əks tərəfə aut olduğuna işarə etdi. Halbuki yan xətt hakimi yanlış qərar vermişdi. Bundan əsəbləşən Samir Əliyev laysmana barmaq silkələyib, kobud ifadələrlə, sərt şəkildə etiraz etdi. Cabbarovun xəbərdarlığına rəğmən, narazılığını davam etdirincə, referi onu tribunaya göndərdi. Yeri gəlmişkən, həmin epizodda Eltun Yaqublu da etiraza görə "sarı" aldı. Özü də hakim onu vərəqə göstərmək üçün yanına çağırsa da, "Səbail"in kapitanı məhəl qoymadı. O ədalət təmsilçisinin özünün yaxına gəlməsini istədi. Nəhayət, Cabbarov futbolçuya yaxınlaşıb "sarı"nı göstərdi. Lakin həm Əliyevin qovulması, həm də Eltunun “sarı” alması məhz həmin səhv autdan sonra baş verdi. Oyunun gedişində "Səbail" azarkeşləri bir neçə dəfə hakimə etiraz şüarları səsləndirdi. 83-cü dəqiqədə isə Səlahət Ağayev cərimə meydançasında Faruk Miyaya qarşı kobud oynadı. Hakim penalti qərarında haqlı idi. Lakin qapıçıya sarı vərəqə də göstərmək olardı. Nədənsə Cabbarov əlini cibinə atmadı.
ƏLİYAR AĞAYEV, Sumqayıt – Qəbələ
Turun mərkəzi qarşılaşmasına təyinat alan FİFA referisinin idarəçiliyini yüksək qiymətləndirmək olar. Hər halda, Əliyar oyunun nəticəsinə təsir edən hansısa səhvə yol verməməklə yanaşı, tempə xələl gətirəcək addımlardan da çəkindi. O, mümkün qədər vərəqə göstərməməyə çalışır, ikili mübarizələr zamanı sərtliyə imkan verirdi. Təsadüfi deyil ki, Əliyar cəmi 2 dəfə əlini cibinə atdı və hər ikisində meydan sahiblərinə xəbərdarlıq etdi.
MİRAĞA